Milli Məclis Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyin edilməsinə razılıq verdi
1 May 2020 13:30 SosialMilli Məclisin mayın 1-də keçirilən plenar iclasında "Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında" məsələ müzakirəyə çıxarılıb. Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev qeyd edib ki, K.Əliyevin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətlənidirilir: "Ümid edirəm ki, Milli Məclis Prezidentin təqdimatını dəstəkləyəcək. Hesab edirəm ki, Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyin edilməsinə razılıq veriləcək". Milli Məclis Sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, Kamran Əliyevin Baş prokuror vəzifəsinə namizədliyinin irəli sürülməsi hüquq ictimaiyyəti tərəfindən müsbət qarşılanır. Məsələ təqdimatdan sonra səsverməyə çıxarılaraq qəbul edilib. Sonra çıxış edən Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti, Birinci vitse-prezidenti və Azərbaycan xalqını əmin edib ki, Prokurorluq orqanları dövlətimizə və xalqımıza ləyaqətlə xidmət edəcək.
Ardınca "Hesablama Palatasının illik hesabatı haqqında" məsələnin müzakirəsi aparılıb. Hesabatı tıqdim edən HP sədri Vüqar Gülməmmədov bildirib ki, 2019-cu ildə 47 audit və 6 analitik fəaliyyət həyata keçirilib, yeni Qanunun tələblərinə uyğun olaraq 28 uyğunluq, 7 maliyyə, 8 maliyyə və uyğunluq auditi və ilk dəfə olaraq 4 səmərəlilik auditi aparılıb. V.Gülməmmədov deyib ki, audit prosesi müxtəlif mərhələyə malik olan prosesdir və bu proses zamanı kənar dövlət maliyyə nəzarəti obyekti ilə müəyyən edilmiş hər pozuntunun müxtəlif səviyyələrdə müzakirəsi həyata keçirilib: "Hesabatda 43 maliyyə və uyğunluq auditinin nəticələri icmallaşdırılıb, yol verilən pozuntular təsnifləşdirilərək ayrı-ayrı audit olunan qurumlar üzrə say və ümumi məbləğdə xüsusi çəkisi müəyyən edilib. Ötən il Hesablama Palatasının auditorları tərəfindən 561 sayda nöqsan müəyyən olunub". Palata sədri əlavə edib ki, aşkar edilən nöqsan bir auditə orta hesabla 13,1 nöqsan deməkdir: "Əvvəlki illə müqayisə etsək 2019-cu ildə nəticələri üzrə müəyyən edilmiş nöqsanlar təsnifləşdirilmiş nəzarət tədbirlərinin sayı 18,9 faiz, nöqsan sayı isə 21,4 faiz azalıb, nəticədə 2018-ci illə nisbətən 1 tədbirə düşən nöqsan sayında azalma təqribən 3 faiz təşkil edib".
Məsələnin müzakirəsi zamanı deputat Sadiq Qurbanov deyib ki,elə bir maliyyə nəzarəti aparılan qurum yoxdur ki, orada nöqsanlar aşkarlanmasın: "Müəyyən vəsait dövlət büdcəsinə bərpa olunsa da, nəticələr ürəkaçan deyil. Cavabdeh vəzifəli şəxs məsuliyyətə cəlb olunmalıdır. Vəsaitin büdcəyə bərpa olunması həmin şəxsləri bu məsuliyyətdən azad etməməlidir. Təklif edirəm ki, Hesablama Palatası Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi vəzifələrə uyğun olaraq, dövlət vəsaitlərindən səmərəsiz istifadə edilməsi hallarına ciddi nəzarət etsin". Millət vəkili Malik Həsənov qeyd edib ki, gələcəkdə Hesablama Palatasının fəaliyyətinin təkmilləşməsi üçün bir sıra işlər görülməlidir: "Hesablama Palatasının səlahiyyətləri artırılmalıdır". Deputat Qüdrət Həsənquliyev bildirib ki, Hesablama Palatasında irəli sürülən təkliflər hər il mahiyyət etibarı ilə eyni olur: "Təklif edirəm ki, Hesablama Palatasının strukturuna hüquqşünaslar cəlb olunsun. Hesablama Palatası nəzarət apardığı bütün qurumlarda nöqsanlar aşkarlayıb. Deməli, biz sistemli şəkildə islahatlar aparmalıyıq. Qanunvericilik təkmilləşdirilməli, məhkəmə-hüquq sistemində islahatlar dərinləşdirilməlidir. Hazırda korrupsiyaya qarşı mübarizə gücləndirilib. İcra başçıları həbs olunur. Ancaq bu tipli cinayətlərdə rüşvətverənlər məsuliyyətə cəlb edilmir. Onları ya rüşvət verməyə məcbur edilib adı altında cinayət məsuliyyətindən azad edirlər, ya da istintaq orqanı ilə könüllü əməkdaşlıq etdiyi üçün. Amma bu hallar onları məsuliyyətdən azad etməməlidir. Onlar fikirləşir ki, hansısa formada cinayət məsuliyyətindən yayına biləcək. Bunun qarşısı alınmalıdır. Bunun üçün də qanunvericilik təkmilləşdirilməlidir. Bunun üçün Milli Məclisin komitələrinin üzərinə böyük yük düşür". Millət vəkili Vüqar Bayramov qeyd edib ki, dövlət satınalmaları ilə bağlı çatışmazlıqların hesabatda qeyd olunması müsbət haldır: "Nöqsanlar qeyd olunur, amma ümumi xarakter daşıyır. Onlarla bağlı konkret istinadlar yoxdur. Tenderlərin 3-də birində də məlumatlar ictimaiyyətə təqdim olunmur. Hansı qurumlar tərəfindən bunun edilməsinin ictimaiyyətə təqdim olunmasına ehtiyac var. Bu da çatışmazlıqdır. Bir mənbədən satınalma üsulundan hansı dövlət orqanlarının istifadə etdiyi də açıq şəkildə göstərilməlidir. Təklif edirəm ki, Hesablama Palatası post hesabat dövründə də gözləntilər ayrıca olaraq qeyd olunsun. Hesabatda qeyd olunub ki, ötən il problemli kreditlərlə bağlı ölkə başçısının sərəncamının icrası Hesablama Palatası tərəfindən audit olunub və müəyyən olunub ki, 15 min vətəndaşımız ona aid olan vəsaiti ala bilməyib. Təklif edirəm ki, onların niyə bunu ala bilməməsinə baxılsın. Eyni zamanda Büdcə Məcəlləsinin təkmilləşdirilməsinə ehtiyac var. Mərkəzi Bank tərəfindən 2 bankın lisenziyası ləğv edilib". Müzakirələrdən sonra Hesablama Palatasının illik hesabatı qəbul edilib.
Alim