Sosial şəbəkələrdən asılılıq psixoloji problemlər yaradır

Əli İbrahimov: "Müasir dövrdə sosial şəbəkələrdən düzgün istifadənin təbliği çox mühüm əhəmiyyətə malikdir"

İnformasiya kommunikasiya texnologiyalarının cəmiyyətdə, insanlar arasında rolu və əhəmiyyəti böyükdür, danılmazdır. Son illərdə bu sahənin daha da inkişaf etdirilməsi İKT-ni həyatımızın bir parçasına çevirib desək yanılmarıq. İndi istənilən bir məkan, hətta yüz minlərlə kilometr məsafədə olan biri ilə məhz informasiya kommunikasiya texnologiyaları vasitəsilə əlaqə qurmaq, ünsiyyət yaratmaq mümkündür.

Koronavirus pandemyasının yaşandığı bu günlər İKT-nin əhəmiyyəti bir daha özünü göstərdi və nə dərəcədə lazımlı olduğunu sübuta yetirdi. Belə ki, dünyanın hər bir ölkəsində bir sıra xidmətlər və ya iş prosesi onlayn qaydada həyata keçirildi, dərs prosesi onlayn formada tədris olundu. Eyni zamanda nüfuzlu beynəlxalq təşkilatların konfrans və zirvə götüşləri də onlayn formada reallaşdırıldı. Məsələn, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşünün onlayn formada keçirilməsini buna misal göstərə bilərik. Bütün sadaladığımız faktlar İKT-nin cımiyyətimiz, dünyamız üçün vacibliyini bir daha təsdiqlədi. Hüquqşünas Əli İbrahimov da deyir ki, müasir həyatımızda informasiya-kommunikasiya texnologiyalarının rolu getdikcə artır. Onun sözlərinə görə, texnologiyanın inkişafı sosial medianın bir qolu olan sosial şəbəkələrin həyatımıza yol tapmasına gətirib çıxarıb: "Sosial şəbəkələr artıq həyatımızın ayrılmaz bir parçasına çevrilib desək, yanılmarıq. Artıq bir çoxları istəsə də, istəməsə də, sosial şəbəkələrsiz qala bilmir. İstifadəçilər arasında xüsusən gənc nəslin nümayəndələri çoxluq təşkil edir. Onların bir çoxunun istifadə etdiyi sosial şəbəkələrdə ­"Facebook", "Twitter", "İnstagram", "Google+", "Vkontakte", "Odno­klassniki" və başqaları üstünlük təşkil edir".
Hüquqşünas deyib ki, hər bir sahədə olduğu kimi, sosial şəbəkələrdən istifadəyə münasibətdə də fikirlər müxtəlifdir. Əli İbrahimov bildirib ki, bir qisim sosial şəbəkələrin bugünkü günümüzdə sosiallaşmaq, dünyanın ən ucqar nöqtəsində olan insanlarla ünsiyyət yaratmaq, fikir bildirmək və qarşılığında cavab almaq, ictimai həyatda baş verən aktual məsələlər ətrafında müxtəlif sorğular təşkil etmək, canlı yayım vasitəsilə iclaslar, müzakirələr keçirmək, olduğun yer haqqında məlumatları dostlarınla audiovizual şəkildə paylaşmaq və digər müsbət xüsusiyyətlərini qeyd edirlər: "Digərləri isə düşünürlər ki, sosial şəbəkələr insanların internet asılılığını artırır, mənəvi dəyərləri məhv edir, real həyatdan uzaqlaşdırır. Artıq bu asılı­lıq insanlarda bir sıra psixoloji problemlərin üzə çıxmasına səbəb olur. Bu gün sosial şəbəkələr vasitəsilə bizi maraqlandıran hər bir məlumatı asanlıqla əldə edə bilirik. O cümlədən köhnə dost-tanışları tapa, keçmiş münasibətləri bərpa edə, ünsiyyəti genişləndirə, yeni tanışlıqlar yarada bilirik. Sosial şəbəkədən söhbət məqsədilə istifadə edənlərin sayı bu gün daha çoxdur. Əslində, ondan müzakirə, diskussiya üçün istifadə etmək, qarşılıqlı fikir mübadiləsi aparmaq daha faydalıdır. Təəssüf ki, bizdə qədərindən artıq, özü də lazımsız yerə istifadə edənlərin sayı daha çoxdur".
Əli İbrahimovun sözlərinə görə, sosial şəbəkələrdən kimisi, sadəcə, vaxt keçirmək üçün istifadə edir ki, bu da bir müddətdən sonra asılılıq yaradır: "Artıq beş və ya on dəqiqə üçün daxil olduğun sosial şəbəkədə saatlarla qalırsan. İnsanın vaxtını "virtual dünya"ya sərf etməsi real həyatdan uzaqlaşmağa gətirib çıxarır ki, bu da sonralar psixoloji problemlər yaradır. Əvvəlcə vərdiş, sonra isə xəstəlik dərəcəsində asılılıq yaradan sosial şəbəkələr insanlarda depressiya, yuxusuzluq, yorğunluq, aqressivlik, paxıllıq və digər xoş olmayan halların yaranmasına səbəb olur. Bir faktı da qeyd edək ki, sosial şəbəkələr üzündən boşanan ailələrin sayı da artır. Təəssüflə qeyd etmək lazımdır ki, sosial şəbəkələr səbəbindən intihara cəhd edənlər də az deyil. O cümlədən narkotik aludəçiliyinə cəlbetmə, müxtəlif dini cərəyanların təbliği qarşılaşdığımız mənfi hallardır. Buna görə də azyaşlı uşaqların, xüsusilə yeniyetmələrin sosial şəbəkələrdə çox vaxt keçirmələri təhlükəlidir. Müasir dövrdə sosial şəbəkələrdən düzgün istifadənin təbliği çox mühüm əhəmiyyətə malikdir. İstifadəçiləri mənfi təsirlərdən qorumaq və insanların şəbəkələrdən düzgün istifadə etməsi üçün maarifləndirmə işi aparılmalıdır".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31