“Əşi, boş şeydir” deyilən nəsnə bizi uzun yola aparır- AZƏR QİSMƏT YAZIR
30 Aprel 2020 16:42 SosialAZƏR QİSMƏT
·
Karantinə əməl etməklə Avropa yoluxanların və ölənlərin sayına görə birincidirsə, Azərbaycan karantin qaydalarına ciddi riayət etmədiyindən Avropanı da geridə qoya bilər. Bunu son 3 gün ərzindəki müşahidələrimdən gördüm. Adamlar yenə də məsafə saxlamır, maska taxan da azdır. Əvvəl maska qıtlığından şikayət olunurdusa, indi yeni açılan müəssisənin hesabına maska qıtlığı yoxdur. İndi də adamlar maska taxmır. Avtobuslar məsafə oturacağı sisteminə əməl etmir. Bir neçə bank və mağazaları çıxmaq şərtilə, yenə də məsafə gözlənilmir. Marketlərə daxil olanda alıcıların əlinə spirt vurardılar, temperatur yoxlanılardı. İndi həmin təşəbbüslər buxarlanıb göyə. Belə bir təəssürat yaranır ki, sanki dünyada pandemiyanın zəfər zəngi çalınıb qurtarıb. Halbuki, Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq etdi ki, pandemiyanın 2-ci dalğası gözlənilir. Bu da adamların qaydalara riayət etməməsinə görə baş verəcək. Azərbaycanda adamlar ciddi qaydalara əməl etdikcə, xəstələnənlərin sayı azalırdı. Səbrimizi ona görə basır və az yoluxub, çox sağalanlara görə sevinirdik. İndi adamlarımız yenə işləri korlayacaqlar və biz uzun müddət evdə qalacağıq.
Axı, bundan qaça bilərik. Sadəcə, bizdən evdə oturmaq tələb olunur, əziz bacı və qardaşlar. Evimizi, insanlarımızi, bütövlükdə ölkəmizi qorumaq ən azından insanlıq borcumuzdur. Dövlətin koronavirus infeksiyası əleyhinə həyata keçirtdiyi qətiyyətli tədbirlərin səmərəsi məndən, səndən, ondan, bir sözlə, hamımızdan asılıdır. Bunu hamı birdəfəlik bilməlidir və vətəndaşın dövlətlə eyni səngərdən çıxış etməsi bu səbəbdən olduqca vacibdir. Özünütəcrid, gücləndirilmiş karantin rejiminin qaydalarına nə qədər çox əməl olunarsa bir o qədər vaxt qazana və xəstəliyin yayılmasının qarşısını almaqda şəxsi nümunə göstərə bilərik. Cəmiyyət bu həmrəyliyi nümayiş etdirir, ancaq təəssüf ki, məsuliyyətsizlik, karantin rejimi qaydalarını müxtəlif yollarla pozan və buna cəhd edənlərlə də qarşılaşırıq.
Axı, Azərbaycan epidemiyanın lokallaşdırılması üçün addımlar atmaqdadır. Dünyanın əksər dövlətləri nə pandemiyadan əvvəl, nə də infeksiya yayılanda belə tədbirlər ya görmədi, ya da gecikdi. Bunu Ümumdünya Səhiyyə Təşkilatı, həmçinin BMT-də etiraf edir və ölkəmizin pandemiya ilə mübarizə tədbirlərini yüksək qiymətləndirir. Ancaq biz nə edirik, küçələrə çıxmaq, gücləndirilmiş karantin rejiminin qaydalarını pozmaqla görülən tədbirlərin təsirlərini nəinki azaldır, əksinə xəstəliyin daha geniş yayılmasına şərait yaradırıq. Gəlin bundan əl çəkək. Bu, həm özümüzü, həm yaxınlarımızı, həm də ətrafdakılarımızı qorumaq üçün vacibdir. "Evdə qal", "özünü izolə et" kimi sosial cağırışların əsl mahiyyəti də məhz bununla müəyyənləşir. Belə ağır və çətin dönəmdə hər kəs anlamalıdır ki, onun məsuliyyətsiz addımları ailəsinin hər bir üzvünü, yaxınlarını, cəmiyyəti, bütövlükdə, milli təhlükəsizliyimizi təhdid altına alır.
Son 3 gün göstərdi ki, 2-ci dalğa mümkündür. Bu üzücüdür, ürəkçəkəndir. Amma düşünəndə ki, bu üzücülük uzun müddət çəkəcək, insanı vahimə basır. İnanın ki, az yoluxma rəqəmlərinə elə sevinirdim ki. Lakin heyhat. Çünki "əşi, boş şeydir" deyilən nəsnə bizi uzun yola aparır. O uzun yol olmaya da bilər. Bu da məsuliyyət hissindən asılıdır.