Karantin qaydalarına alternativlər... Elçin Hüseynbəyli yazır

Elçin Hüseynbəyli

Ölkədə sərt karantin rejimi bu gündən daha iki həftə uzadılır. Buna sözüm yox, hərçənd alternativ variantlar da mümkün idi. Amma mənə elə gəlir ki, Qərargahın qərarları vəziyyətə  adekvat deyil. Düzü, bu mötəbər qurumun monitorinq və müşahidələrinin nəyə əsaslandığını bilmirəm. Bu qərarlar daha çox məmur rəyinin nəticəsinə oxşayır. Yəqin ki, elə belədir də. Qərargahın üzvləri nazirlər və komitə sədrləridir. Onların öz işlərini qoyub virusla mübarizəyə operativ qatılacağını düşünmürəm. Mənə görə, bu quruma tanınmış həkimlər: virusoloqlar, infeksionistlər, psixoıoqlar, ictimaiyyət nümayəndələri cəlb olunmalıdırlar. Bu qeydləri edəndən sonra sosial şəbəkələrdə oxşar təkliflər irəli sürüldü. Deməli, bu cür düşünən təkcə mən deyiləm. Elə buradaca bir təklif: Yadınızdadırsa sovetlər vaxtı ictimai nəzarətçilər ("drujinniklər") vardı, onlar ictimai asayiin qorunmasında polisə kömək edirdilər. Heç uzağa getməyək, Azərbaycanda keçirilən beynəlxalq yarışlara könüllülər cəlb olunmuşdular. Onlardan da istifadə etmək olar: həm hökumətin qərarlarının icrasında polisə kömək edərlər, həm də köməksiz insanlara yardım göstərərlər.

Operativ qərargahın ən mübahisə doğuran qərarlarından biri metroyla bağlıdır. Metronun bağlanması barədə qərar, məncə, məqbul variant deyil. Bu, vəziyyəti nəinki yaxşılaşdırır, əksinə,  ağırlaşdırır. Çünki metro adamların ən çox istifadə etdiyi nəqliyyat vasitəsidir və nisbətən intizamlı məkandır. Burda maska taxmayan tək-tük adama rast gələrsən ki, bunun da qarşısını metro mühafizəsinin vasitəsilə almaq olar. Bir stansiyanın polis mühafizəçi-nəzarətçisi o biri stansiyaya qədər gedib vəziyyəti müşahidə edə,  yoxlaya bilər. Digər tərəfdən metronun bağlanması yerüstü nəqliyyatda sıxlıq yaradır. Bu, həm avtobus dayanacaqlarına aiddir, həm də avtobusun içinə. Avtobusların hamısı kondinsionerlə işləmir. Metro qatarlarında isə havalandırma sistemi və kondisionerlər var. Yayın istisində ən məqbul nəqliyyat vasitəsi hesab olunur.  Digər tərəfdən isə genişliyinə və sosial məsafə saxlamaq imkanlarına görə yenə də üstünlük metroya verilməlidir. Özü də metro xəttinə əlavə iki qatarın buraxıldığı da deyilir.

Mənə elə gəlir ki, daha çox yoluxmalar bazarda, apteklərdə, marketlərdə və məhəllələrdə olur. Bu məkanlara nəzarətin gücləndirilməsi vacibdir. Ötən karantin dövrlərində marketlərdə , məsələn, "Rahat" market şəbəkəsində giriş və çıxışda müştərilərə gigiyenik məhlullar rətklif edirdilərsə, indi bunlar yığışdırlıb və adamların böyük bir qismi maskadan istifadə etmir, sosial məsafə gözlənilmir.

Bunu apteklərə də şamil eləmək olar. Məlumdur ki, apteklərə çox vaxt xəstənin özü gedir və maskadan istifadə eləmir. Yoluxma daha çox bu məkanda ola bilər.

Ən problemli məsələ məhəllələrdir. Məlumdur ki, bizim xalq istiqanlı və ünsyyətcildir və onları evdə saxlamaq mümükün deyil. Yayın istisində isə insanlar çölə çıxmağa can atır və bu, başa düşünləndir. Maska taxmaq da çətindir. Amma çıxış yolu var: ya vətəndaşlarımız sosial məsafəni gözləməli, ya da adamların sıx oluğu söhbətxanalarda maskalardan istifadə etməlidirlər. Amma axşam gün batan kimi 5-6 adamın sığışa biləcəyi söhbətxanalarda bəzən 16-17 adam oturur və bunların əksəriyyəti qadın və uşaqlardır: çay içirlər, tum çırtlayırtlar, "çips" yeyirlər və s. Özü də hamısı ət-ətə, iç-içə oturublar. Onlarla polisin profilaktik danışığı mütəmadi olmalıdır. Daxili İşlər naziri Vilayət Eyvazov demiş, polislə vətəndaşlar arasında qarşılıqlkı etibar və etimad bu məslədə müsbət nəticə verər. Və yuxarıda dediyim kimi, bu mənada "drujinnik" məsələsi aktuallaşır.

Və sonda demək istəyirəm ki, sərt qaydaların tərəfdarıyam, ancaq mənə və mənim kimi düşünənlərə elə gəlir ki, insanlara sərbəstlik vermək lazımdır. Çünki evdə oturmaq həm adamları tənbəlləşdirir, həm də məsuliyyət hissini azaldır, cəmiyyətdə immunitet mühiti də formalaşa bilmir. Belə getsə, qarşıda vətəndaşlarımızı kasıbçılıq gözləyir. Kasıbçılıq isə müsbət sosial mühit vəd eləmir...

4-6 iyul, 2020

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31