Putindən azərbaycanlı akademiklə bağlı MÜHÜM SƏRƏNCAM

Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko qurultay iştirakçılarına bildirib ki, Azərbaycan Milli Onkoloji Mərkəzin direktoru, akademik Cəmil Əliyevin akademik Nikolay Trapeznikov adına yeni medal ilə təltif olunması barədə yekdilliklə qərar qəbul olunub. Konqres iştirakçıları bu qərarı alqışlayıblar.

Məsələ ilə bağlı ölkənin baş onkoloqu Azad Kərimli Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, Kazan şəhərində "online" əlaqə ilə Müstəqil Dövlətlər Birliyinin 11-ci konfransı keçirilir:

"Müstəqil Dövlətlər Birliyinin birinci konfransı akademik Cəmil Əliyevin rəhbərliyi ilə məhz Bakıda keçirilib. Daha sonra müxtəlif MDB ölkələrinə daxil olmuş respublikalar arasında bu konfrans baş tutub. Dünən Kazan şəhərində başlayan konfransda Rusiya Federasiyasının prezidenti Vladimir Putin tərəfindən imzalanmış və təsdiqini tapmış Nikolay Trapeznikov adına yeni medal ilə Azərbaycan Milli Onkoloji Mərkəzin direktoru, akademik Cəmil Əliyev təltif olunub".

Baş onkoloq bildirib ki, akademik Cəmil Əliyev vaxtı ilə özü Nikolay Trapeznikovun tələbəsi olub:

"Bu, tək Azərbaycan onkoloqlarına yox, bütün Azərbaycan səhiyyəsinə verilən çox böyük bir qiymətdir. Eyni zamanda qeyd edim ki, akademik Cəmil Əliyevin əziyyətinə verilən böyük qiymət öz təsdiqini tapıb. Bu, Azərbaycan Respublikası və elmi üçün çox böyük uğurdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31