Məhkəmə-Hüquq Şurasının onlayn iclası keçirilib
24 İyun 2020 14:01 SosialMəhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. "Olaylar"ın məlumatına görə, xüsusi karantin şəraitində videokonfrans formatında keçirilən iclasda qlobal pandemiya şəraitində ədalət mühakiməsinin həyata keçirilməsi və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə Prezidentinin tapşırıqlarının icrası ilə bağlı tədbirlər müzakirə edilib. Çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov Ulu Öndər Heydər Əliyevin qurub yaratdığı müstəqil respublikamızın cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə davamlı və sabit inkişaf etdiyini, idarəetmənin təkmilləşdirildiyini, həyata keçirilən islahatların, o cümlədən hakimiyyətin bütün qollarında aparılan kadr dəyişikliklərinin müsbət nəticələrini qeyd edib. Dünyada tüğyan edən COVID-19 infeksiyasının qarşısının alınması ilə bağlı ölkəmizdə həyata keçirilən və dünyada nümunə göstərilən tədbirlərdən bəhs edilib, bu sosial bəla ilə mübarizədə fədakar əməyə görə respublika Prezidentinə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə edilib. Pandemiya şəraitində ölkəmizin beynəlxalq aləmin etibarlı üzvü kimi qlobal miqyasda müsbət fəaliyyəti, o cümlədən 29 ölkəyə humanitar yardım göstərməsi xüsusi vurğulanıb.
Bildirilib ki, qlobal pandemiya şəraitində ədalət mühakiməsinin həyata keçirilməsi məsələləri də diqqətdə saxlanılır, Ali Məhkəmə Plenumunun qərarına əsasən məhkəmələr tərəfindən sərt karantin rejimi dövründə təxirəsalınmaz, yaxud bilavasitə məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə baxılması təmin olunur. "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə məhkəmə proseslərinin video bağlantı şəklində keçirilməsi məqsədilə xüsusi proqram modulunun hazırlanması və bir sıra məhkəmələrdə qeyd edilən formatda işlərə baxılması məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinə əsaslı töhfə verib. Cinayət işlərinə də video bağlantı ilə baxılmasına dair qanun layihəsinin hazırda Milli Məclisin baxışında olduğu qeyd edilib. İclasda həmçinin, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) bu ayın 10-da keçirilmiş virtual plenar iclasında qəbul etdiyi pandemiya və ondan sonrakı dövrdə ədalət mühakiməsinin həyata keçirilməsi məsələlərinə dair Xartiyası diqqətə çatdırılıb. Bu sənəddə göstərilən bir çox məsələlərin, o cümlədən insanların məhkəməyə çatımlığının təmini, onlayn xidmətlərdən istifadə və s. kimi tövsiyələrin artıq tətbiqi edildiyi təqdir olunub.