Ədalət tərəzisi sınmış dünya- Birinci yazı -AYSEL OĞUZ YAZIR
27 Avqust 2020 10:20 SosialAYSEL OĞUZ
Birinci yazı
Hərdən bu dünyanın "ədalət"inə hayqırmağım, üsyan etməyim gəlir...Niyə?
Bu dünyanın ədalətsiz olduğunu əslində uşaq yaşlarından anlamağa başlamışdım. Sizə təəccüblü gəlməsin o zəmanəyə gəlib çatmışıq ki, ədalətsizliyi artıq körpə uşaq belə anlaya bilir.
Mənim ilk dəfə ədalətsizliklə "tanışlığım" məktəb illərinə təsadüf edir. İlk üzləşdiyim haqsızlıq valideynimin sinif rəhbərimə "şirinlik" vermədiyimə görə, riyaziyyatdan "4" əvəzinə "3" yazması oldu.Təbii ki, haqsız. "5" qiymətini alan rus dilində (rus dilində təhsil almışam) heç normal danışa bilməyən digər sinif yoldaşlarım oldu.Onlarlardan biri mənim rəfiqəm idi.Düzdür, o sinif rəhbəri tərəfindən həmişə haqsız öyünəndə, diqqət göstəriləndə, içimdə hər zaman əsəb keçirirdim. Bu haqsızlığı etdiyinə görə sinif rəhbərimə qəzəblənirdim, amma etiraf edim ki, bəzən də elə öz valideynimə ürəyimdə əsəbləşirdim ki, sırf o "şirinlik" vermədiyinə görə, bu cür haqsızlıqlarla başbaşa qalırdım. Rəfiqəmə gəlincə isə, ona heç vaxt əsəbləşmirdim, uşaq həsədi belə aparmırdım. Münasibətim hər zaman səmimi və yaxşı idi, çünki evdə məni mədəniyyətə, mədəni olmağa öyrətmişdilər... Hər gün mədəni, səmimi, dürüst olmağın üstünlüyündən öyüd- nəsihət verirdilər. Amma təəssüf ki, mən o keyfiyyətləri sinif yoldaşlarımın bəzisində, hətta az qala valideynlərimizin təqdim etdiyi kimi o "müqəddəs müəllim" obrazını ilk sinif rəhbərimdə görə bilmədim...
O qədər mədəni idim ki, üzərimə növbəti haqsızlığın bulaşdığını görüncə etiraz edə bilmirdim, çünki dərk edirdim ki, etiraz etsəm o haqsız "3","2"yə çevriləcək...Sanki anlayırdım ki, etiraz etsəm, onsuz da məni gözügötürməyən müəllimin gözündə sonadək düşmən olacam, uşaqların isə gözündə isə daima istehza obyektinə dönüşəcəm. Mən isə bunları yaşamaq istəmirdim.
Və beləliklə 4 il o məktəbə, o sinfə ayaq döydüm. Bu 4 ildə heç nə dəyişmədi. Valideynim təkidlə və haqlı olaraq nə "fond pulu"," nə "zibil pulu", nə "süpürgə pulu" , nə də ki "şirinlik pulu" vermədi. Beləliklə də mənim riyaziyyatdan aldığım o haqsız qiymət düzəlmədi. Qiymət cədvəlində o haqsız "3"-ü ört-basdır etmək üçün digər fənlərdən daha yaxşı oxumağa can atırdım. Heç də pis nəticə olmadı. Cədvəldə "5"-lər üstünluk təşkil elədi. Aldığım 2-3 "4"qiyməti isə məhz yenə də həmin sinif rəhbərimin tədris etdiyi fənlərdən oldu. Və təbii ki, bir də həmin o məşhur "3". O haqsız "3" məni bir ömür boyu təqib elədi və hələ də edir. O haqqsız "3" mənim riyaziyyata olan marağımı soyutdu. Nə qədər çalışsam da, nə qədər müəllim tutub riyaziyyatı öyrənməyə cəhd etsəm də alınmadı ki alınmadı.O haqsızlıq divarı mənim istəyimə üstün gəldi.
Sözümün canı var...Bilirsiz bu dünyada hər şey zəncirvari vəziyyətdə baş verir. Riyaziyyatdan soyumağım təbii ki, kimya, fizika kimi riyazi hesablamalar tələb edən fənlərdə mənə çətinlik yaratdı. Bəlkə də düşünəcəksiz ki, problem mənim o fənni qavramağımda idi. Xeyr problem bizim cəmiyyətdə idi. Məndən bəlkə də gözəl həkim ola bilərdi. Sırf o fənni sevmədiyim üçün 4-cü qrupa imtahan verməyə belə çəkindim.
Mən sadəcə öz həyatımdan kiçik bir misal çəkdim. Görün mənimtək nə qədər müxtəlif haqsızlıqlarla üzləşən şagird, tələbə var. Hətta müəllim var.
Yazdığım məsələ kiçik və önəmsiz gələ bilər sizlər üçün. Lakin həyatın hər üzü o xırda və önəmsiz kimi görünən psixoloji hadisələrdən başlanır. Odur ki, əziz valideynlər, uşaq tərbiyələndirərkən, onu mədəniliyə,gözütoxluğa, ədalətliyə öyrədin ki, o da öz növbəsində vaxtı yetişəndə hansısa bir şagirdini digər şagirdlərin qabağında məsxərəyə salmasın,şagirdindən rüşvət ala bilmədiyi üçün qiymətini aşağı salıb onu sevdiyi fənndən soyutmasın və ən əsası yaşa dolanda bu etdiklərinə görə nə vaxtsa vicdana gəlib peşmançılıq çəkməsin. Çünki peşmançılıq fayda verməz!
P.S. Daha sonralar bizə məlum oldu ki, bayaqdan adını çəkmək istəmədiyim sinif rəhbərimin həyatı bir şagirdə örnək olacaq ən axırıncı nümunə imiş.Atası qardaşı tərəfindən öldürülmüş və təbii ki, qardaşının həbsxana həyatı...Özünə gəlincə isə...Yəqin ki, başa düşdünüz...Rusların bir sözü olmasın "zato"özü o vaxtı şəhərin ən prestijli tədris ocaqlarından biri sayılan məktəbdə ibtidai sinif müəlliməsi kimi necə və nə cürsə işə götürülüb, çalışdırılırdı...
İndi isə özünüz analiz edin...