Siyasi plüralizm göstəricilərinə görə, Azərbaycan ön sırada gedir

Demokratiya cəmiyyətdə siyasi təşkilatlar  xalqın hakimiyyət mənbəyi kimi tanınmasına əsaslanır. Daha doğrusu demokratiya xalqa dövlət işlərində iştirak etmək hüququ verir. Demokratiya əhval-ruhiyyəli cəmiyyətdə, demokratik sosial mühitdə isə plüralizm yaranır. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda siyasi plüralizm elementləri daha da inkişaf etməyə başlayıb. Belə ki, ölkəmiz Avropaya inteqrasiya etdikcə insanların dünyaya baxışı da dəyişir, daha da tolerant olur. Artıq Azərbaycan cəmiyyəti individual həyat tərzinə keçməkdədir.  Plüralizm siyasi nəzəriyyə prinsipi kimi fəlsəfi-metodoloji əsas olmaqla nəzəri fikrin açıqlığı konsepsiyalarından çıxış edir. Bu konsepsiyaya görə, hər bir intellektual prosesdə fikir ayrılığı labüd haldır. Bu baxımdan qeyd etmək olar ki, Azərbaycanda siyasi plüralizm yüksək cəviyyədədir. Təsadüfi deyil ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalq hesab olunur və siyasi təşkilatlar onun idarə olunmasında iştirak edirlər. Nəzərə almaq lazımdır ki, demokratik cəmiyyət əsas partiyalar və təşkilatların qarşılıqlı əlaqələrinə əsaslanan hakimiyyət sistemidir. Çünki demokratik cəmiyyətdə dövlətin daxili və xarici siyasətinə müəyyən mənada təsir edən təşkilatlar fəaliyyət göstərir. Bunlar siyasi partiyalar, siyasi qruplar və digər ictimai təşkilatlardır. Bu təşkilatların içərisində siyasi partiyalar xüsusi yer tutur, çünki siyasi partiya dövlətin siyasi həyatına təsir göstərən ən mühüm vasitədir. Etiraf edilməlidir ki, Azərbaycanda siyasi plüralizmdaha çox  müstəqillik dövrünə təsadüf edir. Yeri gəlmişkən qeyd edək ki, siyasi plüralizm müəyyən nöqteyi-nəzərlər və baxış çoxluğu olub, sosial qrupların öz maraqlarını ifadə etmək üçün təşkilat yaratmaq imkanıdır. Siyasi plüralizm şəraitində vətəndaş istədiyi baxışlara, dünyagörüşü istiqamətlərinə malik ola bilər. Lakin bununla yanaşı, o, başqalarının da həmin hüquqlarına hörmətlə yanaşmalı, istənilən fikir müxtəlifliyinə dözümlü münasibət  bəsləməlidir. 
Totalitar cəmiyyət isə bütün vətəndaşlarından eyni cür, hakim ideologiyanın müəyyən etdiyi kimi düşünməyi tələb edir. Bu ideologiya hakimiyyətdə olan qüvvələrin maraq və mənafelerinin ifadəsinə yönəldiyi üçün onu tənqid etmək, siyasi proseslərə müdaxilə mümkün deyildir. Siyasi plüralizm demokratik cəmiyyətin siyasi quruluş prinsiplərindən biridir. Bu prinsipə əsasən siyasi həyat özündə müxtəlif qarşılıqlı əlaqəli və eyni zamanda müstəqil siyasi qrupların, partiyaların və təşkilatların mövcud olmasını zəruri edir.  Onların tərtib etdiyi proqramlar, irəli sürdüyü ideyalar daim toqquşma və rəqabət halında olur. Beləliklə, cəmiyyətdə siyasi baxışlar, əqidələr, dünyagörüşlər daim toqquşur, bir-biri ilə ziddiyyətdə və münaqişədə olur. Bu təbiidir, əgər belə olmasa inkişaf da olmaz. Ancaq məhz plüralizm onların qarşıdurmalara, düşmənçiliyə çevrilməsinə yol vermir. Siyasi munaqişələrin həllində siyasi plüralizmin rolu çox böyükdür. Plüralizm ziddiyyətlərin sosial-siyasi inkişafın mənbəyi olmasını tanıyır və bu ziddiyyətlərin dinc yolla həllini mümkün edir. Siyasi plüarizm hakimiyyətdə istənilən inhisarı, hər hansı totalitar və avtoritar rejimi rədd edir. Plüralizmin əsas prinsipi hakimiyyətin xalq tərəfindən seçilməsi və hakimiyyətin bölünməsidir. Xatırladaq ki, siyasi plüralizminin bütün prinsipləri Azərbaycanda mövcuddur. Belə ki, Azərbaycanda hakimiyyəti xalq seçir və ölkədə hakimiyyətin üç qola bölünməsi prinsipi tətbiq edilir.

Analitiklər hesab edirlər ki, siyasi plüralizm - müxtəlif fikirlər əsasında müəyyənləşən rəy, bir neçə siyasi partiyanın bir istiqamətdə müxtəlif fikirlərdə ortaq məxrəcə gəlməsidir. Azərbaycanda siyasi plüralizmin mövcudluğu üçün azad söz və azad KİV, çoxpartiyalı sistem, azad seçki, parlamentarizm, dövlətdən asılı olmayan ictimai təşkilatlar mövcuddur. Xatırladaq ki, dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycanda müxtəlif yönümlü, məram və məqsədləri ilə fərqlənən 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Bu gün respublikamızda müxtəlif siyasi partiyalar qanunvericilik hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında təmsil olunmaqla ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Altıncı çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı dövlət başçısının irəli sürdüyü partiyalararası geniş dialoqun aparılmasının vacibliyi ilə bağlı tövsiyəsi, artıq Prezident Administrasiyasında partiya rəhbərləri ilə müzakirələrin keçirilməsi, müxtəlif partiyaların nümayəndələrinin Milli Məclisin və komitələrinin rəhbərliyində təmsil olunması ölkədə çoxpartiyalı sistemin təkmilləşdirilməsinə xidmət edir. Bu günlərdə Ədliyyə Nazirliyində Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının qeydiyyat ilə bağlı müraciətlərinə əsasən təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu məsələsi öyrənilib və onların dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilib. Bununla bağlı, aprel ayının 16-da Ədliyyə Nazirliyinin rəhbərliyi ilə qeydiyyata alınmış partiyaların sədrləri Sülhəddin Əkbər və Musa Ağayev arasında görüş keçirilib və onlara dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim edilib. Partiya rəhbərləri ölkə başçısının iradəsi ilə çoxpartiyalı sistemin inkişafı sahəsində başlanmış prosesi dəstəklədiklərini vurğulayaraq, görülən işlərlə bağlı razılıqlarını ifadə etmiş və bu istiqamətdə atılan addımların dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliklərini bildiriblər. Ardınca daha bir siyasi təşkilat-Cümhuriyyət Xalq Partiyası rəsmi qeydiyyata alınıb. Birmənalı şəkildə qeyd etmək olar ki, ölkəmizdə yeni siyasi partiyaların qeydiyyata alınması yeni siyasi münasibətlərin təzahürüdür. Başqa sözlə, siyasi dialoq və inkişaf mühitinin növbəti ifadəsidir. Bu, eyni zamanda, ölkəmizdə çoxpartiyalı sistemin inkişafı istiqamətində mühüm addım olmaqla yanaşı, siyasi dialoq prosesinə əlavə töhfə verən təqdirəlayiq haldır. Bir sözlə, yeni siyasi partiyaların qeydiyyatı dövlətimizin siyasi dialoqun və milli həmrəyliyin daha da güclənməsi istiqamətində davamlı addımlar atmasının növbəti təzahürüdür. Bu məqamda müxalifət partiyalarının üzərinə düşən əsas vəzifə isə odur ki, onlar hər zaman dövlətçilik mövqeyindən çıxış etməli, ölkəmizə qarşı düşmən mövqedə olan ayrı-ayrı xarici dairələrin deyil, xalqın, dövlətin mənafeyini əsas götürməlidirlər. O da faktdır ki, Azərbaycan hökuməti siyasi partiyalarla dialoqa üstünlük verir. Bu, respublikada iqtidarla müxalifətin həmrəyliyindən xəbər verir. Artıq Prezident Administrasiyasında bir neçə siyasi partiyanın rəhbəri ilə görüş keçirilib. Belə ki, PA Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri bir neçə siyasi partiya ilə birgə siyasi partiya və dövlət münasibətləri və sair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Məhz bu kimi amillər ölkədə siyasi plüralizmin yüksək səviyyədə olduğunun göstəricisidir.

Məlum olduğu kimi, müasir dünyada demokratik tərəqqinin ən əsas göstəricilərindən biri  də kütləvi informasiya vasitələrinin azadlığıdır. Azərbaycanda insan hüquqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu, demokratikləşmə prosesinin geniş vüsət alması faktı demokratik institut kimi formalaşmış kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətində, onların inkişafı üçün formalaşmış hüquqi təminatlarda öz təsdiqini tapmaqdadır. Daha doğrusu, Azərbaycanda müstəqil media fəaliyyət göstərir, insanların internetə çıxışı ən yüksək səviyyədədir. Müxalifətdə təmsil olunan partiyalar, siyasi təşkilatların təmsil olunduqları birliklər məhz bu imkanlardan sərbəst istifadə imkanlarına malikdirlər. Konkret olaraq bir neçə siyasi partiyanın təmsil olunduğu Milli Şura adlı qurumun üzvləri çox sərbəst şəkildə videokonfrans keçirir, istədikləri fikirləri səsləndirilər.Ölkə əhalisinin mütləq əksəriyyətinin izləyə bildiyi sosial şəbəkələrdə sözügedən qurumun üzvlər iqtidarı ən sərt şəkildə tənqid edir, radikal tələblər irəli sürürlər. Bundan ötrü onlara qarşı heç bir təzyiq vasitəsi tətbiq edilmir, ifadə azadlığı məhdudlaşdırılmır. Təkcə bu faktın özü deməyə əsas verir ki, Azərbaycanda söz, mətbuat və ifadə azadlığı yüksək səviyyədədir.

Xatırladaq ki, Azərbaycan Respublikasının gələcək inkişafının təməllərindən biri onun çoxkonfessiyalı, çoxmillətli və çoxdilli olmasıdır. Qərb ilə Şərqin qovuşuğunda, müxtəlif sivilizasiyaların kəsişdiyi ərazidə yerləşən Azərbaycanda qədim dövrlərdən etibarən multikulturalizm və tolerantlığın tarixi ənənələri formalaşmışdır. Azərbaycan xalqı həmişə burada yaşayan millət, din və mədəniyyətlərin müxtəlifliyi ilə fəxr etmiş, müdrikcəsinə düşünmüşdür ki, hər bir insan ölkənin vətəndaşı olmaqla, onun səciyyəvi xüsusiyyətlərini inkişaf etdirməli, mədəni özgürlüyünü və milli özəlliyini qorumalı olan vahid bir ailənin üzvüdür. Bu gün də ölkəmiz heç bir ayrı-seçkiliyə yol vermədən, hər kəsin hüquqlarının qorunmasına təminat verir və insanların ictimai həyatda fəal iştirak etməsi üçün şərait yaradır. Buna misal olaraq, ölkədə fəaliyyət göstərən 300-dən artıq dini təşkilatı göstərmək olar. Bu isə ölkədə plüralizmin yüksək səviyyədə olduğunun göstəricisidir. Tolerantlıq plüralizmin bir şərtidir, yəni tolerant olmayan plüralizm yalançı, saxta plüralizmdir. Bunların arasında fərq ondan ibaratdir ki, tolerantlıq dəyərlərə hörmət edir, plüralizm isə fərqli dəyərlərin mövcudluğunu təsdiq edir. Çünki plüralizm fərqlərin və müxtəlif mövqelərin şəxsləri, siyasətləri və cəmiyyətləri zənginləşdirən dəyərlər kimi qiymətləndirilir. Təsadüfi deyil ki, Azərbaycanda siyasi plüralizmin vacib elementlərindən olan tolerantlıq ən yüksək səviyyədədir.

Onu da qeyd edək ki,  tədqiqatçılar vətəndaş cəmiyyətini demokratiya forması kimi təqdim edirlər. Vətəndaş cəmiyyəti hüquqi dövlət quruluşunun digər formaları ilə də yanaşı mövcuddur. Vətəndaş cəmiyyətinin formalaşması və mövcudluğu milli xarakterdən asılıdır. Hazırda QHT-lər ölkədə həyata keçirilən böyük layihələrə töhfələr verməklə ölkənin siyasi və sosial-iqtisadi həyatında fəal rol oynayırlar. QHT-lər əsasən ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratik və hüquqi dövlətin qurulması, Azərbaycanın qlobal məsələlərə inteqrasiyası, insan hüquqlarının, sosial-iqtisadi və millimənəvi dəyərlərin qorunması və qaçqınlar və məcburi köçkün düşmüş şəxslərin problemlərinin həllinə kömək edir. QHT-lər həmçinin Azərbaycanın dünya birliyinə inteqrasiyası və Azərbaycanın ərazi bütövlüyünün bərpasını və suverenliyini dəstəkləyir. Maraqlı maqamlardan biri də ondan ibarətdir ki, Azərbaycanda qeydiyyatdan keçmiş QHT-lərlə yanaşı, qeydiyyatdan keçməmiş QHT-lər də fəaliyyət göstərir. Azərbaycanda QHT-lərin fəaliyyətinin inkişafı üçün çoxsaylı hüquqi aktlar da qəbul edilib. Azərbaycanda QHT-lərə təsir edən hüquqi çərçivə həm QHT-lərin yaradılması, həm də fəaliyyətlərini istiqamətləndirir. Belə ki, QHT-lərin yaradılması və fəaliyyətləri üçün əlverişli və səmərəli hüquqi çərçivə ölkədə üçüncü sektorun inkişafının əsas şərtlərindən biri kimi qiymətləndirilir. Nəticə etibarilə sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycanda siyasi plüralizm dünyanın ən inkişf etmiş demokratik ölkələri ilə müqayisə edilə biləcək səviyyədədir.

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31