Qida Təhlükəsizliyi Agentliyi pandemiya dövründə fəaliyyətini necə qurub?- ÖZƏL
1 May 2020 11:33 SosialAQTA: "Qida və kənd təsərrüfatı məhsullarının COVID-19 virusunun mənbəyi olmasında və ya ötürülməsində hər hansı roluna dair heç bir dəlilə rast gəlinməyib"
Bütün dünyanı bürüyən koronavirus pandemiyası hər bir sahəyə öz mənfi təsirini göstərdi. Xüsusilə, səhiyyə və iqtisadi sahədə biz bunun şahidi olduq. Eyni zamanda pandemiya qida sektoruna da təsirsiz ötüşmədi. İstər ölkəyə idxal edilən məhsullar, istər istehsal prosesinə nəzarətin gücləndirilməsi kimi məsələlər bu günlərdə əsas şərtlərdən biri oldu. Bəs görəsən ölkənin qida sektoruna belə demək mümkünsə cavabdeh olan, bu sahədə üzərinə düşən vəzifələri tam mənada yerinə yetirməyə çalışan Qida Təhlükəsizliyi Agentliyi pandemiya dövründə fəaliyyətini necə qurub?
"OLAYLAR"-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və İnnovativ həllər şöbəsindən bildirilib ki, ölkəmizdə koronavirusa qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublikamızda fəaliyyət göstərən ərzaq məhsullarının satışı, eləcə də ət kəsimi və satışı məntəqələrində monitorinqlər keçirilib.
Monitorinqlər zamanı qida məhsullarının satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə termiki emal olunmadan və təmizlənmədən keçmədən istifadə olunan qida məhsullarının xüsusi yerlərdə saxlanılması, bu məhsulların alıcılara xüsusi geyimli market əməkdaşları tərəfindən təqdim edilməsi ilə bağlı tövsiyələr verilib. AQTA əməkdaşları tərəfindən hazırlanmış təşviqat xarakterli çap materialları ərzaq satışı məntəqələrində quraşdırılıb. Maarifləndrimə tədbirləri çərçivəsində respublikamızın bütün bölgələrində, eləcə də Bakı şəhərində fəaliyyət göstərən ərzaq məhsullarının satışı məntəqlərində AQTA əməkdaşları tərəfindən hazırlanmış təşviqat xarakterli çap materialları quraşdırılıb.
Bundan başqa heyvan kəsimi və satışı yerlərində keçirilən monitorinqlər zamanı koronavirusla mübarizə tədbirləri çərçivəsində tətbiq olunan tələblər, heyvan kəsimi məntəqələrinin fəaliyyətinə dair metodiki göstərişlər diqqətə çatdırılıb.
Agentlik tərəfindən bu sahədə metodiki göstərişlər hazırlanaraq müvafiq sahibkarlıq subyektlərinə rəsmi şəkildə təqdim olunub.
Xüsusi rejimdə fəaliyyət göstərən AQTA tərəfindən 40-a qədər poster, 20 minə yaxın çap materialı və 2 metodiki göstəriş hazırlanaraq sahibkarlıq subyektlərinə təqdim olunub.Agentlikdən bildirilib ki, əhalinin maarifləndirilməsi ilə bağlı ölkə mediasında AQTA əməkdaşlarının müsahibələri təşkil olunub.Bundan başqa maarifləndirmə tədbirləri çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sahibkarlar üçün videotəlimlər təşkil edib. Bu videotəlimlərdə 100-dək sahibkar iştirak edib. Təlimlər zamanıonların sualları cavablandırılıb, təklifləri nəzərdən keçirilib və sahibkarlara bir sıra tövsiyələr verilib.
Sorğumuza cavab olaraq o da qeyd edilib ki, Ümumdünya Ticarət Təşkilatı (ÜTT), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə əlaqədar ərzaq məhsullarının ticarəti ilə bağlı 31 mart 2020-ci il tarixdə birgə bəyanat imzalaıb. Bəyanatda qida təhlükəsizliyinə dair əsaslandırılmamış fikirlərlə bağlı ölkələrin ərzaq məhsullarının ticarəti üzrə COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyəti azaltmaq, ümumilikdə həmin məhsulların xarici bazarlarda dövriyyəsi məqsədilə məhdudiyyət tətbiq etməmək tövsiyə olunub. Bundan əlavə, 30 mart tarixində G20 ölkələrinin ticarət üzrə nazirləri tərəfindən verilmiş bəyanatda COVID-19 ilə mübarizə üçün qabaqlayıcı lazımi tədbirlərin vacibliyi ilə yanaşı,ticarətdə zəruri olmayan maneələrin yaranmaması, qlobal təchizat zəncirinin pozulmaması və ÜTT qaydalarına uyğunluğu əksini tapıb. Avropa Qida Təhlükəsizliyi Qurumunun məlumatına görə, qida və kənd təsərrüfatı məhsullarının COVID-19 virusunun mənbəyi olmasında və ya ötürülməsində hər hansı roluna dair heç bir dəlilə rast gəlinməyib. Bu səbəbdən Avropa İttifaqı heyvan, bitki və onlardan əldə olunan məhsullara heç bir ticarət məhdudiyyətinin qoyulmadığını bəyan edib. Belə məhdudiyyətlərin genişləndirilməsinin ərzaq təhlükəsizliyi nöqteyi-nəzərindən, xüsusilə pandemiyadan əziyyət çəkən ölkələrə mənfi təsirləri ola biləcəyi qeyd olunub.
Qeyd edək ki, hazırda ölkəmizin xarici dövlətlərlə bir çox sahələrdə, eyni zamanda ticarət sahəsində sıx münasibətləri mövcuddur. İdxal-ixrac əməliyyatlarının istər həcminə, istərsə də əmtəə strukturuna əsasən dünyanın əksər ölkələrilə geniş ticarət münasibətləri qurulub. Pandemiyanın Azərbaycan iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə müvafiq tədbirlər görülür. Əhalinin qida məhsulları ilə təchizatında sahibkarların səmərəli fəaliyyəti üçün dəstək tədbirləri həyata keçirilir. Bütün bunları nəzərə alaraq AQTA ərzaq məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərinin nəzərinə çatdırıb ki, qida və kənd təsərrüfatı məhsullarının xarici ticarət dövriyyəsində heç bir məhdudiyyət tətbiq edilməyib və onlar qanunvericiliyin tələbləri çərçivəsində öz fəaliyyətlərini davam etdirə bilərlər.
Agentlikdən o da bildirilib ki, AQTA olaraq əhaliyə bu virusdan qorunmaq üçün bir sıra tövsiyələr verib. Bunlardan biri də COVID-19 ilə mübarizədə immun sistemini gücləndirmək üçün düzgün və balanslı qidalanma ilə bağlı olub. Məsələn, tərkibində əsasən C vitamini (portağal, naringi, limon, ananas, itburnu, cəfəri, bibər, noxud, pomidor, qarağat, kivi, çiyələk, brokkoli, gül kələmi), D vitamini (yağlı balıqlar, göbələk, qaraciyər, pendir, yumurta sarısı), E vitamini (günəbaxan tumu və yağı, qarğıdalı yağı, soya yağı, ispanaq, brokkoli, badam, fıstıq), A vitamini (treska balığı, yumurta, portağal, ərik, kök, ispanaq, kahı), B6 vitamini (tuna balığı, qızıl balıq, mal və toyuq əti, lobya, noxud, gərzəkli meyvələr, banan), B12 vitamini (mal əti, tuna balığı, qızıl və ala balıq, qaraciyər, süd, yumurta), Sink (mal və quzu əti, qoz-fındıq, paxlalılar, kök, kartof), Fol turşusu (lobya, noxud, tərəvəzlər, sitrus meyvələri və onların şirələri), Dəmir (quş və mal əti, qaraciyər, dəniz məhsulları, yumurta sarısı, quru ərik və kişmiş, ispanaq, cəfəri), Mis (qaraciyər, dəniz məhsulları, kartof, quru meyvələr, qoz-fındıq) olan məhsullara üstünlük verilməsi tövsiyə olunub. AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən orqanizmin bakteriya və viruslara, eləcə də COVID-19 xəstəliyinə qarşı davamlı olması üçün immun sisteminin gücləndirilməsi ilə bağlı maarifləndirici materiallar hazırlanıb, sağlam qidalanma ilə bağlı tövsiyələr, gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər diqqətə çatdırılıb. İmmun sistemini gücləndirmək üçün gündəlik qida rasionunda əsasən tərkibi mikroelementlər və vitaminlərlə zəngin olan qidalara üstünlük vermək tövsiyə olunub.
Qeyd edək ki, hazırda da Agentlik qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi istiqamətində təbliğat işlərini davam etdirir.
Süleyman İsmayılbəyli