Vətən sevgisi, milli və dövlətçilik maraqları ilə yoğrulan 25 yaşlı “Olaylar”
27 Aprel 2020 11:03 SosialAprelin 24-ü "Olaylar" qəzetinin 25 yaşı tamam oldu.
Dəyərli mətbu orqanı təəssüflər olsun ki, 25 illlik yubileyini dünyanı bürüyən koronavirus səbəbilə təntənəli qeyd edə bilmədi. Lakin "Olaylar" ailəsi və bu ailəyə yaxın olan dəyərli dostlar öz təbriklərini əsirgəməyib, yayımladılar.
İlk təbrik " OLAYLAR" ın rəhbəri Yunus Oğuzdan gəldi. Baş redaktor "yolumuza davam" dedi. O öz duyğularını belə ifadə etdi:
"Bu gün Azərbaycan media sahəsində ÖZ SÖZÜNÜ demiş "Olaylar"ın 25 illiyi tamam olur. Bəşəriyyəti cənginə almış koronavirus pandemiyası səbəbindən bu yubileyi geniş qeyd edə bilmirik. Qəzet və agentliyi yaşatmaq üçün hansı ağrılardan keçmişik bir Tanrı bilir. Neçə siyasətçi və ictimaiyyətçi, mediada sözü və çəkisi olan jurnalist "Olaylar" ailəsində yetişib. Bizim əlimizdən qələm alıb, köməyimizlə ictimai -siyasi həyata vəsiqə qazanıb. Neçələri yüksək vəzifələrə yüksəlib, neçələri vurulub... Yarandığı ilk gündən Azərbaycan dövlətinin və millətinin yanında olmuşuq. Dövlətçiliyimizə xidmət etmişik. Bundan sonra da belə olacaq! Həmişə şərəfli bir ömür yaşamışıq, belə də davam etdirmək fikrindəyik... yolumuza davam... "OLAYLAR" adına bütün insanların 25 yaşı mübarək!"
İnformasiya Agentliyi və qəzetin baş redaktor müavini Fatma Abbasquliyeva, ifadə olunan duyğulara özünəməxsusluq qatdı, o qeyd etdi ki, döyüşün taleyi sərkərdənin, səfərin aqibəti sarvanın ustalığında olur:
"Azərbaycan dövləti yolunda döyüşlərimizdə sərkərdəmiz, çıxdığımız müqəddəs sənətimiz yolunda sarvanımızsınız! Siz gedin, biz arxanızca gəlirik! Gələcəyik, Yunus bəy!"
Baş redaktorun da cavabı gecikmədi... "Üfüqə doğru gedirik..."
Daha bir təbrik "Olaylar"-ın 18 ildir əməkdaşı olan Süleyman İsmayılbəylidən gəldi. O 18 il müddətində çəkilən xatirə şəkillərindən bir neçəsini paylaşaraq öz düşüncələrini belə bölüşdü:
"Yaxşı xatirimdədir, 2002-ci ilin sonlarında, soyuq dekabr günlərində gəlmişdim "OLAYLAR"-a. Ancaq "OLAYLAR"-a qədəm qoyar-qoymaz redaksiyanın isti ab-havası bayırdakı soyuğu unutdurdu mənə. İnternetin, texniki vasitələrin redaksiyalara o qədər də gəlib çıxmadığı, buna rəğmən çevik, operativ çalışan "OLAYLAR"-çılara, Alim Hüseynli, Elman Cəfərli, Emil Hüseynli, eləcə də xanım əməkdaşlarımıza sözün həqiq mənasında qibtə edir, həsəd aparırdım. Və içimdə bir qorxu hissi də vardı. İşimi bacarmamaq, öhdəsindən gələ bilməmək qorxusu.
Lakin.... Lakin "OLAYLAR"-ın isti ab-havası, rəhbərliyin diqqəti, yaradıcılıq mühiti üçün mövcud olan imkanlar mənim tədricən jurnalistika sahəsinə daha yaxından bələd olmağıma yol açdı. Tam səmimi deyirəm ki, bu gün az-çox əlimdə qələm tuta bilməyimdə "OLAYLAR" məktəbinin böyük rolu var. Bu məktəbin müəllimi Yunus Oğuz və Fatma Abbasquliyeva başda olmaqla bütün kollektivi təbrik edir, yeni-yeni uğurlar arzulayıram"
"Olaylar" ailəsinin ən yaxın dostlarından olan Cavid İsmayıl Yunus Oğuza müraciət etdi və öz təbrikini kollektivə belə çatdırdı:
"Düz 25 il bundən əvvəl... Azərbaycanın müasir media tarixində böyük rol oynayacaq, cəmiyyətə azad-müstəqil düşüncə tərzinin gətirilməsinə xidmət edəcək "Olaylar" qəzeti və "Olaylar" İnformasiya Agentliyi dəyərli insan, tanınmış yazıçı publisist Yunus Oguz tərəfindən yaradılmışdır.
Hörmətli Yunus bəy, siz başda olmaqla sizinlə birgə bu şərəfli yolda mətinlə addımlayan Fatma xanımı və bütün Olayların kollektivini səmimi qəlbdən təbrik edirəm. Vətənə xidmətiniz daimi olsun! Var olun!"
Günaz.az saytının baş redaktoru Bilman Allahverdiyev də öz sevincini "Olaylar"la bölüşdü: "Yubileyiniz mübarək! Müstəqil Mediamızın onündə gedən, hər zaman qərəzsiz, önəmli fikirlər yayan "Olaylar" qəzeti və Olaylar.az saytı həmişə cəmiyyətimizin keşiyində olub.Var olun!"
Təbriklərə tanınmış teatr və kino aktyoru Midhət Aydın da qoşuldu, o, dövr və dövlətçiliyə xidmət edən bir qəzet kimi tanıdığı "Olaylar"a gələcək fəaliyyətində uğurlar arzuladı.
Millət vəkili Musa Qasımlı da agentliyə və qəzetə bundan sonrakı fəaliyyətində müvəffəqiyyətlər arzuladı:
" "Olaylar" qiymətli dostumuz, tarixi romanlar müəllifi Yunus Oğuzun rəhbərliyi və əməkdaşlarının səyləri nəticəsində ədalətli mövqeyi olan nüfuzlu media qurumu kimi tanınır və qəbul edilir. Sizlərə uğurlar arzulayıram!"
Professor Cahangir Məmmədlinin təbriki belə oldu:
"Tərəfsiz, qərəzsiz, dəqiq, balanslı, vicdanlı media yaradıcılarına uğular!"
Yazıçı Ramiz Əsgərin təbriki lap ürəkdən oldu:
Ey XXI əsrin ən böyük yazıçısı, 25 illik əsərini təbrik edirəm!
"Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov öz gözəl diləklərini kollektivə çatdırdı:
"Vətən sevgisi, milli və dövlətçilik maraqları ilə yoğrulmuş "Olaylar"ın 25 illiyi münasibətilə səmimi təbrik edir, qələminiz iti, sözünüz kəsərli olsun deyirik. Sükanı belə saxlarlar! Yolunuz açıq olsun!"
Azpost.info adlı internet qəzetin təsisçi və baş redaktoru Xaqani Səfəroğlu "Olaylar" 18 ildə keçdiyi yola qısa və əhəmiyyətli nəzər yetirdi:
""Olaylar" Azərbaycanın ilk mötəbər İnformasiya Agentliklərindəndir. 90-cı illərdə "Olaylar"ın xəbərləri AZTV-nin "Xəbərlər"ində oxunurdu. Fatma Abbasquliyevanın rəhbərliyi ilə orada çox gözəl və peşəkar komanda yığılmışdı... Təbrik edirəm. Uğurlar arzulayıram"
Mahir Aşurov da "Olaylar"ın Azərbaycan mətbuatı üçün önəmindən danışdı:
"Azərbaycanın müstəqil mediasinin inkişafında, formalaşmasında müstəsna xidmətləri var! Yunus bəy və Fatma xanım başda olmaqla kollektivi tebrik edirəm. "Olaylar" mətbuat üçün kifayət qədər kadrlar yetişdirdi!!!"
"Cümhuriyət" və" Cəbhəinfo"çular da "Olaylar"çılara öz səmimi təbriklərini çatdırdılar:
" "Cümhuriyət" qəzetinin və Cəbhe.info xəbər portalının kollektivi başda yazıçı-publisist Yunus Oğuz olmaqla "Olaylar"ın yaradıcı kollektivini təbrik edir, həmkarlarımıza şəxsi həyatında və peşə fəaliyyətində uğurlar arzu edirik. Ömrünüz uzun, qələminiz iti olsun!"
P.S. Əlbəttə ki, 18 illik informasiya agentliyi və qəzetin ünvanına gələn təbriklər bununla kifayətlənmir. Qeyd etdiyimiz təbriklər dostların, həmkarların, keçmiş əməkdaşların az bir hissənə məxsudur. Təbrik mesajlarında adı keçməyən onlarla, yüzlərlə hətta minlərlə insana "Olaylar" adından dərin minnətdarlığımızı bildiririk.
Nigar Orucova