Azərbaycanlı alim Qazaxıstan arxeoloqlarının videokonfransında çıxış etdi
29 Aprel 2020 11:12 SosialS.Amanjolov ad. Şərqi-Qazaxıstan Dövlət Universitetinin təşəbbüsü ilə "Ruxani Janquru (Mənəvi intibah) dövlət proqramı Qazaxıstanın arxeologiyasının inkişafı faktoru kimi" adlı videokonfrans keçirildi. Tədbirdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Antik dövr arxeologiyası" şöbəsinin müdiri t.ü.f.d. Zaur Həsənov iştirak etmişdir.
Olaylar.az xəbər verir ki, tədbiri giriş sözü ilə S.Amanjolov ad. Şərqi-Qazaxıstan Dövlət Universitetinin rektoru Muxtar Tölegen açdı. Daha sonra Qazaxıstanın tanınmış arxeoloqu, Alman Arxeoloji İnstitutunun müxbir üzvü professor Zaynolla Samaşev Altayın Berel və Tarbaqatayın Eleke-Sazı kurqan abidələrində aparılan arxeoloji tədqiqatlar haqqında məruzə etdi.
Qeyd edək ki, həmin tədqiqatlar "Mənəvi intibah" dövlət proqramının çərçıvəsində aparılır. Bu kurqan abidələrindən arxeoloji qazıntılar nəticəsində İskit-Saka dövrünə aid qızıl geyimli kişi və qadın dəfnləri aşkar olunmuşdu. Abidədən tapılan silah və at bəzəkləri də qızıl ilə işlənmişdi. Bu tipli tapıntılar Qazaxıstan cəmiyyətində "Altın Adam" adı ilə tanınır. Berel abidəsində bir neçə kurqanda atların başlarına bərkidilmiş süni buynuzlar aşkar edilib. Üzərinə nazik qızıl lövhələr pərçimlənmiş süni buynuzlar ağacdan hazırlanmışdı. Adı çəkilən abidələr artıq Qazaxıstanın milli simvollarına çevrilib. Berel abidəsi dövlət turizm proqramının marşrutuna daxil edilib.
Əl-Fərabi ad. Qazaxıstan Dövlət Universitetinin professoru Abdeş Toleubayev Erkən dəmir dövrünə aid Şilikti kurqanlarında qeyd edilmiş dövlət proqramının çərçıvəsində aparılan arxeoloji tədqiqatlar haqqında danışdı.
Azərbaycanı təmsil edən Zaur Həsənov videokonfransda "2017-2019-cu illərdə Azərbaycan-Qazaxıstan birgə arxeoloji tədqiqatları" mövzusu ilə çıxış etdi. Qeyd edək ki, 2017-ci ildən başlayaraq Zaur Həsənov Qazaxıstan Altayında Berel və Tarbaqatayda Eleke-Sazı abidələrində İskit-Saka dövrünə aid olan kurqan abidələrində professor Zaynolla Samaşevin rəhbərliyi altında aparılan arxeoloji qazıntılarında iştirak edib. 2019-cu ildə Zaur Həsənov və Zaynolla Samaşevin həmrəhbərliyi altında Azərbaycan-Qazaxıstan arxeoloji ekspedisiyası yaradıldı. Arxeoloji tədqiqatlar Şəkinin Antik dövrə aid Təpəbaşı abidəsində aparılırdı. Həmçinin, ekspedisiya tərəfindən Şəkinin Kiş kəndində Antik dövrə aid Doxun abidəsi də arxeoloji kəşfiyyat işlərinə cəlb edilib. Burada 2020-ci ildə birgə tədqiqatlar davam edtiriləcəyi planlaşdırılıb. Z.Həsənov çıxışında həmçinin, iki ölkə arasında gələcək arxeoloji tədqiqatların perspektivləri mövzusuna toxundu.
Videokonfransda o cümlədən, bir sıra Qazaxıstan və Qırğızıstan arxeoloqları tədqiqatları və gələcək perspektivləri barədə çıxışlar etdilər. Tədbirin moderatoru S.Amanjolov ad. Şərqi-Qazaxıstan Dövlət Universitetinin "Altaytanu" Elm-tədqiqat mərkəzinin elmi əməkdaşı Eldos Kariyev idi.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi Əlaqə:(012) 510 96 74, 055 659 04 95, 050 426 38 62
SAYT: http://arxeologiya.az/
E-MAIL: [email protected]
FACEBOOK: Institute of Archaeology and Etnography of ANAS
Youtube:The Institute of Archaeology and Ethnography of the Azerbaijan National Academy of Sciences








