Azərbaycanda korrupsiya və korrupsionerlərə qarşı yeni dövr

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Baş prokuror Kamran Əliyevi videoformatda qəbulunda Azərbaycanda həyata keçirilən islahatlar, əhalinin sosial müdafiəsi sahəsində görülən işlər, neqativ hallara qarşı mübarizənin gücləndirilməsi və qanunun aliliyinin təmin edilməsi sahəsində hüquq mühafizə orqanlarının qarşısında duran vəzifələr barədə danışıb.

Ümumiyyətlə Azərbaycanda kompleks islahatların yeni mərhələsi  Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin  növbəti prezident seçkilərindən sonra başladı. Kompleks islahatların əsas tərkib hissələrindən biri də kadr islahatları oldu. Azərbaycanda artıq bir neçə ildir ki, davamlı olaraq kadr və struktur dəyişiklikləri həyata keçirilir. Məhz bu islahatlar nəticəsində Azərbaycanda yeni çevik idarəçilik mexanizmi formalaşıb. Ölkədə əhəmiyyətli kadr islahatları aparıldı. Korrupsiyaya qarşı mübarizədə də bu islahatların müsbət nəticələrinin şahidi olduq. İslahatçılığın əsas məqsədi isə vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunması, insanlarımızın daha yaxşı yaşaması üçün şəraitin təmin edilməsidir.

Yerli icra strukturlarında korrupsiya halı varsa uzun müddət fəaliyyət göstərmiş icra başçısına qarşı da əməliyyat həyata keçirilib və cinayət işi açılıb. Bunun özü bir daha göstərir ki, ölkə başçısının korrupsiya ilə mübarizədə heç kimə güzəştə getmək fikri yoxdur. Bu günlərdə Azərbaycan Respublikasının Baş Prokuror vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbərinin təyinatı da bunu bir daha sübut etdi ki, korrupsiyaya qarşı mübarizə daha intensiv xarakter alacaq və sərt şəkildə davam edəcək. Prezident İlham Əliyev bir daha, bu dəfə, daha da açıq və konkret olaraq hər kəsə xəbərdarlıq etdi. İcra başçıları və mərkəzi idarəetmədə vətəndaşını və dövlətini düşünməyən məmurlara qarşı tədbirlər görüləcək.

Hüquq sistemində xeyli vaxtdır ki, aparılan islahatlar Prezidentin son təyinatı ilə yeni bir mərhələyə qədəm qoymuş oldu. Yeni mərhələdə Prezident İlham Əliyev Azərbaycanda korrupsiyanın, rüşvətxorluğun kökünü birdəfəlik kəsməkdə qərarlıdır. Hazırkı mərhələ hüquqi sistemimizin yenilənməsi istiqamətində həyata keçirilən islahatların bundan sonra da dərinləşəcəyinə və daha genişmiqyaslı olacağına şübhə yeri qoymur.

Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən bildirib ki, bu məsələ ilə bağlı mövqe birmənalıdır: "Korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq. Onu da bildirməliyəm ki, bu hallar təkcə yerli icra orqanlarında müşahidə edilmir, mərkəzi icra orqanlarında da belə hallar, belə siqnallar var və bu siqnallar araşdırılır. Verilən məlumata görə, bəzi mərkəzi icra orqanlarında, bəzi nazirliklərdə, - hələ bu siqnallar araşdırılır, - vəzifəyə təyin olunmaq üçün insanlardan bəzi hallarda rüşvət tələb edilir. Bu, cinayətdir, bu, bizim cəmiyyətimizin əsaslarını sarsıdan addımlardır, çirkin addımlardır. Pul verib vəzifəyə gələn adam ilk növbədə neyləyəcək? Çalışacaq ki, o pulun əvəzini çıxsın. Bunu haradan çıxaracaq? Ya haradansa dövlət malını oğurlayacaq, ya da ki, əgər imkanı olacaqsa, insanlardan pul tələb edəcək. Biz bunu dəfələrlə görmüşük".

Prezidentin sözlərinə görə, sadalanan bu rayonlarda səhiyyə, təhsil, mədəniyyət sahəsində kütləvi şəkildə vətəndaşlardan, valideynlərdən, hər məktəb direktorundan pul yığılır: "Rayon mərkəzi xəstəxanasının baş həkimindən icra hakimiyyətinə pul verilir. O da öz növbəsində bütün şöbələrdən hər ay haqq yığır. Bütün bələdiyyələr icra hakimiyyətinə aylıq pul verir. Biz bu hallara qarşı amansız mübarizə aparacağıq. Haqq da, xalq da bizim tərəfimizdədir. Bütün bu ifşaedici görüntülər hər bir Azərbaycan vətəndaşında haqlı olaraq ikrah hissi doğurur. Eyni zamanda, mənə ünvanlanan yüzlərlə, minlərlə məktubda bizim bu addımlarımıza böyük dəstək göstərilir. Ona görə prokurorluq orqanları bu işdə ön sıralarda olmalıdır və qanunun aliliyini təmin etməlidir".

Azərbaycanın yeni Baş prokurorunun təyin edilməsi hüquq sisteminde islahatların geniş səhifəsinin açılması deməkdir. Dünən yeni Baş prokurorun təyin edilməsi, onun kollektivə təqdim edilməsi bütün bunlar hamısı Azərbaycanda islahatların bütün sahələrdə müsbət nəticələr doğuracağı reallığını özündə əks etdirir.

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31