Sərhəd və sinif tanımayan düşmən bizə nəyi öyrətdi?

Sərhəd və sinif tanımayan düşmən bizə nəyi öyrətdi?

Məkrli, ciddi, təsirli və ölümcül lakin təəssüf ki, gözə görünməyən yeni bir düşmənlə qarşı-qarşıyayıq. Hiyləgər düşmən cahilliyi sevir. Diqqətsiz və qorunmasız davrandığımız ilk anda dağıdıcı təsirini göstərməyə hazırdır. Bəli söhbət bütün dünyanı cənginə alan koronavirusdan gedir. Bu günə qədər 100 mindən çox insan bu bəşəri düşmənin qurbanı olub, 2 milyondan çox insan isə digər adı ilə COVİD-19-a yoluxanlar siyahısındadır.

Ölümcül düşmən iqtisadiyyatla bərabər sosial həyatı da alt-üst etdi. Bəs heç bir müsbət tərəfi olmayan bu virusdan çıxardığımız yaxşı nəticələr varmı? Məsələn həyatın və azadlığın qiymətini anlamaq, ailənin, dostluğun, sosial mənsubiyyətin dəyərini yenidən sərt bir şəkildə xatırlamaq, dərk etmək kimi. Məgərsə hər gün bədbin yaxud nikbin günə başladığımızda, havanı qorxmadan ciyərimizə çəkdiyimizdə, ictimai nəqliyyatda gördüyümüz heç kimə potensial virus daşıyıcısı, dırnaqarası düşmən  kimi baxmadığımızda azadlığımızı qeyd edirmişik.

Əvvəl yuxusuz qaldığımızdan, doya-doya kitab oxumayıb, film izləyə bilmədiyimizdən şikayətlənirdik. İndi isə doyunca yatır, kitab oxuyur və film izləyirik. Bəs niyə bu aktivitilər bizə əvvəlki kimi təsir etmir? Çünki bu tətil yox ciddi bir sınaqdır.

Hər gün statistik rəqəmlərə baxdığımız zaman sağlamlığımızın nə qədər vacib olduğunun bir daha fərqinə varırıq. Elm və texnologiyanın əhəmiyyətini, müasir tibbin əvəzedilməzliyinin şahidi oluruq. Təmizlik və gigiyenik tədbirlərin sağlamlığımızda başlıca rol oynadığını anlayır, ailənin, sosial həmrəyliyin və əməkdaşlığın vacibliyini başa düşürük. Ən əsası köməkləşməyin, yardımlaşmağın və dəyər mühakimələrimizi nəzərdən keçirməyin nə qədər zəruri olduğunu öz daxili gündəmimizə gətirməyi bacardıq.

"Su içənə ilan da toxunmaz" deyiblər. Suyun həyati dəyərini xatırladıq. O düşmənlə mübarizədə ən böyük köməkçidir. Virusu su, sabunla parçalayırıq və boğazımızı su içməklə təmizləyirik. Bu bizə həm də daxili rahatlıq gətirir. Koronavirus xəstələrinə D vitamini verilir, Günəşin və onun şüalarının sağlamlığımızın təminatçılarından biri olduğunu yada saldıq.

Hələ virusun yayılmağa başladığı ilk günlərdən marketlərə axın edən və ərzaqsız qalacağını düşünən insan görüntülərini xatırlayın. Fövqalədə hallarda ərzaq ağla ilk gələn ehtiyacımızdır. Bu səbəblə bütün dünyada böyük bədbəxt hadisə hesab olunan torpağın eroziyasının qarşısının alınması üçün tədbirləri genişləndirilməsi həyati əhəmiyyət daşıyır. Sitrus meyvəçiliyinin - gəlirli və ixrac potensiallı sahə olmaqla yeni düşmənlə mübarizədə sağlamlığımıza müsbət təsiri danılmazdır. Xarici mediada yer alan xəbərlərdən birinə görə, COVİD-19-a qalib hələn bir şəxs ardıcıl olaraq portağal yeməyə ehtiyac duyduğundan danışıb.

Tarixdə heç bir üsyan yaxşı ya da pis nəticəsiz qalmayıb. Bəs koronavirusla adlı düşmənimizlə mübarizədə hansı dərsləri çıxardıq? Sərhəd və sinif tanımayan düşmən bizə nələri öyrətdi?

Anladıq ki, immunitetini qoruya bilməyən insan çətin vaxtlarda psixoloji vəziyyətini stabil saxlamaqda çətinləşir. Ruh sağlamlığını qorumaq üçün həyatı evə sığdırıb müxtəlif aktivitilərlə məşğul olmağın əhəmiyyətini və marağını dərk etdik. "Həyat evə sığar" şüarı da məhz bu səbəblə yarandı.

Dünya üzərində silahlanmağa milyardlarla pul xərclənir, şahidi olduq ki, silahlar və bombalar heç də hər şeyi öldürmək gücündə deyil. Anladıq ki, elm və səhiyyəyə yatırılan pullar silah və bombalardan daha güclüdür. Dünyada ən müqəddəs vəzifəsinin həyat xilas etmək olduğunun şahidi olduq. Başqalarını xilas etmək üçün daima risk alan ölümlə gözə-gözə gələn həkimliyin əslində nə qədər müqəddəs və ehtiyac duyulan peşə olduğunu acı yolla başqaları üçün canlarını itirən tibb işçilərinin, həkimlərin kədəri ilə başa düşdük.

Sevdiklərimizi itirə bilmək təhlükəsi ağlımızı, fikirlərimizi qarışdırdığı zaman anladıq ki, onlara göstərdiyimiz qayğı və hörməti heç bir zaman əsirgəməməliyik. Çünki sabah çox gec ola bilər, heç bir şey gecikməməlidir, sevdiklərinin ölümü insan üçün ən ağrılı dərsdir.

Tarixin bumeranq olduğunu xatırladıq. Yenə yaşamaq və mübarizə aparmaq yolunu öyrənmək üçün keçmişə qayıtmaq məcburiyyətində qaldıq. Bəşəriyyət boyu baş verən ən ağır xəstəliklərlə, viruslarla mübarizə üsulunu baxdıq. Anladıq ki, karantin qaydalarını pozmamaq, maska taxmaq, sosial məsafə qaydalarına riayət etmək başlıca mübarizə üsullarıdır.

Könül zənginliyinin, ən böyük ərdəm olduğunu anladıq. Yardımlaşmağın əhəmiyyətini, insanın insana möhtac olduğunu xatırladıq. Könüllülərin karantin səbəbilə evdən çıxa bilməyən yaşlılara dəstəyinin şahidi olduq.

Bütün bunları və baş verənləri izlədiyimiz vaxt ən güclü immunitet, yəni, özgüvən qazandıq. Hamımız gözəgörünməyən mikrobla mübarizə aparan döyüşçülərə çevrildik.Və ən əsası biraz dayanıb özümüzə bu sualı verməyi bacardıq. Heç nəyə baxmadan irəlilədiyimiz yolda hardan gəlib, hara gedirik?

Nigar ORUCOVA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31