190 manatın ödənişi mayın əvvəlinədək başa çatdırılacaq

190 manat məbləğində birdəfəlik ödəmənin alınması üçün aprelin hansı tarixində müraciət etməsindən asılı olmayaraq, həmin ayda bu vəsaiti almaq hüququ olan bütün işsiz vətəndaşlara aprel ayı üçün ödəmə həyata keçiriləcək. "Olaylar"ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib. Onun sözlərinə görə, bu vəsaiti almaq üçün vətəndaş ilk növbədə işsiz kimi qeydiyyata alınmalıdır. B.Hüseynov əlavə edib ki, vətəndaş aprel ayının sonuncu günündə belə işsiz kimi qeydiyyata alınarsa və bu ödəməni almaq hüququ verilərsə, ona aprel ayı üçün ödəniş həyata keçiriləcək:

"Xüsusi karantin rejiminin müddəti mayın 4-dək artırılıb. Buna görə də vətəndaşlar vəsaiti almaq üçün müraciətlərini davam etdirə bilərlər. Vətəndaşın hansı gün ərzində qeydiyyata alınmasına baxmayaraq, o, aprel ayı üçün birdəfəlik ödəməni tam olaraq, ala biləcək. Aprel ayında qeydiyyatdan keçən və müavinət almaq hüququ verilən bütün vətəndaşlara birdəfəlik ödəmənin ödənişi mayın əvvəlinədək başa çatdırılacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31