Pandemiya dövründə beynəlxalq və daxili yükdaşıma əməliyyatları fasiləsiz aparılır- MÜSAHİBƏ-ÖZƏL

Natəvan Bayramova: "Sərnişinlərimizin sağlamlığının qorunması üçün müəyyən olunan bütün tələbləri yerinə yetirməyə hazırıq"

Qlobal miqyasda ciddi problemə çevrilən koronavirus pandemiyası Azərbaycana da təsirsiz ötüşmədi. Zamanında atılan qabaqlayıcı addımlar və önləyici tədbirlər nəticəsində virusun ölkəmizə təsirini minimuma endirmək mümkün olsa da, lakin pandemiya həyatımızın bütün sahələrinə, o cümlədən iqtisadiyyata müəyyən mənada öz mənfi təsirini göstərdi.

Koronavirus pandemiyası ölkənin nəqliyyat sektoruna da təsir etdi. İstər hava, istər su, istərsə də dəmir yolu nəqliyyatında pandemiya səbəbindən müəyyən məhdudiyyətlər tətbiq edildi. Hər bir sahədə olduğu kimi dəmir yolu nəqliyyatında da ötən müddət ərzində koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində müəyyən tədbirlər həyata keçirilib, müvafiq addımlar atılıb. Biz də "OLAYLAR" olaraq "Azərbaycan Dəmir Yolları" Qapalı Tipli Səhmdar Cəmiyyətinin ötən müddət ərzində koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində atdığı addımlar, gördüyü işlər və s. barədə Səhmdar Cəmiyyətin mətbuat katibi Natəvan Bayramova ilə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Natəvan Bayramova dəmir yolu nəqliyyatında qarşıdakı müddətdə görüləcək tədbirlərdən də danışıb.

-Natəvan xanım, bütün dünyanı bürüyən koronavirus pandemiyası dövründə "Azərbaycan Dəmir Yolları" QSC öz fəaliyyətini necə qurub və pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində hansı zəruri tədbirlər həyata keçirilib?

-Xususi karantin rejimi ilə əlaqədar bilirsiz ki, martın 29-dan qatarların ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkəti dayandırılıb. Yalnız Abşeron Dairəvi dəmir yolu xətti üzrə məhdud sayda qatar xəttə buraxılıb. O da fəaliyyəti zəruri olan muəssisələrin əməkdaşlarının işə gediş-gəlişini asanlaşdırmaq üçündür.

-Sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində hansı addımlar atıldı?

-Sərnişinlərimizin və əməkdaşlarımızın təhlükəsizliyi bizim üçün həmişə vacib məsələlərdəndir. Koronavirusun dünyada geniş vüsət aldığı vaxtlardan ölkəmizdə pandemiyanın törədə biləcəyi genişmiqyaslı təhlükənin qarşısının alınması məqsədilə dövlət tərəfindən dərhal qabaqlayıcı tədbirlərə başlanıldı. "Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən xüsusi Tədbirlər Planı hazırlandı. Azərbaycan Dəmir Yollarında sanitariya-epidemioloji tədbirlər gücləndirildi. Hazırda qatarlarda, bütün vağzal ərazisində və stansiyalarda dezinfeksiya işləri müntəzəm davam etdirilir. Vağzal ərazisində, xüsusilə də kassaların yaxınlığında əlləri təmizləmək üçün məhlullar olan aparatlar quraşdırılıb. Yerdə müəyyən addımdan bir "Məsafə saxla" lövhələri ilə rastlaşa bilərsiz. Bu da sərnişinlərimizə karantin qaydalarını gözləməklə bağlı xatırlatmadı. Həmçinin radioqovşaqlar vasitəsilə sərnişinlərə karantin rejiminin qaydaları barədə müntəzəm məlumat verilir. Mayın 9-dan tibbi maskadan istifadə etməyənlər Bakı Dəmir yol vağzalı, eləcə də digər stansiyaların ərazisinə və elektrik qatarlarına buraxılmır. Bu prosesə Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyində olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarət edilir.

-Bəs pandemiya günlərində Dəmir Yolunda iş rejimi hansı qaydada təmin edilib?

-Bilirsiz ki, koronavirusun dəmiryol nəqliyyatında yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC-də xüsusi qərargah da yaradılıb. Bununla yanaşı, Bakı Dəmiryol Vağzalının qaynar xətti fəaliyyətdədir: +994 12 499 61 11. Əlbəttə, əməkdaşlarımızın sağlamlığı da daima diqqət mərkəzindədir. Pandemiya şəraitində işə məhdud sayda əməkdaşlar cəlb olunaraq, onların növbəli iş rejimində çalışmasına şərait yaradılıb. Fəaliyyətin səmərəliliyinin təşkili üçün müasir texniki innovasiyaların tətbiqi genişləndirilib, idarədə bütün sənədləşdirmə işləri elektronlaşdırılıb. İnzibati idarənin binasına daxil olan bütün əməkdaşlar hər səhər həkim-sanitar briqadası tərəfindən müayinə olunur və sonra içəri buraxılır.

-Məlum olduğu kimi ölkədə tətbiq edilən karantin rejiminə uyğun olaraq sərnişin qatarlarının fəaliyyətinə də müəyyən məhdudiyyətlər tətbiq edildi. Hazırda da mayın 31-dək karantin rejimidir. Bu mənada "Azərbaycan Dəmir Yollrı" QSC-nin kifayət qədər zərərlə qarşılaşdığını deyə bilərikmi?

-Məlumdur ki, koronavirusla bağlı son epidemioloji vəziyyət dünya ölkələrinə, o cümlədən Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmür. Siz sərnişindaşımanı nəzərdə tutursunuzsa, düzdü ölkədaxili və beynəlxalq istiqamətdə qatarların hərəkəti dayandırılıb. Yalnız Abşeron Dairəvi Dəmir Yolu xətti üzrə sərnişin daşınması həyata keçirilir. Statistik məlumatlara nəzər salsaq, bu mənzərəni daha aydın təsəvvür etmək olar. Bu ilin ilk rübünün göstəricilərinə görə, ən çox sərnişin fevralda daşınıb. Bu müddətdə sərnişinlərin sayı 430 mindən çox olub. Yanvar ayında isə bu göstərici 400 mindən artıq qeydə alınıb. Mart ayında artıq bu rəqəm təxminən 2 dəfə azalıb və 260 mindən çox təşkil edib. Aprel ayında isə yalnız Abşeron Dairəvi Dəmir yolu xətti üzrə hərəkət edən qatarlarda gedib gələn sərnişinlərimizin sayı 30 mindən bir qədər çox olub.

-Karantin qaydalarının nisbətən yumşaldılması sərnişin sıxlığı yaratmayıb?

-Nazirlər Kabinetinin qərarına əsasən, mayın 4-dən etibarən ölkə ərazisində karantin rejiminin yumşaldılması ilə əlaqədar bəzi iş yerlərinin açılması nəticəsində Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara sərnişin tələbatı artıb. Aparılan monitorinqlər göstərdi ki, sərnişinlərimizin sayı qatarların tutumundan bir qədər artıqdır. Bunu nəzərə alaraq, həmin istiqamətdə qatarların sayı çoxaldıldı. Əvvəl 2 qatar səhər iki qatar axşam hərəkətdə idi. Hazırda həmin marşrut üzrə xətdə səhər və axşam saatları olmaqla 3 qatar işləyir. Onu da deyim ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin gəlirlərinin əsas hissəsini yükdaşımaları təşkil edir. Qeyd edək ki, pandemiya dövründə də beynəlxalq və daxili yükdaşıma əməliyyatları fasiləsiz aparılır.

-Bəs, pandemiyanın yükdaşımaya təsiri nə dərəcədə oldu və yüklərin Azərbaycana daxil olması zamanı dezinfeksiya işləri necə həyata keçirilir?

-Digər yerüstü nəqliyyat vasitələrindən fərqli olaraq, dəmir yolu ilə yükdaşımalarda dəfələrlə az sayda insan əməyindən istifadə olunur və bununla da sərhədləri keçən sürüclərin sayı, eləcə də yoluxma riski minimal olur. Beynəlxalq və daxili yükdaşımalar fasiləsiz aparılır. Ölkədə müxtəlif məhsullara olan tələbatın ödənilməsində çətinlik yaranmasın deyə, Rusiya, İran və Gürcüstandan bütün yüklərin vaxtında və təhlükəsiz Azərbaycana çatdırılması həyata keçirilir. Dezinfeksiya işlərində insan əməyinin minimuma endirilməsi məqsədi ilə Astara, Yalama və Böyük-Kəsik sərhəd-keçid məntəqələrində avtomatlaşdırılmış dezinfeksiya qurğusu quraşdırılıb. Bununla da, ölkə ərazisinə daxil olan bütün yük qatarları insan əli dəymədən dezinfeksiya edilir. Həm qatarların alt, həm üst hissəsi, həm də yüklər tam boşaldıldıqdan sonra onların daxili hissəsi dezinfeksiyaedici məhlullarla təmizlənir.

-Hazırda müşahidə edilən müsbət tendensiya ondan ibarətdir ki, pandemiya azalmağa doğru gedir və bir çox qurumlar, təşkilatlar postpandemiya dövrünə hazırlaşırlar. Bu mənada Səhmdar Cəmiyyətin postpandemiya dövrü ilə bağlı hansısa proqramı, fəaliyyət istiqamətləri müəyyən edilibmi? Eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən göründüyü kimi postpandemiya dövründə hər bir qurum, hər bir vətəndaş gigiyenik qaydalara, təmizliyə xüsusi diqqət yetirməli olacaq. Bu mənada "Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərin daşınmasında, qatarlarda hansı yeni qaydalara, gigyenik prosedurlar tətbiq etməyi düşünür?

-Hər halda dəmir yollarında sərnişindaşımada hərəkət bərpa olduqdan sonra bununla bağlı, sərnişinlərin və qatar heyətinin təhlükəsizliyinin təmini məqsədilə xüsusi göstərişlər olacaq. "Azərbaycan Dəmir Yolları" QSC insanların sağlamlığının qorunması məqsədilə həyata keçirilən və keçiriləcək butün tələbləri yerinə yetirməyə hazırdır. Ara məsafənin qorunması üçün qatarlarda yerlərin satışa necə verilməsi ilə bağlı yəqin ki, sərnişindaşıma qaydalarında müəyyən dəyişikliklər tətbiq olunacaq. Artıq bəzi ölkələrdə sərnişindaşımada belə məhdudiyyətər nəzərdən keçirilir. Biz də "Azərbaycan Dəmir Yolları" QSC olaraq sərnişinlərimizin sağlamlığının qorunması üçün müəyyən olunan bütün tələbləri yerinə yetirməyə hazırıq.

 -Ölkəyə yeni sərnişin qatarlarının alınması, eyni zamanda dəmir yolunda sürət həddinin artırılması istiqamətində hansı işlər görülür?

-Hazırda aparılan əsaslı təmir və rekonstruksiya işlərindən sonra bu il də nəzərə alınmaqla Bakı-Böyük-Kəsik və Bakı-Abşeron dairəvi dəmir yolunda sürət artırılıb. Sürət artımı həm yol, həm də kontakt şəbəkəsinin vəziyyətindən asılı olaraq təyin edilir. Hazırda kontakt şəbəkəsində 70 km sahədə, eyni zamanda 11 stansiyaların baş yollarında yoldəyişən qurğuların dəyişdirilməsi ilə bağlı işlər aparılır. Bu işlər yekunlaşdıqdan sonra 100 km-ə yaxın yollarda sürət qaldırılacaq. Bütün bunlar imkan verib ki, Bakı-Böyük-Kəsik istiqamətində Bakı-Gəncə sürətli elektrik qatarının orta sürətinin 96,3 km/saata çatdıraq və vaxt olaraq 3 saat 45 dəqiqəyə çatdıraq. 100 km-lik yolda sürət qaldırıldıqda isə qatarın yolda olma müddəti 3 saat 30 dəqiqəyə enəcək. Müvafiq olaraq digər sərnişin qatarlarının hərəkət qrafiki xeyli yaxşılaşaraq qrafikdə 2-2,5 saat tez çatdırılmaya nail olunub.

Cəmiyyətin hərəkət tərkibi parkının yenilənməsi işləri çərçivəsində sifariş olunan, dəyişən cərəyanla işləyən 50 lokomotivdən 21-i artıq ölkəyə gətirilib. Bu il daha 9 lokomotivin çatdırılması nəzərdə tutulur. Eyni zamanda, 20 sərnişin vaqonundan 10-u artıq qəbul olunub, digər 10 vaqonun da cari ildə çatdırılması planlaşdırılır. Əlavə olaraq, Cəmiyyət tərəfindən 10 sərnişin qatarı sifariş edilib ki, bunlar da bir mərtəbəli Flirt tipli dəstlərdir.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31