Beş ayda Probasiya Xidmətində qeydiyyatda olan şəxslərin sayı 18 mini ötüb
18 İyun 2020 12:55 SosialCəzaların icrası sahəsində həyata keçirilən islahatlar insanların azadlıq hüququnun qorunmasına və məhkum olunan şəxslərin cəmiyyətdən təcrid olunmadan islah edilməsinə və sosial adaptasiyasına xidmət edir. Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, son illər azadlıqdan məhrumetməyə alternativ cəzaların daha geniş tətbiq olunması nəticəsində Probasiya Xidmətinin qeydiyyatında olan şəxslərin sayı cari ilin 5 ayı ərzində 18 mini ötmüşdür. Onlardan 4.800-ə yaxın azadlığın məhdudlaşdırılması, 6.000-dən çox cərimə, islah və ictimai işlər, 2.300 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 2.400 şərti məhkum edilmiş və 156 nəfər cəza çəkməsi təxirə salınmış şəxslərdir. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzasına məhkum olunanların sayı 1.200-ə yaxın, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilənlərin sayı isə 406 nəfər təşkil edilr.
Həmçinin, ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş 654 nəfər, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş 354 nəfər probasiya nəzarətindədir. Azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası diqqətdə saxlanılaraq bu dövrdə 3.900-dən çox şəxs cəza müddətinin başa çatması ilə əlaqədar və digər qanuni əsaslarla probasiya qeydiyyatından çıxarılmışdır. Onlardan cəza çəkməkdən boyun qaçıran 206 nəfərin cəzası isə məhkəmələr tərəfindən daha ağır cəza növü, o cümlədən 82 nəfərin cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuşdur. Eyni zamanda ictimai işlər növündə cəzanın daha səmərəli tətbiqi və icrasına effektiv nəzarətin həyata keçirilməsi ilə bağlı əməli işlər görülmüş, o cümlədən qanunvericilik təkmilləşdirilmiş, yerli icra hakimiyyəti orqanları ilə daha səmərəli qarşılıqlı fəaliyyət qurulmuş, ictimai işlərin keçirildiyi yerlərdə məhkumların işlədikləri vaxtlarda mütəmadi monitorinqlər aparılmışdır. Cari ilin 5 ayı ərzində 262 nəfər barədə ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası təmin edilmiş, bu növ cəzanın və inzibati tənbehin icrası ilə bağlı 50.675 saat ictimai işlər yerinə yetirilmişdir.