Rektor hərbi xidmətə çağırılmış məzunlarla onlayn görüşü keçirdi

Rektor hərbi xidmətə çağırılmış məzunlarla onlayn görüşü keçirdi

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin BDU-nun hərbi xidmətə çağırılmış məzunları ilə onlayn görüşü keçirilib. Rektor məzunları təbrik edərək, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təmin edilməsində Azərbaycan Ordusunun müstəsna rolundan, qüdrətindən söz açıb.

Olaylar.az bildirir ki, E.Babayev 100 illik tarixə malik olan BDU-nun təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində ilk dünyəvi ali təhsil ocağı kimi dünya elminə, mədəniyyətinə, siyasətinə təsir göstərmək qüdrətinə malik tarixi şəxsiyyətlər yetişdirdiyini bildirib. Ümummilli Lider Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu böyük qürur hissi ilə xatırladıb.

BDU-nun Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli bildirib ki, məzunların universitetdə aldığı biliklər onlara həyatda layiqli yer tutmaq üçün yardımçı olacaq. Professor həmçinin ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışıb, Vətəni göz bəbəyi tək qorumağın müqəddəs vəzifə olduğunu vurğulayıb.

Sonra valideynlər adından çıxış edən, Hüquq fakültəsinin məzunu Xəyal Talıbzadənin atası Eldəniz Talıbzadə ordu sıralarına yola düşən gənclərə xoş arzularını çatdıraraq, bir valideyn kimi övladının hərbi xidmətə yollanmasından iftixar hissi keçirdiyini bildirib, məzun-əsgərlərə ölkəmizin ərazi bütövlüyünün qorunmasında müvəffəqiyyətlər arzu edib.

Onlayn görüşdə iştirak edən hərbi xidmətə çağırılmış məzunlar onlara göstərilən diqqət və qayğıya görə Universitet rəhbərliyinə minnətdarlıqlarını bildirərək ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hər zaman hazır olduqlarını söyləyiblər.

Sonda BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin solistləri Aslan Əzimzadə və Rəqsanə Əsədovanın ifasında "Zəfər marşı" musiqisi səsləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31