“Şərq filologiyası məsələləri” mövzusunda virtual elmi konfrans keçirilib
25 İyun 2020 10:19 SosialBakı Dövlət Universitetində (BDU) Şərqşünaslıq fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci il dönümünə həsr edilmiş "Şərq filologiyası məsələləri" mövzusunda gənc tədqiqatçıların virtual elmi konfransı keçirilib.
Olaylar.az bildirir ki, konfransı giriş sözü ilə açan universitetin rektoru Elçin Babayev Ümummili Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, müstəqilliyimizin qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən danışıb. Rektor həmçinin Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkədə əmin-amanlığın, siyasi sabitliyin yarandığını, ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüşün, Azərbaycanın dünya birliyinə inteqrasiyasının başlandığını bildirib. Ulu Öndər Heydər Əliyevin azad və müstəqil Azərbaycanın qüdrətli dövlətə çevirilməsi yolundakı xidmətlərinə diqqət çəkərək müdrik rəhbərin sayəsində qazanılmış müstəqilliyin davamlılığının təmin edilməsi, qorunub saxlanılmasında Prezident cənab İlham Əliyevin xidmətlərindən söz açıb.
Konfransın aktual mövzuya həsr olunduğunu bildirən rektor Şərqşünaslıq fakültəsinin professor-müəllim heyətinə təşəkkür edib, tədqiqatçılara uğurlar arzulayıb.
BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov Ulu Öndər Heydər Əliyevin tarixi siyasi xidmətləri sayəsində Azərbaycanın beynəlxalq aləmdə tanınması, respublikamızın xarici siyasətinin formalaşmasındakı əhəmiyyətli rolundan söz açıb.
Konfransın plenar iclasında Şərqşünaslıq fakültəsinin akademik heyəti, eləcə də magistrant və doktorantlarının elmi məruzələri maraqla qarşılanıb.
Plenar iclasda "Top və çövkən" lekseminin farsdilli klassik ədəbiyyatda təzahürü, İbri dilinin dirçəldilməsi prosesinin neologizmlərə təsiri, Urdu dili və meydana gəlməsi haqqında mülahizələr, Oğuz qrupu türk dillərində qoşmanın tədqiqi, Əbdi bəy Şirazi və onun "Leyli və Məcnun" əsəri, İ.Quanqsu və onun "Mərhəmətsiz" romanı, "Особенности деепричастия в японском языке" kimi mövzularda 60-a yaxın elmi məruzə dinlənilib.