Mətbuatımızın YUNUS OĞUZU- Umud Mirzəyev YAZIR
6 İyul 2020 11:58 SosialYunus Oğuzun 60 yaşı tamam olur. Bu münasibətlə onu səmimi qəlbdən təbrik edirəm. Yunus Oğuz uzun illərin dostudur. Onu gənc yaşlarımdan, Milli Azadlıq Hərəkatı dövrlərindən tanıyıram. Yunus Oğuz hələ o zamanlardan qələmə sarılaraq müxtəlif pyeslər, hekayələr, məqalələr ərsəyə gətirən, müstəqilliyimizin həyat fəlsəfəsinə işıq salan yaradıcı insanlardan biridir. Azərbaycanın müstəqillik hərəkatı illərində maraqlı və yenilikçi yanaşmaları özündə əks etdirən yazıları, fikirləri ilə milli azadlıq mücadiləsində öz sözü və mövqeyi ilə seçilib. Müstəqilliyimizin ilk illərində milli ideologiya əsasında respublikaçı məfkurənin öyrənilməsində, tanınmasında, dünya praktikasının araşdırılmasında, demokratik ənənələrin tədqiqatında onun xüsusi xidmətləri olmuşdur. Azərbaycanın müasir dövr ictimai fikir tarixində öz sözü olan Yunis Oğuz ölkəmizin mətbuat tarixinin zəngin irsinin qorunmasında xidmətlər göstərən ziyalımızdır. O, yeni dövrün milli jurnalistika tariximizin ilklərindən olan "Olaylar" informasiya agentliyinin və eyni adlı qəzetin təsisçisidir. Son 20 ildə onunla iştirak etdiyimiz tədbirlərdə, müxtəlif ictimai müzakirələrdə münaibətlərimiz, səmimi dostluq əlaqələrimiz daha da möhkəmlənmişdir. Yunus Oğuz dosta və dostluğa hər zaman sadiq xarakteri ilə xüsusi hörmətə layiqdir. Onun "insan müdrikləşəndə daha etibarlı dost qazanır. Bu yaşında dost qazanmaq belədir ki, atları döngədə dəyişmirlər" fikri dərin mənəvi keyfiyyətlərdən və ciddi xarakterdən xəbər verir.
Yunus Oğuz Azərbaycan jurnalistikasında yeni dövr realist yanaşmaları ilə yanaşı, tarixi janrın araşdırılmasında, hadisələrə tarixi aspektdən baxdıqda müasir dövrümüz üçün baş verən olayların daha doğru və düzgün təhlili üçün zəngin məlumatlara malik bir neçə tarixi ədəbiyyatın müəllifidir. O, tarixi faktlara söykənən "Sultan Alp Arslan", "Çingiz xan", "Əmir Teymur", "Nadir şah" kimi maraqlı romanların müəllifidir. Bu romanların hər biri Azərbaycan tarixinin araşdırılmasında, ictimai-siyasi həyatın öyrənilməsində zəngin mənbədir.
Yunus Oğuz dürüstlüyü və ədalətli yanaşmaları, həyat mücadiləsində gələcək uğurların əldə edilməsində biliyə, etimad və məsuliyyətə, zəhmət və milli mənəvi dəyərlərə göstərdiyi diqqəti ilə gənclərimizə bir örnəkdir. Əminəm ki, 60 ilini geridə qoyan bu fikir adamı, söz adamının yaratdığı, ərsəyə gətirdiyi işlər milli məfkurəmizin öyrənilməsi baxımında gələcək nəsillərimiz üçün qiymətli bir səlnamədir.
Bu simvolik yaş dövründə, 60 ilini vicdanla və şərəflə geridə qoyan dostumuzu və yaxınlarını təbrik edir, BAMF ailəsi adından Yunus Oğuza, yeni-yeni uğurlar arzu edirik!
Umud Mirzəyev
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti