"Nə yaxşı ki, varsınız və bizim Prezidentimizsiniz"-MƏKTƏBLİLƏR PREZİDENTƏ YAZIR
30 Aprel 2020 19:04 SosialBütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.Məktəblilərin yazdığı məktublar daha təsirlidir:
xxx
Sevimli prezidentimiz, Azərbaycan xalqının dəyərli rəhbəri.
Siz bu çətin vaxtlarda - pandemiya dövründə bizlərin qayğısına qaldınız. Düzgün qərarlarınızla virusun əhali arasında daha çox yayılmasının qarşısını aldınız, xalqımıza əsl atalıq qayğısı göstərdiniz. Biz şagirdlər evdə qalsaq da, Sizin sayənizdə onlayn dərslərlə təhsildən qalmadıq. Buna görə Sizə dərin minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, varsınız və bizim Prezidentimizsiniz.
Hörmətlə,
İbrahimova Gül Samir qızı, Nizami kənd tam orta məktəbin VII sinif şagirdi.
Azərbaycan Respublikası, Goranboy rayonu.
xxx
Hörmətli cənab Prezidentimiz.
Karantin müddətində Sizin etdiyiniz yaxşılıqları görmüşəm, həqiqətən, çox qayğıkeş bir dövlət başçısı olduğunuzu da bilirəm. Siz bu dövlətin dar günündə onun yanında oldunuz, aztəminatlı ailələrə və yaşlı insanlara yardım etdiniz. Buna görə də Sizə dərin təşəkkürlərimi bildirirəm.
Ailə üzvlərimiz və mən Sizi çox sevirik. Biz fəxr edirik ki, Azərbaycan xalqının Sizin kimi qayğıkeş Prezidenti var.
Sevgilərlə,
Umudova Şəfa Zahid qızı, 6-cı sinif şagirdi.
Azərbaycan Respublikas, Şabran rayonu, Gəndov kəndi.
xxx
Hörmətli cənab Prezident.
Hazırda koronavirus pandemiyasının geniş vüsət aldığı bir dövrdə yaşayırıq. Buna baxmayaraq, Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsi itkilərimizin digər ölkələrlə müqayisədə daha az olmasına gətirib çıxardı. Məhz Sizin göstərdiyiniz səylər nəticəsində bu virusun qarşısı tez bir zamanda alındı. "Evdə qal" çağırışınız, əhalinin daha sıx toplaşdığı məkanların bağlanması, ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi bunun sübutudur.
Cənab Prezident, atdığınız məqsədyönlü addımlar bir daha sübut edir ki, Siz və Mehriban xanım Əliyeva daim xalqın yanındasınız. Xalqımızın evdə qaldığı müddətdə insanlara göstərdiyiniz maddi və mənəvi dəstəyə, onların rifahının yaxşılaşdırılması üçün dövlət büdcəsindən ayırdığınız vəsaitə görə çox sağ olun. Azərbaycan Sizinlə gözəldir, cənab Prezident!
Hörmətli cənab Prezident, biz Sizinlə fəxr edirik. Biz birlikdə güclüyük!
Hörmətlə,
Həsənli Nəzrin Pərviz qızı, 7-ci sinif şagirdi.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
xxx
Möhtərəm cənab Prezident.
Dünyada yayılan nadir yoluxucu xəstəliklərdən biri də məhz son günlərdə bütün planeti qorxuya salan koronavirus pandemiyasıdır. Ölkəmizdə koronavirus xəstəliyinin geniş yayılmasının qarşısının alınması üçün Sizin tərəfinizdən görülən qabaqlayıcı tədbirlər xalqımızıi böyük bir təhlükədən artıq xilas etməkdədir. Bu, məni və bütün Azərbaycan xalqını çox sevindirir. Doğrudur, xalqımız əsrlərboyu ağır günlər keçirib, lakin ulu öndər Heydər Əliyevin və Sizin sayənizdə gözəl günlərə qədəm qoyub. Siz dövlətimiz üzərində parlayan günəşsiniz. Allah Sizi qorusun.
Pandemiya dövründə biz məktəblilər evdə qalmağımıza baxmayaraq, təhsildən geri qalmır, bir çox vasitələrdə dərslərimizi yüksək səviyyədə davam etdiririk. Evdə qaldığımız bu müvəqqəti günlərdə Sizin qəbul etdiyiniz qərarlarla biz gələcəyə daha uğurla və inamla addımlayırıq. Bu məktubu yazmaqda məqsədim Sizin Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğıya, xüsusilə də biz şagirdləri düşünərək, təhsildə gördüyünüz tədbirlərə görə təşəkkürümü bildirməkdir. Böyük inamla söyləyirəm ki, bütün Azərbaycan xalqı Sizə dərin sevgi bəsləyir.
Hörmətlə,
Cavadov Nihat Nəsib oğlu, Dəmirçi kənd ümumi orta məktəbinin 8-ci sinif şagirdi.
Azərbaycan Respublikası, Masallı rayonu.