Pandemiya dövründə ödəniləcək məbləğin daha yüksək olması arzu ediləndir

Mayis Səfərli: "İnanıram ki, əlaqədar dövlət qurumları bunun da bir yolunu tapacaqlar"

Koronavirus pandemiyasının diktə etdiyi şərtlər altında yaşamaq heç də asan deyil. Sərt karantin rejimi və qapanmalar daha da çətindir. Lakin başqa çarəmiz yoxdur. Təhlükəli virusdan xilas olmağın bu gün üçün ən məqbul yolu hərəkətlərin məhdudlaşdırılması nəticəsində infeksiyanın qarşısında baryer yaratmaqdır". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərli bildirib ki, evdə qalmağın yol açdığı problemlərdən biri insanların üzləşdikləri maddi sıxıntılardır. Ölkəmizdə elə ailələr var ki, heç 1-2 günlük azuqə ehtiyatı yoxdur: "Pandemiyanın ilk günlərindən vətəndaşlarımızın sağlamlığının qorunmasında kəsərli addımlar atan, vəziyyəti nəzarətə götürməyi bacaran ölkə rəhbərliyi bu məsələlərlə də bağlı ciddi tədbirlər həyata keçirmişdir. Yadınızdadırsa, aprel-may aylarında 5 milyona yaxın insanı əhatə edən maddi dəstək proqramları icra edilmişdir. Yenidən sərt karantin rejiminin elan edildiyi gündən sosial şəbəkələrdə bəzi qüvvələr şaiyələr yayırdılar ki, guya yardım tədbirləri davam etməyəcəkdir, hərə öz başının çarəsini tapmalıdır və s. Şübhəsiz ki, bütün bunlar antiazərbaycan şəbəkəsinin təbliğatıdır və cəmiyyətdə narazılıq yaratmaq məqsədi güdür. Gerçəklik isə bundan ibarətdir ki, Azərbaycan dövləti öz vətəndaşlarına sosial dəstəyi dayandırmaq fikrində deyil. Əslində, dövlət öz varlığını belə ağır vəziyyətlərdə və ekstremal şəraitlərdə göstərməlidir, vətəndaşına sahib çıxmalı, ona arxa durmalıdır. Budur, iyunun 23-də prezident İlham Əliyevin göstərişinə uyğun olaraq, Nazirlər Kabineti ehtiyacı olan insanlarımıza sosial dəstəyin davamı olaraq yeni qərar qəbul edib. Həmin akta görə sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlar üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə yenə də eyni məbləğdə ödəmənin verilməsi həyata keçiriləcəkdir. Həmçinin, ünvanlı sosial yardımının müddəti bitmiş aztəminatlı ailələr, əlillik müddəti başa çatmış şəxslər və digər ehtiyacı olan adamlar dövlət yardımından faydalanacaqlar. Əlbəttə ki, meyvə-tərəvəzin bol tükədilməsinə, daha kalorili ərzaqların alınmasına, dərman-preparat ehtiyatlarının, qoruyucu vasitələrin əldə edilməsinə zərurətin yarandığı pandemiya dövründə ödəniləcək məbləğin daha yüksək olması arzu ediləndir. İnanıram ki, əlaqədar dövlət qurumları bunun da bir yolunu tapacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31