Qanun qarşısında hamı bərabərdir- TƏHLİL

Təəssüflər olsun ki, hələ də Azərbaycanda bəzi hallarda məmur özbaşınalığı, tutduğu, etimad göstərildiyi vəzifədən sui-istifadə hallarına rast gəlinir. Baxmayaraq ki, Prezident İlham Əliyev mərkəzi və yerli icra hakimiyyətləri rəhbərləri ilə müntəzəm olaraq keçirdiyi görüşlərdə, konfrans və müsahibələrində bu kimi neqativ hallara yol verən məmurlara xəbərdarlıq edib, onları düz yola dəvət edib, lakin buna rəğmən Cənab Prezidentin tapşıqlarını hələ də qulaqardına vuran, dövlət başçısının ona göstərdiyi etimaddan sui-istifadə edən məmurlar, icra hakimiyyəti başçıları var. Elə son bir neçə ay ərzində bir neçə icra hakimiyyəti başçısının ciddi şəkildə korrupsiya və rüşvətxorluq hallarına yol verdiyinə görə  həbs olunması, bundan əvvəl dövlət başçısının tapşırıqlarına əməl edən bəzi məmurların cəzalandırılması deyilənlərin əyani sübutudur. Bu günlərdə Dövlət Təhlükəsizlik Xidmətinin Biləsuvar rayonunda keçirdiyi əməliyyat və rayon icra hakimiyyəti başçısının korrupsiya və rüşvətxorluq, konronavirus pandemiyası dövründə vətəndaşlara ayrılan vəsaitləri mənimsəməkdə günahkar bilinərək həbs olunması deyilənləri bir daha təsdiqləyir.

İstər Biləsuvar rayon icra hakimiyyəti başçısının, istərsə də digər bir neçə rayonun ərazi icra nümayəndəsinin həbsi onu deməyə əsas verir ki, artıq proses xəbərdarlıq mərhələsindən əməli iş prosesinə keçib və bundan sonra kimliyindən asılı olmayaraq xalqın malını mənimsəyən, etimadı doğrultmayan istənilən məmur ciddi şəkildə cəzalandırılacaq. Elə həftə sonu Azərbaycan Respublikasının Prezidentin İlham Əliyev yeni Baş Prokuroru videoqəbul zamanı da bunu açıq və net olaraq bəyan etdi. Dövlət başçısının videoqəbul zamanı söylədiyi fikirlər həm də onu deməyə əsas verir ki, ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə yeni bir mərhələ başlayır. Prezident İlham Əliyev yeni Baş Prokuror Kamran Əliyevi videoqəbul zamanı bildirib ki, vacib vəzifələrdən biri korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədir: "Hesab edirəm ki, prokurorluq orqanları bu istiqamətdə daha fəal iş aparmalıdırlar. Bu xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi mübarizə aparılır. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin. Amma əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı və bunun nəticəsində indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər. Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçıları həbs edilmişdir, ictimaiyyətə bu məsələ ilə bağlı ətraflı məlumat verilmişdir və bundan sonra da ətraflı məlumat veriləcəkdir. Eyni zamanda, bu yaxınlarda Binəqədi qəsəbə bələdiyyəsinin sədri saxta icazə sənədi satmaqda ittiham olunub və əşyayi-dəlillə saxlanılıb. İsmayıllı rayonunun şəhər üzrə icra nümayəndəsi yardımın mənimsənilməsi ilə məşğul olmuş, kasıb adamlara göndərilən yardımı özünə götürmüşdür. Həbs edilmiş icra başçılarının istintaqı gedir. Ancaq bu gün nümayiş etdirilən videokadrlar onu göstərir ki, rüşvətxorluq bu adamlar üçün əsas prinsip olmuşdur. Yəni, bütün aidiyyəti qurumlar bir qayda olaraq hər ay icra başçılarına və icra hakimiyyətinin digər nümayəndələrinə rüşvət verməli olmuşlar. Əfsuslar olsun ki, belə xoşagəlməz hallar digər rayonlarda da vardır". Dövlət başçısı bildirib ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək: "Heç kim qanundan üstün deyil və əgər kim fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları ona kömək edəcəklər, səhv edir. Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda, cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcəkdir".

Elə millət vəkilləri də hesab edirlər ki, iistər yeni Baş Prokuror təyinatı, istərsə də bir sıra rayonlarda həyata keçirilən həbslər və dövlət başçısının Kamran Əliyevi videoqəbul zamanı söylədiyi fikirlər ölkədə korrupsiya və rüşvətxorluğa qarşı daha sərt addımların atılacağı, ciddi tədbirlərin görüləcəyini söyləməyə əsas verir. Eyni zamanda bu da birmənalı olaraq dərk edilməlidir ki, məmurların əsas vəzifəsi xalqa xidmətdir.

XXX

Millət vəkili Fatma Yıldırım bildirib ki, Cənab Prezidentin qeyd etdiyi kimi hər bir məmurun əsas fəaliyyəti xalqa xidmət olmalıdır: "Milli Məclisin mayın 1-də keçirilən iclasında Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin təqdimatına əsasən Kamran Əliyevin respublikamızın Baş Prokuroru vəzifəsinə təyin olunmasına millət vəkilləri olaraq yekdilliklə razılıq verdik. Cənab Prezident həmin gün Kamran Əliyevin Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə təyin olunması haqqında Sərəncam imzaladı. Öz adımdan və seçicilərim adından hörmətli Kamran müəllimi bu yüksək vəzifəyə təyin olunması münasibətilə ürəkdən təbrik edir, ona fəaliyyətində uğurlar arzulayıram. İnanıram ki, Kamran Əliyev bu şərəfli və məsuliyyətli vəzifəsinin öhdəsindən layiqincə gələcək və prokurorluq sistemində yeni dövrün çağırışlarına cavab verən islahatların aparılmasına öz töhfələrini verəcək". Millət vəkili vurğulayıb ki, Azərbaycan Prespublikasının Prezidenti Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən kadr islahatları məsələsinə geniş toxundu: "Milli həmrəyliyə daha çox ehtiyac olduğu indiki dönəmdə hörmətli Prezidentimizin qeyd etdiyi kimi bəzi məmurlar qanunsuzluqlara yol verir, hətta imkansız ailələr üçün ayrılmış ərzaq yardımlarını mənimsəməkdən belə çəkinmirlər. Həqiqətən də, belə hərəkətlər vicdansızlıqdır. Bu yolun yolçuları layiq olduqları cəzanı almalıdırlar və alırlar da! Son vaxtlar Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi bir sıra əməliyyatlar bunu təsdiqləyir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, hər bir məmurun başlıca vəzifəsi xalqa xidmət etmək olmalıdır. Əks halda, qanunsuzluğa yol verənlər, rüşvət alanlar, insanları incidən məmurlara qarşı lazımi ölçülər götürüləcək". Fatma Yıldırım bildirib ki,  Prezident tərəfindən ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən kadr islahatları cəmiyyətimizin həyatı üçün böyük əhəmiyyət kəsb edir: "Çünki biz kadr islahatlarının özündə yenilikləri, inkişafı ifadə etdiyini görürük. Hansı sahədə kadr islahatları aparılırsa, o sahədə pozitiv dəyişiliklər baş verir ki, bu da cəmiyyətimizdə rəğbətlə qarşılanır.
Cənab Prezidentimiz kadr islahatlarının bundan sonra da davam etdiriləcəyini bəyan edib. Şübhəsiz ki, müasir dövrün çağırışlarına cavab verən bu islahatlar ölkəmizin ümumi inkişafına, məmur-vətəndaş münasibətlərinin sağlam ruhda qurulmasına özünün mühüm töhfələrini verəcək".

XXX

Millət vəkili Eldəniz Səlimov da yeni Baş Prokuror təyinatını müsbət qiymətləndirməklə yanaşı, bunu həm də korrupsiya və rüşvətxorluğa qarşı mübaizənin daha da dərinləşəcəyi kimi xarakterizə edib: "Milli Məclisin mayın 1-də keçirilən plenar iclasında  "Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında" məsələ müzakirə edildi. Qeyd edim ki, yen Baş prokuror vəzifəsinə ölkə Prezidenti cənab İlham Əliyevin təqdimatı ilə  Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülmüşdü. Təbii ki, Milli Məclis də məsələni müzakirədən keçirərək, müsbət münasibətini ifadə edərək, Kamran Əliyevin namizədliyinə razılığını bildirdi. Şəxsən mən də bir millət vəkili olaraq, istər Kamran Əliyevin Baş prokurorluğa namizədliyinin irəli sürülməsinə, istərsə də, Milli Məclisin razılığından sonra ölkə Prezidentinin bununla bağlı Sərəncamına çox müsbət yanaşıram. Çünki Kamran Əliyev bu vəzifəyə doğrudan da, çox layiqli namizəddir. Kamran müəllimlə ilk dəfə Xaçmaz rayonunda keçirilən regional müşavirədə görüşüb və tanış olmuşdum. Onu çox sadə, çox səmimi, dövlətinə, dövlətçiliyinə, Azərbaycan xalqına, ölkə Prezidentinə çox sadiq və sədaqətli insan kimi tanımışdım və bu mövqeyimdə də qalıram. Odur ki, Kamran Əliyevi ölkənin Baş prokuroru vəzifəsinə təyin edilməsi münasibəti ilə həm öz adımdan, həm də xaçmazlılar adından təbrik edir, ona yeni vəzifəsində, növbəti işlərində uğurlar arzulayıram. İnanıram və əminəm ki, peşəkar hüquqşünas, prokurorluq orqanlarında uzun və şərəfli bir yol keçmiş insan kimi,  Kamran Əliyev bu vəzifəsinin də öhdəsindən uğurla gələcək, ona göstərilən etimadı tam doöruldacaq. Kamran Əliyevdə bu potensial, bu qabiliyyət, bu bacarıq var".

Eldəniz Səlimov bildirib ki, ölkə Prezidentinin Kamran Əliyevi videoformatda qəbul zamanı dedikləri hər bir kəsin, eyni zamanda, ölkədə qanunların və qanunçuluğun təmin olunmasında birbaşa cavabdehlik daşıyan prokurorluq orqanlarının fəaliyyətində başlıca-ana xətti təşkil edəcək: "Hər bir kəs, o cümlədən, prokurorluq əməkdaşları ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələri, tələb və tövsiyələri öz fəaliyyətlərində rəhbər tutacaqlar. Xüsusilə də, rüşvətxorluğa, korrupsiyaya, dövlət əmlakının mənimsənilməsinə və bu kimi digər neqativ hallara qarşı mübarizədə daha böyük prinsipiallıq, daha böyük əzmkarlıq və daha böyük qətiyyətlilik nümayiş etdiriləcək. Hansı vəzifəni daşımasından, hansı vəzifədə əyləşməsindən asılı olmayaraq, hər bir kəsə qarşı eyni münasibət sərgilənəcək, səhlənkarlığa, nöqsanlara, ciddi səhvlərə yol verənlərə qarşı ən sərt tədbirlər görüləcək, hər kəsə qanunun gücü tanıdılacaq. Çünki Azərbaycan qanunlarla idarə olunan hüquqi-demokratik ölkədir və digər istiqamətlərdə olduğu kimi, hüquq müstəvisində, hüquq sahəsində  aparılan islahatlar bundan sonra da davam etdiriləcək və geridönməz xarakter alacaq". Millət vəkilinin sözlərinə görə, ölkə Prezidentin qeyd etdiyi kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac var. "Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil. Ona görə hüquq mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var"-deyə, fikirlərinə davam edən dövlət başçısı həmçinin ümid etdiyini bildirdi ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq: "Şəxsən mən də inanıram ki, Respubluka Pkorurluğu onun qarşısında qoyulan bu vəzifələrin öhdəsindən gəlməyi bacaraq, Azərbaycanda qanunçuluğun təmin olunması və möhkəmləndirilməsi prosesinə öz töhfələrini verə biləcək. Bu məsələlərdə xalq olaraq öz köməyimizi, dəstəyimizi də əsirgəməməliyik və əsirgəməyəcəyik. Azərbaycan bizim hamımızın evidir və hamımız bu evin huzuru, möhkəmliyi, səadəti, əbədiliyi  üçün öz üzərimizə düşən vəzifələri yerinə yetirməliyik, bu, bizim insanlıq, vətəndaşlıq borcumuzdur. Ona görə inanıram, əminəm ki, biz birlikdə qalib olacağıq, biz birlikdə hər şeyin öhdəsindən gələcəyik".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31