Vətəndaşlar tərəfindən karantin qaydaları kütləvi şəkildə pozulur
25 İyun 2020 11:36 SosialSərtləşdirilmiş karantin tədbirlərinin tətbiqinin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır
Azərbaycan dövləti koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirir. Məhz bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub. Xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilmiş, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olmuş, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələmişdir. Bununla yanaşı, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlamış, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmamışdır. Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır.
Yeri gəlmişkən qeyd edək ki, ölkədə modul tipli xəstəxanaların qurulması koronavirusla mübarizə sahəsində effektli qabaqlayıcı tədbirlərin bariz nümunəsidir. Bdlə ki, istifadəyə verilən modul tipli xəstəxanalar 200 çarpayılıq, müasir texnologiyalar əsasında quraşdırılan xəstəxanalarıdr ki, bununla da virusa yoluxmuş xəstələrin effektli müalicəsini təşkil etmək mümkündür. Hazırda ikisi Bakıda, ikisi Sumqayıt və Gəncə şəhərlərində, biri isə Abşeron rayonunda olmaqla bu tipli 5 xəstəxana istifadəyə verilib. Yaxın həftələrdə digər şəhərlərdə də bu tipli xəstəxanalar istifadəyə veriləcək və onların sayı 10-a çatdırılacaq. Ümumilikdə isə ölkədə 700-dən artıq xəstəxanaların tikilmiş və ya yenidən qurulmuşdur. "Yeni klinika", Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik və Cərrahiyyə korpusları və digər tibb müəssisələri koronavirusa yoluxmuş vətəndaşların müalicəsində mühüm rol oynayırlar. Qətiyyətlə demək olar ki, həyata keçirilən qabaqlayıcı tədbirlər ölkəni böyük fəlakətdən qorudu. Hazırda Azərbaycanda yoluxanların sayı əhalinin ümumi sayı ilə müqayisədə çox aşağıdır. Üstəlik infeksiyaya yoluxanların böyük əksəriyyəti sağalıb və xəstəxanalardan çıxıb.
Lakin hökumət tərəfindən bütün lazımi tədbirlər həyata keçirilsə də insanların məsuluyyətsizliyi yenidən karantin rejiminin sərtləşdirilməsini labüd edir. Elə 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, son müddətin dinamikası göstərir ki, bizim bütün tələblərimizə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər: "Bu qaydalar haqqında artıq bəlkə min dəfə deyilib. Həm mən demişəm, həkimlər deyib, tibb mütəxəssisləri deyib, müxtəlif insanlar deyib. Təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir - maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq. Ancaq biz nəyi görürük? Onu görürük ki, yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulur və məhz buna görə biz yenidən məhdudlaşdırıcı tədbirləri tətbiq etdik. Çünki görürdük ki, xəstələnənlərin sayı, dinamikası artır və əgər belə gedərsə, bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz. Ona görə bu həftənin əvvəlindən Bakı şəhərində və bir neçə digər şəhərlərdə daha da sərt karantin rejimi tətbiq edilir. Bunun əsas və yeganə səbəbi odur ki, əfsuslar olsun, bəzi insanlar elementar qoruyucu qaydalara əməl etmirlər. Bu sərtləşdirilmiş rejim nə qədər davam edəcək, bunu həyat və koronavirusun yayılması göstərəcək".
Ölkə vətəndaşları birmənalı şəkildə qəbul etməlidirlər ki, sərtləşdirilmiş karantin tədbirlərin tətbiqinin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Son müddətin dinamikası göstərir ki, bütün tələblərə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər. Ən elementar müdafiə tədbirlərindən yararlanmaqda meyilli deyillər. İnsanlar bilməlidirlər ki, maska taxmaq, sosial məsafə saxlamaq və dezinfeksiya tədbirlərinə riayət etmək onların qorunması üçün vacib şərtdir. Mütəxəssilərin qənaətinə görə, əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq. Çox təəssüf ki, yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulur və məhz buna görə yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq olundu. Sərtləşdirilmiş rejimin müddəti isə həyat və koronavirusun yayılmasından asılıdır. Deməli, insanlar koronavirus təhlükəsinin yaşandığı müddətdə sərtləşdirilmiş karantin rejiminə riaəyt etməlidirlər ki, özlərini və yaxınlarını qoruya bilsinlər.
Alim
Olaylar.az