Ağalar Vəliyev: “Vergilər Məcəlləsinə təklif olunan dəyişikliklər sahibkarlıq subyektlərinin normal fəaliyyətinin təmin edilməsinə xidmət edir”
29 Aprel 2020 05:00 SosialKoronavirus pandemiyası bütün dünya iqtisadiyyatına, o cümlədən Azərbaycan iqtisadiyyatına mənfi təsir etməkdədir. Elə bu səbəbdən də Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirləri həyata keçirilir. Qətiyyətlə qeyd etmək olar ki, Azərbaycan regionda ən böyük iqtisadi dəstək paketi elan edən ölkədir. Məlum olduğu kimi hələ mart ayının 19-da prezident İlham Əliyev tərəfindən "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncam imzalanıb. Sərəncama uyğun olaraq Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı ilə əlaqədar Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) hazırlanıb. Artıq qanun layihəsi ölkə parlamentinə təqdim edilib və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilib.
Məlumat üçün qeyd edək ki, Məcəlləyə təklif edilən dəyişikliklər pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) bir sıra istiqamətləri əhatə edən vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutur. Dəyişikliklərdə nəzərdə tutulmuş vergi güzəştləri paketinin ümumi dəyəri 114 milyon manata yaxındır. Bununla bağlı məcəlləyə "Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi" adlı yeni on səkkizinci fəsil əlavə edilir. Dəyişikliyə görə, pandemiyanın bilavasitə təsir etdiyi, sənəddə nəzərdə tutulan fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi təklif olunur.
Bundan başqa, sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyicilərinə yuxarıda qeyd edilən əmlak və torpaq vergiləri üzrə güzəştlərlə yanaşı, sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəştin verilməsi nəzərdə tutulur. Göstərilənlərlə yanaşı, pandemiyanın mənfi təsir etdiyi yuxarıda göstərilən iqtisadi fəaliyyət sahələri üzrə bir sıra digər güzəştlərin də verilməsi planlaşdırılır. Belə ki, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi, 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son verginin ödənilməsi müddətinin 1 sentyabr 2020-ci il tarixinədək uzadılması, mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin cari ilin 1 sentyabr tarixinədək uzadılması, ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması da bu güzəştlərə daxildir.
Mikro sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi, 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatların verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur. Həmçinin, bütün sahibkarlıq subyektlərini əhatə edən vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi kimi vergi güzəştlərinin verilməsi də bu güzəştlər sırasındadır.
Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Ağalar Vəliyev qeyd edib ki, qeyd edib ki, Nazirlər Kabinetinin müvafiq sərancamı ilə təsdiq edilmiş tədbirlər planının icrasını təmin edilməsi məqsədi daşıyan qanun layihəsi mahiyyəti və aktuallığı baxımından mühüm əhəmiyyət kəsb edir: "Hazırda bütün dünyanı bürüyən və bu günun reallığı olan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, onun fəsadlarının aradan qaldırılması, xalqımızın sağlamlığının mühafizə olunması və əhalimizin sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bütün zəruri tədbirlər görülür. Eyni zamanda pandemiyadan irəli gələn dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azadılması üçün qabaqlayıcı preventiv işlər həyata keçirilir". Millət vəkili vurğulayıb ki, məhz bu ciddi addımların nəticəsidir ki, hazırda ölkəmizdə vəziyyət tam nəzarət altındadır və pandemiya ilə mübarizədə müsbət dinamika müşahidə olunmaqdadır. Cənab Prezidentin uğurlu dövlət siyasəti sayəsində son 17 il ərzində Azərbaycanda yaradılmış güclü sosial-iqtisadi potensial koronavirus bəlasından daha az itkilərlə çıxmağa imkan verir. Deputat bildirib ki, zaman kəsiyi baxımından çox qısa müddətdə reallaşdırılan, qeyri-dövlət sektorunda çalışanların işsizlik risklərinin qarşısının alınması, işsizliyə görə sığorta ödənişlərinin artırılması, özünüməşqulluq proqramının genişləndirilməsi və digər məsələləri əhatə edən əhaliyə sosial dəstək paketinin maliyyə tututmu 3 milyard manatdan çoxdur. Heç şübhəsiz ki, cəmiyyətimizin bütün təbəqələrinin və qurumlarının bu tədbirlərə dəstək verməsi xalqımızın birliyinin, həmrəyliyinin və öz dövlətinə inamının ifadəsidir. A.Vəliyev pandemiya ilə kompleks mübarizə tədbirləri kontekstində "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsini dövlət başçısının 19 mart 2020-ci il tarixli müvafiq sərəncamının tələblərinin icrası kimi dəyərləndirib. Qanun layihəsinin ana xəttini məlum səbəblərdən zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinə vergi güzəştlərinin və tətillərinin verilməsi təşkil edir. Dəyişikliklərə əsasən bir sıra vergi ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə olunan mənfəət üzrə 75 faiz, sadələşdirilmiş vergi odəyicisi olan bəzi subyektlərə isə 50 faiz vergi güzəştlərinin tətbiq olunması fikirimcə müsbət məqamlar kimi səciyyələndirilməlidir.
Eyni zamanda, layihədə nəzərdə tututlan həssas sahibkarlıq qrupları üçün daşınmaz əmlakın icarəsi üzrə vergi dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi, onların bir il müddətinə cari vergi ödəmələrindən azad edilməsi, mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinə ödənilməmiş vergi, məcburi sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının gələn ilin yanvarın 1-dək təxirə salınması xüsusi vurğulanmalıdır. Qanun layihəsində diqqət çəkən məqamlardan biri də mikrosahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi, cari ilin iki rübü üzrə vergi hesabatının, mənfəət və əmlak vergiləri üzrə hesabatların verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə bu ilin sentyabrın 1-dək vergi tətilinin tətbiq edilməsidir. Bütün sahibkarlıq subyektlərinin zəruri profilaktik tədbirlərə çəkilmiş xərclərinin gəlirlərindən çıxılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün lazım olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi olduqca əhəmiyyətli aspektlər kimi xarakterizə olunmalıdır. Deputat A.Vəliyev Vergilər Məcəlləsinə təklif olunan dəyişikliklərin həm cari, həm də postkoronavirus dövründə sahibkarlıq subyektlərinin normal fəaliyyətinin, əlverişli biznes mühütünin qorunub saxlanmasının və iqtisadiyyatın davamlı inkişafının təmin olunmasına xidmət edəcəyini bildirib.
Alim