Əkbər Qoşalının hekayəsi nüfuzlu özbək nəşrində
26 Avqust 2020 13:43 SosialBeynəlxalq "Alaş" Ədəbi Mükafatı laureatı, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalının yeni hekayəsi Özbəkistanda çap olunub. Qardaş ölkənin istedadlı gənc yazarı Rəhmət Babacan tərəfindən özbəkcəyə uyğun¬laşdırılan hekayə "Mən ölürəm, İradə" adlanır. Hekayənin çap olunduğu "İnsan və qanun" qəzeti Özbəkistan Respublikası Ədliyyə Nazirliyinin orqanıdır, əsasən abunə yolu ilə yayılır və qardaş ölkənin nüfuzlu nəşrlərindən sayılır. "İnan və qanun"un baş redaktoru tanınmış yazıçı-dramaturq, publisist Qoşqar Norkobildir. Ə.Qoşalı bu qəzetdə çap olunan ilk yeni nəsil yazarımızdır. Yazar bundan öncə Özbəkistanın "Kitab dünyası", "Yaşlek", "Gün", "Termez Universiteti", və b. nəşrlərində də çıxış edib; şeirləri Azərbaycan şairlərinin özbəkcə gün üzü görən antologiyalarında yer alıb. Ə.Qoşalı Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin xətti ilə çıxmış "Özbək şeir çələngi"nin də redaktoru olub.