“Ən pis zamanda da əclaflar olur”
4 May 2020 11:39 SosialEpidemiya dövründə kasıb insanların haqqına girmək vicdansızlıqdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik diqqət və qayğısı sayəsində koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması üçün genişmiqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir. Dövlət başçısı və birinci vitse-prezident bütün mümkün olan və olmayan vasitələrdən istifadə edərək çalışırlar ki, Azərbaycan vətəndaşları pandemiyadan zərər görməsinlər, xüsusən əhalinin həssas təbəqəsi belə çətin vəziyyətdə ümidlərini itirməsinlər. Ona görə də bu təbəqədən olan vətəndaşlara maliyyə və ərzaq yardımı göstərilməsi təşəbbüsü ilə çıxış edilib və hazırda həmin kampaniya davam etməkdədir. İnsafən qeyd edilməlidir ki, dövlət başçısının məlum çağırışına imkanlı iş adamları, incəsənət xadimləri də qoşulub. Çox təəssüf ki, bir sıra yerli icra hakimiyyəti orqanları tərəfindən əhaliyə çatdırılmalı olan yardımın mənimsənilməsi, ictimai işlərə cəlb olunan vətəndaşlar üçün nəzərdə tutulan vəsaitin özünküləşdirilməsi halları aşkar edilib. Belə ki, çoxsaylı şikayətlər, korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakını talama nəticəsində həbs olunmuş Ağstafa, Yevlax, Neftçala rayon İcra Hakimiyyətləri başçılarından nəticə çıxarmayan Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı da eyni qanunsuzluq hallarına yol verib. Həmçinin, Şirvan, Naftalan şəhər, İmişli və Bərdə rayon İcra Hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin bu qəbildən olan qanunazidd hallara yol vermələri barədə şəhər və rayon icra hakimiyyətlərindən rayon prokurorluqlarına daxil olmuş müraciətlər araşdırılıb. Araşdırmalarla Şirvan şəhər İcra Hakimiyyəti Başçısının Hacıqəhrəmanlı qəsəbə inzibati ərazi vahidi üzrə nümayəndəsi Pünhan Mənsimov və 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəqani Həsənov tərəfindən vəzifə saxtakarlığı edilməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verilməsinə əsaslı şübhələr müəyyən olunub. Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asəf Cabbarov tərəfindən də eyni məzmunlu qanun pozuntusuna yol verilmişdir. Belə ki, Asəf Cabbarovun da vəzifə saxtakarlığı etməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verməsinə əsaslı şübhələr müəyyən olunub. Eləcə də, İmişli Rayon İcra Hakimiyyəti başçısının Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafael Həsənovun da vəzifə saxtakarlığı edərək xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verməsinə şübhələr üçün əsaslar müəyyən olunub. Bundan başqa, Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azad Salmanovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rayon daxilində səyyar formada kənd təsərrüfatı məhsullarının satışının həyata keçirilməsinə icazə üçün müraciət etmiş ayrı-ayrı şəxslərə arayışlar təqdim edərkən qanunsuz hərəkətlərə yol verməsinə şübhələr müəyyən edilib.
Maraqlı məqam ondan ibarətdir ki, dövlət başçısı icra hakimiyyətlərini təyin etdikdə onları şəxsən qəbul edir, tapşırıq və tövsiyyələrini verir. Seçilmiş kadrlara bir daha xatırladır ki, dövlət orqanının nümayəndələri korrupsiya və rüşvət hallarına yol verməməli, başlıca vəzifələri xalqa xidmət etmək olmalıdır. Lakin bütün xəbərdarlıqlara baxmayaraq harınlamış icra strukturlarının rəhbərləri vətəndaşların haqqına girmiş olurlar. Bu kimi halları nəzərə alan dövlət başçısı Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən deyib ki, pandemiya ilə əlaqədar bu gün Azərbaycan dövləti bütün resursları səfərbər edib, ilk növbədə, vətəndaşları, onların həyatını, sağlamlığını qorumaq üçün əlindən gələni edir: "Hər gün bizim birinci və günün axırında sonuncu əsas işimiz bu məsələ ilə məşğul olmaqdır. Nə qədər adam xəstələndi, nə qədər adam sağaldı, neçə nəfər xəstəxanalara yerləşdirildi, onların vəziyyəti necədir, ağır vəziyyətdə olan vətəndaşların durumu, onların sağalma şansları necədir - biz gecə-gündüz bununla məşğul oluruq. Dövlət, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu, ayrı-ayrı sahibkarlar, ayrı-ayrı imkanlı adamlar öz təşəbbüsləri ilə gedib kasıb insanlara əl tuturlar. Bu yardımı mənimsəməyə nə ad vermək olar?! Bu yaxınlarda Heydər Əliyev Fondu tərəfindən göndərilmiş ərzaq paylarını da aparıb öz qohumlarının evlərində saxlayırlar ki, sonra onları satsınlar. Biz buna gözmü yumacağıq? Belə adamlar ən ciddi cəzaya layiqdirlər. İndi dünya liderlərinin bir çoxu qeyd edir ki, pandemiya müharibədir. Bəli, mən bu tezislə razıyam. Əgər indiki şəraitdə bunlar özlərini belə aparırlarsa, bundan daha ağır vəziyyət yaranarsa, onda bunlar nə edəcəklər? Bunun bir adı var - vicdansızlıq və xəyanət. Ona görə bundan sonra bu ünsürlərə qarşı mübarizə daha ciddi aparılmalıdır".
Millət vəkili Fazil Mustafa qeyd edib ki, siyasi, iqtisadi, sosial xarakterli narazılıqlar, ədalətsizliklər bütün zamanlarda müzakirə mövzusu olub; rüşvət də, korrupsiya da narahatedici ittiham mövzusu kimi dünyanın hər köşəsində müzakirə aktuallığını itirməyib; iqtidar-müxalifət qarşıdurması, yaxud uyuşmazlığı demokratiyanın "evcik-evcik oyunu" kimi həmişə yerində durub; lakin məhz epidemiya və ya başqa təbii fəlakət dövründə ehtiyacı olan insanlar üçün nəzərdə tutulan yardımı mənimsəmək, məşhur aforizmin tərs üzü olan "ən pis zamanda da əclaflar olur" gerçəyini daha çox qabartdı: "Bir-birinin ardınca icra başçılarının öncüllüyündə bir sıra vəzifəli şəxsin öz rayonunun feodal ağası obrazında yoxsul insanların haqqına girməsi, büdcə vəsaitlərini ən bəsit acgözlük formaları ilə mənimsəməsi, hətta epidemiya dövründə bunu daha azğınlaşmış formada etməsi səbr kasasının dolması üçün kifayət edərdi. Bir icra başçısı konkret inzibati ərazi vahidində ölkə prezidentini təmsil edir. Əhali ilə onun arasında ən səlahiyyətli vasitəçidir. Mahiyyətcə, prezidentin idarəetmə prinsiplərini ən yüksək səviyyədə anlayan və onu yerlərdə tətbiq edən bir kimlik olmalıdır. Hansısa bir rayon sadəcə statistikada qeyd olunan sakinlərdən ibarət deyil. Hər rayonun öz elitası var və burada ziyalı və ağsaqqal anlayışı böyük şəhərlərdən daha fərqli və konkret məna ifadə edir.Demək ki, yaxşı niyyətli vasitəçi bir rayonun idarəetməsini bu nüfuz sahibi insaların iştirakçılığı ilə gerçəkləşdirməyə maraqlı olmalıdır. Hətta Milli Məclisin qəbul etdiyi "İctimai iştirakçılıq haqqında" Qanunun tələblərinə uyğun olaraq yaradılması zəruri sayılan icra hakimiyyətləri yanında İctimai Şuraların da bir fürsət olaraq dəyərləndirilməməsi bölgələrdə neqativ halların çoxalmasının əsas səbəblərindən biri olaraq görülməkdədir. Əslində, bu İctimai Şuralar rayonun nüfuzlu insanlarının idarəetmədə iştirakı ilə yanaşı, həm də ictimai nəzarət funksiyasını həyata keçirdiyinə görə, birbaşa təmiz niyyətli icra başçısı onun canlı orqanizmə çevrilməsində hamıdan çox maraqlı olmalıdır".
Onun sözləribə görə, kimsəyə sirr deyil ki, hər hansı bir icra başçısının və digər vəzifəli şəxslərin əməlləri barədə prezidentə müvafiq qurumlar vaxtaşırı məlumatlar çatdırır, prezident də bu məlumatları başqa mənbələrdən dəqiqləşdirir, durumun nə dərəcədə ciddi olduğu müəyynələşdirəndən sonra öz təmsilçisinə və digər vəzifəli şəxslərə qarşı qanunun tələb etdiyi addımların atılmasına yaşıl işıq yandırır: "Əslində, bu baş verənlərin ən maraqlı tərəfi prezidentin ən sərt tədbirləri öz təyin etdiklərindən başlamasındadır. "Öz təmsilçimdir, özüm təyin etmişəm" düşüncəsi ilə güzəştli baxışın olmaması bütün vəzifəli şəxslərdə ölkəmiz üçün faydalı sayıla biləcək bir narahatçılıq yaradıb. İnsanlar hər hansı bir vəzifəyə can atarkən, hələ də anlamaq istəmirlər ki, vəzifə bir insan üçün talamaq, oğurlamaq fürsəti deyil, məhz xidmət fürsətidir. İndi ölkədə prezidentin cəmiyyətə açıq şəkildə bəyan etdiyi tezislər də bunun üzərində qurulub: "Ölkəyə, onun vətəndaşına xidmət üçün varsansa, gəl!" Bu ölkənin dirçəlişi, islahatların taleyi məhz bölgələrdən başlayır. Bölgələrdə yaranmış durum, bəzi başçıların səriştəsiz və dərəbəylik formasında idarəçiliyi əhalinin əhəmiyyətli hissəsini Bakıya axına məcbur edib. Halbuki bu insanlar şəhərdəki gecəqondularda lümpen həyatı yaşamaqla faydasız, ələbəxan, günəmuzd təsadüfi iş tapmaqla keçinən durumundan normal kənd təsərrüfatı ilə məşğul olmaqla ağayana yaşamaq imkanı qazana bilərdi. Ancaq bir icra başçısı dərhal min hektarlarla torpağı öz əlinə keçirərək, rayonun bütün təsərrüfat strukturlarını, bələdiyyəsini öz şəxsi təsərrüfatının dirçəlməsi üçün səfərbər edirsə, kiçik təsərrüfatına su tapa bilməyən kəndli daha nə edə bilər ki?! Şələ-şüləsini də yığıb, üz tutur böyük şəhərin lümpen həyatına".
Alim