İlham Əliyev: “Demokratik cəmiyyətin qurulması istiqamətində azad mətbuatın rolu danılmazdır”
24 İyun 2020 16:33 SosialSöz və mətbuat azadlığı hər bir xalqın taleyində mühüm amillərdən sayılıb. Demokratik cəmiyyətin formalaşmasında bu amilin oynadığı rol xüsusi əhəmiyyət kəsb edib. Məhz bu prinsipi əsas tutaraq ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətdə olduğu istər sovetlər dövründə, istərsə də müstəqillik illərində mətbuatın cəmiyyətin aynası funksiyasını yerinə yetirməsi üçün zəmin yaradılmasını vacib sayıb. Cəmiyyətin demokratik qanunlarla formalaşması həm də söz və mətbuat azadlığından asılıdır. Bu mənada jurnalistlərin əməyi dövlət, xalq və cəmiyyət üçbucağında çox önəmli sayılır. Söz və məlumat azadlığının təmin olunması sahəsində yürüdülən siyasət nəticəsində bu gün Azərbaycan KİV-in sayına görə MDB və Şərqi Avropa ölkələri arasında ön sıralardadır. 4500-dən artıq mətbuat orqanı Ədliyyə Nazirliyində, 50-dən çox informasiya agentliyi isə müvafiq dövlət orqanlarında qeydiyyatdan keçərək fəaliyyət göstərir.
Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda söz və məlumat azadlığının təmin olunması, demokratik mətbuatın formalaşması üçün geniş imkanlar yaranıb. KİV-in fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilib, beynəlxalq standartlara uyğunlaşdırılıb.
Ulu öndər Heydər Əliyev azad və müstəqil mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzalayıb. Ümummilli liderin 6 avqust 1998-ci il tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub.1999-cu ildə "Kütləvi İnformasiya Vasitələri haqqında" beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Bununla da milli mətbuatın inkişafı yolunda yeni perspektivlər açılıb. Bu siyasətin davamlılığını təmin etmək məqsədilə 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olunub. Dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edilib.
Müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, KİV-ə istər hökumət, istərsə də cəmiyyət tərəfindən ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Ölkənin artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına və onun aktual problemlərinin həllinə də şərait yaradır.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışlarının birində ölkəmizdə mətbuatın inkişafı istiqamətində mühüm addımların atıldığını vurğulyaraq bildirmişdi ki, demokratik cəmiyyətin qurulması istiqamətində azad mətbuatın rolu danılmazdır: "Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar təmin olunur, o cümlədən söz azadlığı və siz jurnalistlər bunu yaxşı bilirsiniz. Azərbaycanda minlərlə mətbuat orqanı var ki, qeydiyyatdan keçib sərbəst fəaliyyət göstərir. Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır.
Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür. Bu təşəbbüs bir neçə il bundan əvvəl irəli sürülmüşdü, jurnalistlər belə məsələ qaldırmışdılar, mən də buna müsbət reaksiya verdim və nəticə etibarilə artıq biz burada ikinci binanın açılışını qeyd edirik. Xatırlayıram, birinci binanın açılışında mən demişdim ki, yəqin gələcəkdə bu əraziyə "Jurnalistlər şəhərciyi" deyiləcək və bu, belə də oldu. Artıq bu gözəl yer "Jurnalistlər şəhərciyi"dir, burada üçüncü bina da tikiləcək. Əlbəttə ki, biz jurnalistlərin məişət problemlərinin həlli üçün gələcəkdə əlavə tədbirlər görəcəyik"."
Bu, bir faktdır ki, mətbuatda dövlətçilik maraqlarına hörmət prinsipi bütün şəxsi maraqlardan öndə dayanmalıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini beynəlxalq aləmdə geniş təbliğ etməyə, eyni zamanda, Azərbaycanla bağlı xaricdə yayılan informasiyaların dövlət maraqlarına xidmət etməsində medianı həmrəy olmağa səsləyib.
Prezident İlham Əliyev hər zaman azad mətbuatın inukişafı üçün daha əlverişli şəraitlərin yaradılacağını qeyd edir. Przidentin sözlərinə görə, məhz demokratik dəyərlərin qorunması və xalqla iqtidarın birliyi Azərbaycanı qlobal təhlükələrdən qoruyur : "O ki qaldı, jurnalistikanın gələcək inkişafı ilə bağlı məsələlərə, sizə deyə bilərəm ki, Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq. Jurnalistlər üçün bütün şərait yaradılıb. Bu gün Azərbaycan cəmiyyəti rahat şəraitdə, təhlükəsizlik, sabitlik şəraitində yaşayır. İndiki zəmanədə bu, özlüyündə bir nailiyyətdir və biz ölkəmizi bütün mümkün olan risklərdən qoruyuruq. Ölkəmizin daxilində demək olar ki, risk mənbələri yoxdur. Xaricdən özümüzü qorumaq üçün kifayət qədər ciddi siyasət aparılır, həm ideoloji sahədə, həm sərhədlərimizin qorunmasında və ümumiyyətlə. Biz həmişə çalışırıq və hesab edirəm buna nail olmuşuq ki, Azərbaycanı mümkün risklərdən qoruyaq, Azərbaycan xalqı rahat, sülh şəraitində yaşasın."
Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alsaq, bu missiyanın obyektivliyə, qərəzsizliyə söykənməsinin böyük zərurət olduğu aydın şəkildə dərk olunur. Ən əsası nəzərə alsaq ki, Azərbaycan müharibə şəraitindədir, bu gün mətbuatdan gözləntilərin nədən ibarət olduğu daha qabarıq şəkildə özünü büruzə verir.
İnformasiya mübarizəsində qələbə uğura yol açan əsas amillərdəndir. Yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini, Azərbaycan dövlətinin münaqişənin həlli ilə bağlı mövqeyini, erməni təbliğatının əsassızlığını faktlar əsasında dünya ictimaiyyətinə çatdırmalıyıq. Azərbaycanın uğurlarını qəbul etməyən, daha dəqiq desək, həzm etməkdə çətinlik çəkən dairələr daim ölkəmizə qarşı qaralama kampaniyası aparırlar. Azərbaycanın bəzi xarici dairələr tərəfindən qeyri-demokratik ölkə kimi təqdim olunması da aparılan bu qərəzli siyasətin əsas tərkib hissələrindəndir. Bu gün mətbuat belə qərəzli yanaşmalara tutarlı cavab olaraq Azərbaycanın ayrı-ayrı sahələrdə əldə etdiyi uğurları əsaslı şəkildə ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıdır. Bu gün əlimizdə internet kimi universal bir vasitə vardır. Bundan daha geniş şəkildə istifadə etməliyik.
Azərbaycan demokratik ölkədir. Ölkəmizin demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. Ölkəmizdə bütün azadlıqlar mövcuddur. Prezidentimiz İlham Əliyev mətbuatın qarşısında dayanan vəzifələrdən bəhs edərkən bu fikri xüsusi qeyd edir ki, müstəqilliklə bağlı mövzulara daha geniş yer verilməlidir. Azərbaycan gənc müstəqil dövlət olsa da öz maraqlarını müdafiə etməyə qadirdir, dünya miqyasında özünə layiqli yer tuta bilib. "Müstəqillik mövzusu daim gündəlikdə olmalıdır və tarixi paralellər aparılmalıdır. Buna da böyük ehtiyac vardır" söyləyən möhtərəm Prezidentimiz onu da bildirir ki, müstəqillik sadəcə dövlət atributları deyildir. Müstəqillik müstəqil həyatdır, müstəqil siyasətdir, dövlətin və milli maraqların qorunmasıdır. Tarixi paralellər aparıldıqda Azərbaycanın müstəqillik tarixində hansı çətinliklərlə üzləşdiyinin və onların necə dəf olunduğunun şahidi olarıq. Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi ilk illərlə bu günü müqayisə etdikdə müstəqilliyin saxlanılmasının, qorunmasının onun əldə edilməsindən nə qədər çətin olduğunu görürük. Bu gün Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirmiş, ikitərəfli və çoxtərəfli çərçivələrdə əlaqələri inkişaf etdirməklə dünya birliyinin layiqli üzvünə çevrilmişdir.
Təbii ki, hər bir mətbuat orqanı ictimaiyyətin gözləntilərini hansı səviyyədə yerinə yetirdikləri ətrafında daim düşünməli, özü qarşısında bir hesabat verməlidir. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlik olmalıdır. Bu üç amilin vəhdətliyi fonunda daha dolğun, ölkənin bu günü və gələcəyi üçün daha önəmli məsələlərin müzakirəsinə və həllinə xidmət edən yazılar ortaya çıxar. Amma çox təəssüflər olsun ki, bu prinsipləri fəaliyyətlərində arxa plana keçirən mətbuat orqanları da var. Dövlət başçısının bildirdiyi kimi, ölkə daxilində təbii ki, müxtəlif baxışlar, müxtəlif siyasi meyillər vardır. Burada müzakirələr təbiidir. Hər bir normal cəmiyyətdə bu, olmalıdır. Ancaq biz dövlət maraqlarımızı üstün tutmalı, dövlətçiliyimizin inkişafına öz töhfəmizi verməliyik. Bu baxımdan jurnalist peşəkarlığı, ən əsası onun vətənpərvərlik duyğuları əsasdır.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.