Milli Məclis təkzib etdi- YENİ ŞÖBƏ YARADILMAYIB

Bu günlərdə bir sıra kütləvi informasiya vasitələrində belə bir məlumat yayılmışdır ki, guya Milli Məclis Aparatının İşlər müdirinin xidmətində yeni Tikinti-təmir şöbəsi yaradılmışdır. İddia edilir ki, hətta şöbənin rəhbərliyinə təyinat da olub. Milli Məclisdən "Olaylar"a bildirilib ki, belə bir şöbənin "yeni" yaranması ilə bağlı fikirlər tamamilə yanlışdır, həqiqətə uyğun deyil: "Xatırladırıq ki belə bir şöbə hələ  2019-cu il 19 noyabrda Milli Məclis sədrinin 289-5 saylı sərəncamı ilə yaradılıb. Həmin sərəncama əsasən Milli Məclisin işlər müdiri xidmətinin tikinti-təmir işləri sektoru ləğv edilərək əvəzində Milli Məclisin işlər idarəsinin tikinti-təmir şöbəsi yaradılıb. Bir daha vurğulayırıq ki, belə bir şöbənin yeni yaranması ilə bağlı informasiya tamamilə əsassızdır. Jurnalistləri bir daha dəqiqləşdirilməmiş, əsası olmayan bu cür məlumatları yaymaqdan çəkinməyə çağırırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31