Bu mübarizədə Azərbaycanın yanındayıq - BMT
25 İyun 2020 17:35 SosialKoronavirus pandemiyası ilə mübarizədə biz Azərbaycanla tərəfdaş olaraq iştirak edirik və bu ölkənin yanındayıq.
Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Operativ Qərargahın bugünkü brifinqində deyib.
"Bu məsələdə Azərbaycanın müvafiq qurumları - TƏBİB, Heydər Əliyev Fondu, Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq mövcuddur. Əməkdaşlığın əsas məqsədi koronavirusla mübarizədə edilən texniki yardımdan Azərbaycanın da faydalanmasıdır. Biz çox konkret sahələrdə texniki yardımı təmin etmişik. Bu yardımlar ÜST vasitəsilə Azərbaycana çatdırılır", - o bildirib.
Q.İshaqzai qeyd edib ki, Azərbaycanda səlahiyyətli qurumlarla birgə riskli olan sahələrdə bilik və bacarıqların tətbiq edilməsi üçün təlimlər təşkil olunur:
"Bununla bərabər, müxtəlif kompaniyalara dəstək olmuşuq. "Təmiz əllər", eyni zamanda influserlləri cəlb edərək, insanlara məsuliyyətin aşılanmasına çalışmışıq. Həmçinin onlayn dərslərdə uşaqların iştirakına töhfələrimizi vermişik".
O əlavə edib ki, BMT TƏBİB və Səhiyyə Nazirliyini tibbi ləvazimatlarla təmin edib:
"Hazırda İqtisadiyyat Nazirliyi və Nazirlər Kabineti ilə müzakirələr aparırıq. Əsas mövzumuz sosial-iqtisadi vəziyyətin bərpası ilə bağlı Azərbaycana texniki yardımın göstərilməsidir".