Pandemiyanın təhsil prosesinə mümkün təsirləri və onun minimuma endirilməsi istiqamətində görülən tədbirlər - TƏHLİL

Bütün dünyanı bürüyən koronavirus pandemiyası təəssüflər olsun ki, Azərbaycandan da yan keçmədi və demək olar ki, həyatımızın bütün sahələrinə öz mənfi təsirini göstərdi. Hər nə qədər onun təsirinin azaldılması, minimuma endirilməsi istiqamətində çalışılsa, işlər görülsə də, lakin etiraf etmək lazımdırt ki,  COVİD-19-un mümkün təsirlərini hələ də tam aradan qaldırmaq mümkün olmur.

Pandemiya hər bir sahə kimi təhsilə də öz mıənfi təsirini göstərdi desək yanılmarıq. Tətbiq edilən karantin qaydalarına uyğun olaraq bütün təhsil müəssisələrində tədris dayandı ki, bu da istər-istəməz təhsil prosesinə təsirsiz ötüşmədi. Bütün çətinliklərə baxmayaraq pandemiyanın təhsil prosesinə təsirlərini minimuma endirməyə çalışıldı. Bunun üçün müxtəlif onlayn metodlar tətbiq edildi.

Pandemiya dövründə təhsil sahəsində həyata keçirilən tədbirlər barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki,  mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar Təhsil Nazirliyi tərəfindən "Teledərs" layihəsi həyata keçirilib.

Bundan başqa ümumi təhsil müəssisələrində tədris prosesinin dayandırılması səbəbindən dərslərin onlayn öyrənilməsi üçün təşkil edilmiş teledərslər martın 11-dən etibarən "Mədəniyyət" və "ARB Günəş" telekanallarında həftənin 5 günü şagirdlərə təqdim olunub. Teledərslər bütün sinifləri əhatə edib, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunub.

"Teledərs" layihəsinin həyata keçiriləməsində paytaxt müəllimləri də fəal iştirak ediblər. Eyni zamanda müəllimlər tərəfindən onlayn dərslər keçirilib. İdarədən bildirilib ki, koronavirus pandemiyası dövründə Azərbaycan məktəbi, Azərbaycan müəllimi yüksək hazırlıq səviyyəsini göstərə bildi. Bu dövr ərzində müəllimlərimizin fədakarlığı, peşəkar yanaşması, onlayn dərslərin keçirilməsi təşəbbüsünə qoşulmaları da xüsusilə qeyd olunmalıdır. Belə ki, mövcud vəziyyətlə bağlı məktəblərdə fasilə yaransa da, müəllim-şagird ünsiyyəti davam edib və müəllimlər tərəfindən onlayn dərslər keçirilib. Həmşinin ölkədə təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə həyata keçirilən digər layihə - "Virtual məktəb" layihəsi fəaliyyətə başlayıb. Teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə həyata keçirilən "Virtual məktəb" layihəsinə BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri üzrə 340 000-dən çox istifadəçi qeydiyyatdan keçib.

Nəzərə alsaq ki, sərt karantin günlərində istər müəllimlərin, istərsə də şagirdlərin evdə qalması, qapalı şəraitdə fəaliyyət göstərmələri onlara müəyyən mənada psixoloji təsir də göstərib. Elə bunu nəzərə alaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi  vətəndaşlara psixoloji dəstək də göstərib. Belə ki,  Təhsil Nazirliyi tərəfindən şagird, valideyn və ümumilikdə bütün vətəndaşlara psixoloji xidmət üçün yaradılmış 146-3 "Qaynar xətt" xidməti fəaliyyət göstərib. Ölkəmizdə yeni koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən "Qaynar xətt" xidməti ilə əlaqə yaradıblar.

146-3 "Qaynar xətt" xidmətində BŞTİ-nin nəzdindəki Təlimə Dəstək Mərkəzinin və ümumi təhsil məktəblərinin psixoloqları da səmərəli fəaliyyət göstəriblər.

Bakı Şəhəri üztə Təhsil İdarəsi mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq, fəaliyyətini məsafədən təşkil edib. İdarə rəhbərliyinin təşəbbüsü ilə müzakirə və məsləhətləşmələr onlayn qaydada aparılıb, zərurət olduqda videokonfranslar təşkil olunub. Bununla yanaşı şagirdlər, məktəblilər arasında stimul yaratmaq, onları həvəsləndirmək istiqamətində də müvafiq addımlar atılıb. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "Böyük zəfərin  başlanğıcı!" mövzusunda onlayn rəsm müsabiqəsi keçirilib. "Aprel döyüşləri"ndə şəhid olmuş qəhrəman əsgərlərin xatirəsinə həsr edilmiş rəsm müsabiqəsi BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında onlayn qaydada keçirilib. Müsabiqəyə 2000-ə qədər rəsm işi təqdim olunub. Müsabiqənin nəticələrinə əsasən, 9 iştirakçı qalib seçilib, 15 iştirakçı isə həvəsləndirici yerə layiq görülüb. BŞTİ tərəfindən 28 may - Respublika Gününə həsr edilmiş onlayn videotəqdimat müsabiqəsi keçirilib. VII-XI sinif şagirdləri arasında baş tutan müsabiqənin nəticələrinə əsasən 6 iştirakçı qalib seçilib. BŞTİ tərəfindən keçirilən "Sevimli nəğmələr" uşaq mahnı və "Oxu və əylən!" müsabiqələri mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, onlayn şəkildə davam etdirilib. Müsabiqələrin keçirilməsinin əsas məqsədi məktəblilər arasında ifa mədəniyyətini yüksəltmək, mənəvi sərvətimiz olan uşaq mahnılarının şagirdlər tərəfindən dinlənilməsi və öyrənilməsinə dəstək vermək, istedadlı və mütaliəyə marağı olan şagirdləri vaxtında üzə çıxarmaqdır. Həmçinin 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Uşaqlar gələcəyimizdir"adlı onlayn tədbir keçirilib. Məktəbli uşaqların iştirakı ilə keçirilən onlayn tədbirə Təhsil naziri Ceyhun Bayramov və BŞTİ-nin müdiri Rəşad Tağıyev də qoşularaq uşaqları təbrik ediblər. Onlayn tədbirdə paytaxt məktəbliləri və Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvlərinin ifasında musiqi nömrələri, ədəbi-bədii kompozisiyalar, səhnəcik və rəqslər nümayiş etdirilib.

BŞTİ tərəfindən mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar evdə qalan valideyn və şagirdlər üçün sosial-maarifləndirmə layihəsi təqdim olunub. Layihə çərçivəsində BŞTİ-nin tabeliyindəki məktəblərdə çalışan psixoloqların müvafiq mövzular üzrə videomüraciətləri ictimaiyyətə təqdim olunub.

Sanitar-gigiyenik qaydaları nəzərə alaraq təhsil müəssisələrində  dezinfeksiya işləri aparılıb. Belə ki, paytaxtın ümumi təhsil müəssisələrində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar dezinfeksiya işləri və qabaqlayıcı tədbirlər həyata keçirilib. Paytaxtdakı 54 nömrəli tam orta məktəbdə həyata keçirilən dezinfeksiya prosesini KİV nümayəndələri də izləyib. Həmçinin bütün təhsil müəssisələrində xüsusi karantin dövrünün tələblərindən irəli gələn qaydaların tətbiqinə nəzarət gücləndirilib. 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş onlayn bayram tədbiri təşkil olunub. Onlayn tədbirdə paytaxt məktəblilərinin və Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvlərinin ifasında musiqi nömrələri, ədəbi-bədii kompozisiyalar, səhnəcik və rəqslər nümayiş etdirilib. Xüsusi karantin rejimi dövründə paytaxtdakı ümumi təhsil müəssisələrinin kollektivləri də sosial yardımlaşma təşəbbüslərinə qoşularaq çoxsaylı xeyriyyə aksiyaları keçiriblər.

Belə ki, BŞTİ-nin tabeliyindəki bir sıra təhsil müəssisələrinin pedaqoji heyətinin, şagird və valideynlərin təşəbbüsü ilə ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi səbəbindən ehtiyacı olan ailələrə müxtəlif formada yardımlar edilib. Paytaxt məktəbliləri koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar #evdəqal aksiyasında fəallıq göstərib, fərqli təşəbbüslərlə çıxış ediblər.

Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri evdə çəkib sosial şəbəkələr vasitəsilə ictimailəşdirdikləri videoçarx və fotogörüntülərdə "Evdə qal, bu, bir tətil deyil!", "Evdə qal, kitab oxu!", "Evdə qal, təhsildən qalma!", "Evdə qal, virusa son qoy!", "Evdə qal, nümunə ol!" və digər bu kimi fikirləri ifadə ediblər.Həmçinin videogörüntülərdə məktəblilər evdə qalıb öz vaxtından daha səmərəli istifadə etməyin yolları barədə də məlumat veriblər.

COVİD-19 pandemiyası ilə mübarizədə ictimaiyyətin maarifləndirilməsi məqsədilə UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin valideyn və uşaqlar üçün nəzərdə tutulmuş müvafiq məlumatları BŞTİ-nin sosial şəbəkə səhifələrində yayımlanıb. Həmçinin daha çox  valideynə və şagirdə çatdırılması üçün məlumatların məktəblərin və təhsil işçilərinin sosial şəbəkə səhifələrində yayımlanması istiqamətində müvafiq tədbirlər görülüb.

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31