İctimai iaşə obyektləri karantin qaydalarına necə riayət etməlidirlər?
4 May 2020 13:08 SosialYeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb. Eyni zamanda, əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilib.Məhdudiyyətlərin yumşaldılması mövcud sanitar-epidemioloji vəziyyət, xəstə sayı və yoluxma sürəti əsas götürülərək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu və digər regionlar üzrə mərhələ ilə həyata keçirilir. Artıq bir necə gündür ki, ölkəmizdə həyat yumşaq karantin mühitində davam edir. Maraqlıdır, insanlar bu mühitdə özlərini necə aparırlar, elementar karantin qaydalarına necə riayət olunur?
Məlumat üçün qeyd edək ki, yumşaldılma qaydalarının tətbiqi ilə nəhayət ki, təxminən 40 gündən sonra insanlar sərbəst şəkildə küçəyə çıxa bildilər. Nəticədə paytaxtın əsas mərkəzi küçələrindən olan Nizami küçəsində hərəkət çoxluğu müşahidə olundu. Çox təəssüf ki, əksər insanlar gəzinti zamanı nə sosial məsafə gözləmir, nə də virusun yoluxmasının qarşısını almaq məqsədilə nəzərdə tutulan tibbi maskalardan istifadə etmirlər. Sorğu zamanı məlum oldu ki, insanlar heç bir zəruri ehtiyac olmadan sadəcə gəzintiyə çıxıblar. Məqsəd icazə verilmiş 3 saatlq vaxtı boş və mənasız yerə "öldürməkdən" ibarətdir. Gəzintiyə çıxan insanların əksəriyyətində dezinfeksiyaedici spirt də yox idi. Daha dəhşətlisi ondan ibarətdir ki, insanlar "niyə karantin qaydalarına riayət etmirsiniz" sualına ədabazlıqla "boş şeydir, heç nə olmaz" cavabını verirlər.
Paytaxtın ticarət və iaşə mərkəzlərində də eyni vəziyyət müşahidə olunurdu. Darıqsqal, cəmi on kvadratmetrlik fərdi ticarət obyektləri xüsusilə təhlükəli şəraitdə fəaliyyət göstərirdi. Söhbət apardığımız satıcılar alıcılara xəbərdarlıq etdiklərini bildirsələr də əslində daha çox müştəri arzusunda idilər. Sanki bununla evdə qaldıqları müddətdə itirdikləri gəliri əldə etmək ümidində idilər. Müşahidə apardığımız bütün sahələr üzrə fərdi ticarət obyektləri, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət sahələrində eyni vəziyyət hökm sürürdü. Heç şübhəsiz ki, mövcud vəziyyət virusun yayılma ehtimalını artırmış olur. Odur ki, ictimai iaşə obyektlərinin Nazirlər Kabineti tərəfindən hazırlanan təlimatdan istifadə etmələri zərurəti yarır. Çünki, məlum sənəd ictimai iaşə müəssisələrdə çalışan əməkdaşlar və əhalinin sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub. Mövcud olan məlumatlara əsasən COVID-19 insanlar arasında birbaşa hava-damcı yolu ilə və ya dolayı yolla kontaminasiya olunmuş səthlərə təmasdan sonra əllərlə ağız boşluğu, gözlərə, buruna və s. toxunduqda ötürülür. Bir çox hallarda yoluxmuş insanlarda xəstəliyin gedişatında yüngül simptomlar müşahidə edilir, lakin yaşlı və ya yanaşı xəstəliyi olan yoluxmuş insanlarda kəskin ağırlaşmalar müşahidə olunur. Xəstəliyin profilaktik tədbirlərinə əl gigiyenası, sosial məsafənin saxlanması, gözlərə, ağız boşluğuna, buruna toxunulmaması və tənəffüs gigiyenası aid edilir. İctimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi xəstəliyə yoluxma riskini azaldır.
Bu kimi hallar nəzərə alınaraq iaşə obyektləri aşağıda göstərilən tədbirlər təmin edilməlidir: İctimai iaşə müəssisələrində COVID-19 -a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə işçi heyətin virus və əks-epidemik tədbirlər barədə məlumatlandırılması; Müəssisə daxilində işçi heyətin şəxsi gigiyena qaydalarına riayət etmə səviyyəsi həmin qaydalar barədə məlumat vərəqələrinin çap edilərək müvafiq sahələrə (soyunub-geyinmə otaqları, sanitar qovşaq, mətbəx və s.) yerləşdirilməsi; Yeməklər hazırlanarkən bişirilmə temperaturuna riayət edilməsi, lazımi temperatur dərəcəsinə qədər bişirilməmiş yeməklərlə qidalanmadan qaçınılması; Xam məhsulların istifadədən əvvəl təmizlənməsi, yemək dəstlərinin, mətbəx avadanlıqlarının, çirkli səthlərin yuyulub təmizlənməsi prosedurları barədə mütəmadi təlimləndirilməsi; Müəssisədə təmizlik və dezinfeksiya işlərinin aparılması üzrə məsul şəxsin təyin edilməsi; Məsul şəxs təmizlik və dezinfeksiya işlərinin dövriliyi, tətbiqinə icazə verilən dezinfeksiyaedici maddələrdən düzgün istifadə qaydaları, həmçinin dezinfeksiyanın aparılması qaydaları barədə məlumatlarla təmin edilməsi; Sanitar gigiyenik qaydalara əsasən, müəssisələrdə sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanması; Müəssisədə axar isti və soyuq su təchizatının təmin edilməsi; Müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi. Bundan başqa, ictimai iaşə obyektləri mütəmadi olaraq dizinfeksiya işlərini aparmalıdırlar. Nəzərə almaq lazımdır ki, həyata keçirilən təmizlik-dezinfeksiya işləri məhsulların xüsusiyyətləri, təmizlikdezinfeksiya qaydaları nəzərə alınmaqla və müxtəlif təmizlik vasitələrindən istifadə etməklə aparılır. Təmizlik-dezinfeksiya işləri iş saatı ərzində mütəmadi əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatlarından sonra isə bütün sahələrdə həyata keçirilməlidir.
Xatırladaq ki, bu sahədə çalışan işçilərin şəxsi gigiyenasına nəzarət vacib amillərdən hesab olunur. Təlimatda qeyd edildiyi kimi işçi heyət dəyişəkli təmiz iş geyimi ilə, həmçinin gün ərzində bir çox insanla təmasda olmaları nəzərə alınaraq, maska, əlcək (ofisiant heyəti istisna olmaqla), dezinfeksiyaedici məhlul və lazımi hallarda digər gigiyenik vasitələrlə təmin olunmalıdır; Şəxsi gigiyena qaydalarına riayət edilməli, işə başlamazdan, qida məhsulları ilə təmasdan öncə, çiy qida məhsulunun emalı, qablaşdırılması və satışa hazırlanmasından, tullantılarla təmasdan, təmizlik işlərindən, sanitar qovşaqdan istifadədən, asqırma və öskürmədən, pulla təmasdan, siqaret çəkdikdən sonra işçilərin əllərini təmiz yumasına və ya dezinfeksiyasına nəzarət edilməlidir; Qida məhsulları ilə təmas edərkən saçları qapalı saxlayan baş örtükləri və əlcəklərdən istifadə edilməlidir. Sonda qeyd edək ki, koronavirus pandemiyasına qarşı mübarizə sahəsində bütün dünya önəmli bir mərhələni arxada qoymaqdadır. İlk dəfə olaraq bütün dünya ümumbəşəri bir bəlaya qarşı möhtəşəm həmrəylik nümayiş etdirdi. Bu, dünyanın gələcək taleyi ilə bağlı çox vacib sınaq idi. Azərbaycan da bu sınaqdan ləyaqətlə çıxdı. Ölkə başçısı İlham Əliyevin dövlətin və xalqın sağlamlığı, bu bəladan minimum itki ilə çıxması üçün qəbul etdiyi operativ və önləyici qərarlar qısa vaxtda öz nəticəsini verdi. Belə halda insanlar reallığı dərk edərək karantin rejimi qaydalarına riayət etməlidirlr ki, koronavirusun ikinci dalğası yenidən bəşəriyyəti cənginə almasın.
Nurlan