Koronavirusun ikinci dalğası başlaya bilər -YUNUS OĞUZ
29 Aprel 2020 21:32 SosialYUNUS OĞUZ
"Evdə qal!" kampaniyası davam etdirilməlidir
Ötən ilin dekabr ayından dünyanı cənginə almış koronavirus (COVID-19) xəstəliyinin uzun mücadilədən sonra səngiməsi müşahidə olunur. Hazırda COVID-19 ilə mübarizə sahəsində əksər dövlətlərdə karantin rejimi tətbiq olunsa da, mövcud məhdudiyyətlər sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir. Azərbaycanda da xüsusi karantin rejimi yumuşaldılması ilə bağlı müvafiq qərar qəbul edilib. Daha dəqiqliyi ilə desək, Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin müddəti uzadılıb. COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilərək 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib. Artıq bir sıra fəaliyyət sahələri işlərini bərpa edib, bəzi ticarət və iaşə obyektlərinə insanların gəlişi müşahidə olunmaqdadır. Lakin nəzərə almaq lazımdır ki, hələ koronavirus pandemiyası tamamilə aradan qaldırılmayıb, onun hər an yayılma ehtimalı qalmaqdadır. Belə bir şəraitdə insanların kütləvi şəkildə ticarət və iaşə obyektlərinə axışı ikinci dalğanın başlanmasına əsas ola bilər. Xatırlatmaq yerinə düşər ki, hələ 2019-ci ilin dekabr ayından yayılan yeni növ koronavirus (COVID-19) xəstəliyi 2020-ci ilin mart ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunub. Bu isə ona dəlalət edir ki, koronavirus uzun müddətli xəstəlik hesab olunur. Yerli və beynəlxalq mütəxəssislər onun ikinci dalğasının baş verməsi ehtimalını isrisna etmirlər. Artıq dünya ölkələrində belə bir proses müşahidə olunub. Belə ki, Almaniyada karantin rejiminin yumuşaldılması insanlarda arxayınçılıq yaratdı, nəticədə yoluxma hallarının artımı baş verdi. Odur ki, ölkə vətəndaşları Nazirlər Kabinetinin qərarından "ruhlanaraq" karantin qaydalarını unutmamalıdırlar. Əksinə, iş yerlərində sanitar-gigiyena qaydalarına ciddi riayət etməlidirlər. Hesab edirəm ki, fəaliyyəti bərpa olunan sahələrdə ciddi nəzarət tədbirləri həyata keçirilməli, profilaktik tədbirlər davam etdirilməlidir. Çünki, xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar əhalidə təhlükənin sovuşduğu əhval-ruhiyyəsi yarana bilər. Bunu nəzərə alaraq koronavirus pandemiyasının başlanğıc dövründə həyata keçirdiyimiz kampaniya daha intensiv şəkildə yenidən təkrarlanmalıdır. İnsanlara çatdırılmalıdır ki, karantin rejimindəki məhdudiyyətlərin bəzisi aradan qaldırıldığı üçün əhali arasında virusa yoluxmada artım ola və prosesin ikinci dalğası başlaya bilər. Bu məqsədlə gigiyena qaydalarına daha ciddi riayət olunması ilə bağlı maarifləndirici materiallar, roliklər bərpa olunmalı, yeniləri verilməlidir. Paralel olaraq sosial izolyasiya tədbirləri, xüsusilə "Evdə qal!" kampaniyası davam etdirilməlidir. Hava şəraitinin mülayimləşməsi yaşlı insanların istirahət parklarına çıxması üçün şərait yaratdığını nəzərə alaraq yaşı 65 dən artıq olan vətəndaşlarla bağlı xəbərdarlıqlar bərpa olunmalıdır. Koronavirusun daha çox insanların kütləvi şəkildə toplaşdığı zaman yayılma ehtimalı nəzərə alınaraq virusa yoluxma sürətinin qarşısını almaq məqsədilə ölkədə kütləvi tədbirlər arxa plana keçirilməli, vətəndaşlar əvbəlki dövrdə olduğu kimi 2 metrlik distansiya tələbinə riayət etməlidirlər. Ümumiyyətlə, xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli yumşaldılması zəruridir. Amma epidemioloji vəziyyət tələb edərsə, yani xəstəliyin dinamikasında artım olarsa, karantin rejimi yenidən sərtləşdiriləcək, müvafiq məhdudiyyətlər yenidən tətbiq olunmalıdır.