Coca-Cola əməkdaşları və ASAN Könüllüləri aztəminatlı ailələrə ərzaq payladılar - #Birlikdəyik layihəsi
24 İyun 2020 11:29 SosialASAN Könüllüləri təşkilatı və Coca-Cola ölkədə koronavirus infeksiyasına qarşı aparılan mübarizəyə dəstək olmaqda davam edirlər. Olaylar.az bildirir ki, bu yaxınlarda yüzdən artıq ASAN Könüllüləri və Coca-Cola əməkdaşları aztəminatlı ailələlərə ərzaq yardımı təqdim etmişlər. Bu təşəbbüs nəticəsində 4000-dən artıq ailəyə yardım etmək nəzərdə tutulub. Yardım aksiyası Coca-Cola Fondunun maliyyələşdirdiyi "Birlikdəyik" sosial yardım layihəsi çərçivəsində həyata keçirilir.
Ərzaq yardımı aksiyasına Bakı şəhəri 4 saylı Bakı ASAN Xidmət Mərkəzində keçirilən tədbirlə start verildi. Layihə haqqında məlumat verən ASAN Könüllülər təşkilatının sədri Səbinə Cəfərova bildirib ki, müxtəlif sosial və ekoloji layihələr çərçivəsində əməkdaşlıq edən ASAN Könüllüləri və Coca-Cola şirkəti "Birlikdəyik" sosial yardım layihəsi ilə bir neçə istiqamətdə işlər görəcək. Karantin rejimində çalışan həkimlərə müvafiq tibbi ləvazimatlar təqdim edəcək və 4000-dən artıq aztəminatlı ailə ərzaq və şəxsi gigiyena ləvazimatları ilə təmin ediləcək. Bundan başqa layihədə COVİD-19 virusunun yayılmasının qarşısını almağa kömək məqsədilə əhali arasında müxtəlif sosial şəbəkələr vasitəsilə maarifləndirmə işi aparılacaq.
Tədbirdə könüllüləri salamlayan Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) İnsan Resursları və Təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev Coca-Cola Fondunun dəstəyi ilə təşkil edilən bu önəmli layihənin könüllülər tərəfindən icra edilməsini vurğuladı.
Coca-Cola şirkətinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Meneceri Elşad Fərzəliyev pandemiya ilə mübarizədə hamının həmrəy olmasının vacib olduğunu bildirib.
Tədbirdən sonra könüllülər ərzaq yardımlarını ünvanlara çatdırmaq üçün yola düşdülər. Ərzaq yardımı müraciətlər əsasında tərtib olunan siyahılar üzrə Bakı və bölgələrdə yaşayan ailələrə çatdırılacaq. Layihə sentyabr ayınadək davam edəcək.

