Ombudsman Psixiatriya Xəstəxanasına baş çəkib
20 May 2020 11:14 SosialAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş Milli Preventiv Mexanizm funksiyalarının icrası çərçivəsində əvvəlcədən xəbərdarlıq etmədən sosial xidmət, səhiyyə, o cümlədən psixiatriya müəssisələrinə, eləcə də əlilliyi olan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə başçəkmələr davam etdirilir. "Ombudsman Aparatından "Olaylar"a verilən məlumata görə, bu fəaliyyət çərçivəsində növbəti başçəkmə əvvəlcədən xəbərdarlıq etmədən Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına (publik hüquqi şəxs) həyata keçirilib. Başçəkmə zamanı bir neçə şöbədə sıxlığın olduğu müşahidə edilib. Müəssisədə müasir psixoloji və sosial xidmətlərin təşkilinə ehtiyac vardır. Rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisənin müvafiq şöbələrində pasiyentlər xüsusi karantin rejimi qaydaları nəzərə alınmaqla qəbul edilərək konfidensial qaydada dinlənilib, hüquqlarının təmin olunma vəziyyəti, qaldırdıqları məsələlər, sənədləşmə yerində araşdırılıb, habelə onların tibbi yardımla bağlı bir sıra müraciətləri yerində təmin edilib.
Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılıb, milli qanunvericilik və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlərə uyğun şəkildə saxlanma şəraiti, tibbi xidmət və sənədləşmə ilə bağlı çatışmazlıqlarla, habelə yerində aradan qaldırılması mümkün olan məsələlərlə bağlı tövsiyələr verilib. Pasiyentlərin yeni növ koronavirus infeksiyasından qorunması üçün mütəmadi olaraq sanitar-gigiyenik vəziyyətin daim nəzarətdə saxlanılmasının, saxlanılan şəxslərin mütəmadi olaraq müayinələrdən keçirilməsinin, dezinfeksiyaedici və qoruyucu vasitələrlə təmin edilməsinin, eləcə də işçi heyətə infeksiyadan qorunma qaydaları barədə maarifləndirici məlumatların verilməsinin əhəmiyyətli olduğu bildirilib.

