Karantin qaydalarının yumşaldılması o demək deyil ki, xəstəlik geridə qalıb
1 May 2020 08:56 SosialBir sıra xarici dövlətlərdə xəstəliyin ikinci dalğası daha dəhşətli şəkil alıb
Artıq dünya dövlətlərində koronavirus pandemiyası (COVID-19) ilə mübarizə sahəsində uğur əldə edilən bəzi dövlətlərdə mövcud məhdudiyyətlər sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir. Azərbaycanda da xüsusi karantin rejimi yumuşaldılması ilə bağlı müvafiq qərar qəbul edilib. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilərək 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib. Məlumat üçün qeyd edək ki, məlum qərardan dərhal sonra insanların fəaliyyəti bərpa olunan obyektlərə kütləvi axını müşahidə olunub, Xüsusən nəqliyyat daşımalarında əhəmiyyətli dərəcədə sıxlıq qeydə alınıb ki, bu da karantin qaydalarına ziddiyyət təşkil edir. Mütəxəssislər hesab edirlər ki, yaranmış vəziyyət koronavirusun yoluxma hallarının artmasına, virusun ikinci dalğasının başlamasına səbəb ola bilər. Odur ki, insanlar verilmiş qərardan siu-istifadə etməməli, karantin qaydalarına ciddi riayət etməlidirlər. Nəzərə almaq lazımdır ki, dövlətimiz üçün sözgedən qərarın verilməsi elə də asan başa gəlməyib. Bütün dünyada tüğyan edən koronavirus pandemiyasının ilk dövrlərindən Azərbaycan dövləti bu təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa göstərişi ilə əvvəlcə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Eyni zamanda, ölkəmizdə kütləvi yoluxmanın qarşısını almaq üçün dərhal təlim-tədris müəssisələrinin, ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırıldı, bütün kütləvi tədbirlər ləğv edildi və ya təxirə salındı. Daha sonra ölkədə xüsusi karantin rejimi tətbiq edildi. Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində səhiyyə sahəsində bir sıra təxirəsalınmaz addımlar atıldı, eləcə də sosial dəstək tədbirləri həyata keçirildi. Bunların nəticəsidir ki, dünyanın əksər ölkələri ilə müqayisədə pandemiyaya qarşı mübarizədə Azərbaycanda daha ciddi uğurlar əldə olunub. Milli Məclisin deputatı Malik Həsənov bildirib ki, ölkədə qısa müddət ərzində həyata keçirilən bu tədbirlərin müsbət nəticələri isə artıq ortadadır. Təsadüfi deyil ki, ÜST sədri Tedros Adhan Gebreyesus da dəfələrlə Azərbaycanda görülən tədbirləri olduqca müsbət qiymətləndirib və bütün dünya ölkələrinə nümunə kimi göstərib: "Ölkə rəhbərliyi vətəndaşların sağlamlığı və təhlükəsizliyini qorumaq üçün vaxtında və təsirli tədbirlər görməkdədir. Bu gün Azərbaycan dövləti yalnız öz mənbələri hesabına pandemiya ilə mübarizə üzrə təsirli tədbirlər planını həyata keçirir, iqtisadiyyatın bütün sahələrinə dövlət dəstəyi göstərir. Bundan əlavə, görülən bütün tədbirlərin strategiyası pandemiyanın nəticələrinin milli iqtisadiyyata mənfi təsirini azaltmağa yönəlib. dünyada pandemiyaya qarşı qoruyucu vasitələrin çatışmadığı bir vaxtda Azərbaycanın müstəqil olaraq ölkə əhalisini koronavirusla mübarizədə istifadə olunan bütün qoruyucu vasitələrlə təmin edə bilməsi də nümunəvi faktdır. Buna misal olaraq Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə tibbi maskalar istehsal edən müəssisənin açılışını, həmçinin ölkədə spirt, dezinfeksiyaedici məhsullar və digər qoruyucu vasitələrin istehsal həcminin artırılmasını və bununla da pandemiya dövründə bu məhsulların xarici idxaldan asılılığı minimuma endirilməsini göstərmək olar. Pandemiya ilə mübarizədə insanların sağlamlığının qorunması sahəsində vacib bir addım isə dövlət tərəfindən 575 çarpayılıq və müasir avadanlıqla təchiz edilmiş "Yeni Klinikan"ın koronavirusa yoluxmuş xəstələr üçün ayrılmasıdır. Virusun müntəzəm diaqnostikası üçün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun dəstəyi ilə müasir avadanlıqlarla təchiz olunmuş 18 müasir laboratoriyanın fəaliyyətə başlaması da görülən təxirəsalınmaz tədbirlərin mühüm hissəsidir".
Göründüyü kimi sözgedən qərarın verilməsi Azərbaycan dövlətinə elə də asan başa gəlməyib. Odur ki, insanlar davamlı olaraq karantin rejiminə riayət etməlidirlər ki, yoluxma hallarının sayı artmasın. Bunun üçün isə bəzi karantin qaydalarının daha da sərtləşdirilməsi ehtiyacı yaranır. Çünki, heç kim zəmanət verə bilməz ki, koronavirus daşyıcısı insanların kütləvi cəm olunduqları yerdə yoluxmaya səbəb olmayacaq. Yaxud, ictimai iaşə və ticarət obyektlərində karantin qaydalarına yüz faiz əməl olunacaq. Bu isə o deməkdir ki, koronavirus pandemiyası hələ də tamamilə aradan qaldırılmayıb, onun hər an yayılma ehtimalı qalmaqdadır. Milli Məclisin üzvü Aydın Hüseynov deyib ki, Azərbaycanda koronavirusa ilk yoluxma halı elan edilən gündən etibarən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə birbaşa ciddi addımlar atılaraq, qabaqlayıcı tədbirlər həyata keçirilib. Bu qabaqlayıcı tədbirlərin nəticəsidir ki, bu gün ölkədəki vəziyyət digər bütün ölkələrə nisbətdə çox yaxşıdır. Deputatın sözlərinə görə, hazırda karantin rejiminin şərtlərinin yumşaldılması o demək deyil ki, xəstəlik geridə qalıb: "Koronavirus günün aktual problemidir və vaksini hələ də tapılmayıb. Bir sıra xarici dövlətlərdə xəstəliyin ikinci dalğası daha da dəhşətli şəkil alıb. Ona görə də, hesab edirəm ki, biz heç də arxayınlaşmamalı, əksinə daha da diqqətli olmalıyıq". A.Hüseynov vurğulayıb ki, unutmaq lazım deyil ki, biz karantin rejiminin şərtlərinə ciddi riayət etməklə bu xəstəliyin daha çox yoluxmasının qarşısını ala bilmişik: "Biz attıdığımız addımların, etdiyimiz diqqətsizliyin nəticəsini göz önünə gətirməliyik. Mayın 4-ü etibarilə karantin rejimi tamamilə ləğv olunacaq. Hesab edirəm ki, buna arxayın olub birdən-birə diqqətsiz davrana bilmərik". Hüquqşünas Alim Hüseynli qeyd edib ki, hazırda tətbiq edilən yumuşalma qərarını nəzərə alaraq koronavirus pandemiyasının başlanğıc dövründə həyata keçirilən kampaniya daha intensiv şəkildə yenidən təkrarlanmalıdlr. Mətbuat və sosial şəbəkələr vasitəsilə insanlara izah edilməlidir ki, karantin rejimindəki məhdudiyyətlərin bəzisi aradan qaldırıldığı üçün əhali arasında virusa yoluxmada artım ola və prosesin ikinci dalğası başlaya bilər: "Əhali bilməlidir ki, COVID-19 xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir. Xüsusən, kütləvi tədbirlərin və məhdudlaşdırılması, yaşı 65 dən artıq olan vətəndaşlarla bağlı "Evdə qal!" kampaniyası bərpa olunmalıdır. Fəaliyyəti bərpa olunan obyektlərdə sosial izolyasiya tədbirlərinin tətbiqi davam etdirilməlidir". O, hesab edir ki, xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli yumşaldılması zəruridir. Amma epidemioloji vəziyyət tələb edərsə, xəstəliyin dinamikasında artım olarsa, karantin rejimi yenidən sərtləşdirilməli, müvafiq məhdudiyyətlər yenidən tətbiq olunmalıdır.
Nurlan