Azərbaycan sosial dövlət olduğunu bir daha sübut etdi

Sosial dəstək proqramı əhalinin bütün təbəqəsinə şamil olunur

Koronavirus epidemiyasının iqtisadiyyata vurduğu ziyana baxmayaraq dövlət başçısının tapşırığına əsasən ölkə iqtisadiyyatına dəyən zərərin aradan qaldırılması və vətəndaşların sosial müdafiəsinin təmin edilməsi məqsədilə lazımi tədbirlər həyata keçirilməkdədir. Məhz bu məqsədlə icrasına start verilən proqram çərçivəsində Azərbaycanda işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi davam etdirilir. Belə ki, sözügedən proqramda əksini tapan mühüm məsələlərdən biri də əmək müqaviləsilə çalışan vətəndaşların sosial müdafiəsinin təmin edilməsidir. Proqrama əsasən bundan sonra əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi şamil ediləcək. Cari il üçün bu növ ödənişin on minlərlə şəxsi əhatə etməsi nəzərdə tutulur. Qeyd edilməlidir ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, qeyri-formal məşğulluğa qarşı mübarizə tədbirlərinin geniş miqyas alması əmək müqavilələrinin sayında davamlı artıma şərait yaradıb.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişi" e-sistemindən əldə olunan məlumata əsasən, bu ilin əvvəlindən özəl sektorda əmək müqavilələrinin sayı 84,5 min artıb. Qeyd edək ki, pandemiya dövründə sosial dəstək paketinin mühüm bir istiqaməti dövlət və qeyri-dövlət sektorunda iş yerlərinin qorunmasına, işçilərin əsassız yerə işdən çıxarılmamasına yönəlib. Bu məqsədlə nazirlik tərəfindən "Əmək müqaviləsi bildirişi" e-sistemi vasitəsilə işəgötürənlərə bildiriş-xəbərdarlıq göndərilib və  bu istiqamətdə e-sistem üzərindən gündəlik nəzarət həyata keçirilir. İş yerlərinin qorunmasına nail olunması ilə yanaşı, əmək müqavilələrinin sayında artım dinamikasının davam etməsi görülən kompleks sosial-iqtisadi tədbirlərin daha bir müsbət nəticəsidir.

Xüsusilə qeyd edilməlidir ki, dövlət tərəfindən həyata keçirilən dəstək proqramının əhalinin bütün sosial kateqoriyasından olan insanlara şamil edilməsi təmin ediləcək. Hətta işsizlikdən sığorta və peşə hazırlığı kurslarının müdavimlərinin sosial müdafiəsi də nəzərə alınacaq. Beləliklə, işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti uzadılıb. 2 min nəfəri əhatə edən bu sosial tədbirə 600 min manat manat ayrılıb. Paralel olaraq özünüməşğulluq proqramının genişləndirilməsi və sözgedən proqramın daha çox vətəndaşa şamil edilməsi qarşıda duran hədəflərdəndir. Hazırda müvafiq dövlət qurumları tərəfindən cari ildə  ildə 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır.  Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat  ayrılıb.

Yeri gəlmişkən qeyd edək ki, bu proqramın genişləndirilməsi ilə bağlı Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilir. Bununla da hər il 250 ailənin güzəranı yaxşılaşmış olur.  Eyni zamanda, bu proqramın sürətləndirilməsi məqsədilə ölkədə fəaliyyət göstərən banklarla da əməkdaşlıq həyata keçirlir. Artıq aprelin 8-də banklar tərəfindən proqram iştirakçılarına aktivlər verilməsinə başlanıb. Özünəməşğulluq proqramının əhatə dairəsini genişləndirmək məqsədilə beynəlxalq donor təşkilatları ilə əməkdaşlıq edilir. Yaxın günlərdə Dünya Bankı ilə yeni layihəyə start veriləcək. Bununla da hər il 5 min ailənin özünüməşğulluğu təmin ediləcək. Hazırda isə BMT-nin İnkişaf Proqramı ilə birgə 500 əlilliyi olan şəxsin biznesə çıxışına dəstək verilir. Qeyd edək ki, həyata keçirilən sosial dəstək proqramında xüsusi həssas təbəqələrin sosial müdafiəsi nəzərdə tutulur. Hələ ötən ildən başlanaraq Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 mln. manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığının təmin edilməsinə yönəldilib. Bununla da  sözügedən vəsaitdən 2,3 milyon şəxsin  pensiya, müavinət təqaüd ödənişləri həyata keçiriləcək. Koronovirus dövründə bu kateqoriyadan olan insanların normal həyatını təmin etmək məqsədilə pensiya və müavinətlərin ödənilməsinin sürətləndirilməsi təmin edilib.  Aprelin 8-21-də respublika üzrə aprel ayı üçün pensiyalar, müavinət, təqaüd və kompensasiyalar tam ödənilib, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.

Sosial dəstək proqramında ünvanlı dövlət sosial yardımının verilməsi müddətinin uzadılması və təyinatının sadələşdirilməsi də nəzərdə tutulub ki, bunun üçün əlavə olaraq 3 milyona manat ayrılıb. Bu məqsədlə xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb.  Məhz bu səbədən aprelin 1-dən ünvanlı sosial yarıdımı alanların sayı 10 min ailə artıb. Ümumilikdə 80 min ailənin 330 min üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunur. Hər ailəyə düşən yardımın məbləği 222 manatdır.

Sosial rifaha dəstək tədbirlərindən biri də tənha yaşlılara sosial xidmətlərin göstərilməsindən ibarətdir. Belə ki, yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparılır. Hazırda 15 000-dən çox  tənha yaşlıya sosial xidmətlər göstərilir. Sosial tərəfdaşlar vasitəsilə artıq 17 minədək ərzaq payı tənha və əlilliyi olan şəxslərə verilib. Bu prosesin uzun müddət davam etdirilməsi nəzərdə tutulur. Bu günə qədər  9 sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.

Hazırda da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən evlərində sosial xidmətlə təmin olunan 15 000-dən çox tənha yaşlıya və tənha əlilliyi olan şəxsə sosial tərəfdaşlar tərəfindən ərzaq yardımları davam edir. Təkcə bu ay həmin kateqoriyadan olan insanlara Bakıda və bölgələrdə ümumilikdə  25 mindən çox ərzaq payı verilib.  Ərzaq yardımları sosial xidmətçilər və könüllülərlə birgə onların evlərinə aparılıb təqdim edilib. Sosial  tərəfdaşlar tərəfindən davamlı olaraq həyata keçirilən bu sosial aksiyalar həssas qruplardan olan vətəndaşların rifahına dəstək olmaqla, yaşlı nəsilə diqqət və qayğı ilə yanaşılması, xeyirxahlıq kimi milli-mənəvi dəyərlərə sadiqliyi ifadə edir. Aprelin sonuna kimi daha 30 mindən çox ərzaq payının verilməsi nəzərdə tutulub.

Dəstək tədbirləri çərçivəsində 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bu tədbir 14 min nəfəri əhatə edir və  bunun üçün 2.6 milyon manat ayrılıb. Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb. Tələb olunan vəsait (2 aylıq) 10 milyon manatdır. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi nəzərdə tutulub. Tələb olunan vəsait (il ərzində): 40 milyon manatdır. Görülən tədbirlər Prezident İlham Əliyevin "Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır", "Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır" fikrilərinin bariz təzahürüdür.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31