Goranboyun cəbhəyanı yolları yenidən qurulur
1 May 2020 14:01 SosialTap Qaraqoyunlu kəndi, həmçinin Xan Qərvənd kəndi istiqamətində yollar yenidən qurulur. "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Goranboy rayonunun Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tap Qaraqoyunlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə start verilib.
31 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tap Qaraqoyunlu avtomobil yolunun tikintisi 2 istiqamət üzrə aparılır - cəbhəyanı yaşayış məntəqəsi olan Tap Qaraqoyunlu kəndinə qədər və Xan Qərvənd kəndini əhatə edən istiqamət.
Layihəyə uyğun olaraq yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əvəzinə çınqıl qruntu tökülərək kipləşdirilir. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılır, yolun genişləndirilməsi işləri aparılır. Bundan başqa torpaq yatağı hazır olan hissələrdə yeni yol əsası inşa edilir. Yol əsasının alt layının tikintisi optimal qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılır.
Sözügedən yolun yenidən qurulması yol boyu yaşayan vətəndaşlarımızın rayon mərkəzinə, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu vasitəsi ilə respublikamızın istənilən istiqamətinə hərəkət etməsinə imkan yaratmaqla avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradacaq, yük və sərnişin daşımasını asanlaşdıracaq, kənd təsərrüfatının inkişafına təkan verəcək, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq.