Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da kəskinləşib

Bu işdə vəzifəsindən asılı olmayaraq, heç kimə güzəşt edilmir

Azərbaycan öz uğurlu inkişaf yolunu müəyyən edib tərəqqiyə doğru addım atmaqla yanaşı, bəzi neqativ hallar, inkişafa mane ola biləcək amillərə qarşı da davamlı və sistemli şəkildə mübarizə aparır, həmin problemin aradan qaldırılmasına ciddi cəhdlə çalışır. Belə problemlərdən biri də həm cəmiyyəti, həm də dövlət başçısını ciddi şəkildə narahat edən korrupsiya və rüşvətxorluqdur. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bütün görüş və toplantılarında korrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizə aparılmasının vacibliyini vurğulayıb, hər bir şəxsi bu neqativ hala qarşı mübarizədə aktiv olmağa çağırıb. Dövlət başçısı görüşlərin birində qeyd edib: "Mən dəfələrlə korrupsiyaya qarşı mübarizə ilə bağlı fikirlərimi bildirmişəm və dəfələrlə vətəndaşlara da müraciət etmişəm ki, onlar aidiyyəti orqanlara öz ərizələri, öz təklifləri ilə müraciət etsinlər. Yəni, güclü siyasi iradə vardır. Artıq korrupsiyaya qarşı mübarizəni aparmaq üçün cəmiyyətdə də çox müsbət dəyişikliklər vardır. Cəmiyyətdə inam artır. İnam artır ki, biz bu bəlanı Azərbaycandan tamamilə götürəcəyik və Azərbaycan cəmiyyəti bu yaralardan sağalacaqdır". Bu arada bir məqamı da qeyd etmək yerinə düşər ki, son aylarda bir neçə icra hakimiyyəti başçısının, eləcə də sabiq rayin rəhbərlərinin korrupsiya əməllərinə görə həbs edilməsi məhz ölkədə qeyd edilən neqativ hala qarşı səmərəli mübarizənin aparılması demıəkdir.

Hüquqşünas Əli İbrahimov da qeyd edib ki, hazırda ölkəmizdə həyata keçirilən islahatlar uğurlu inkişaf proseslərinə mane olan məsələlərin aradan qaldırılmasında mühüm rol oynayır . Onun sözlərinə görə, bu sırada korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır: "Bu gün ölkəmizdə korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritetini təşkil edir. Bu bəla, demək olar ki, müasir dünyada bir çox dövlətlərin daxili probleminə çevrilməklə yanaşı, həm də beynəlxalq səviyyədə müşahidə edilən kabusa çevrilib. Bu sosial bəlanın tarixi çox qədimdir. Bu gün qətiyyətlə demək olar ki, korrupsiya və rüşvətxorluqdan tam azad olan ölkə yoxdur. Korrupsiya, demək olar ki, dünyada bütün sahələrin fəaliyyətinə sirayət edir. Etiraf edilməlidir ki, son illər Azərbaycanda bu sahədə daha ciddi tədbirlər həyata keçirilir, sərt qərarlar qəbul edilir".  Hüquqşünas qeyd edib ki, dövlət səviyyəsində həyata keçirilən bu tədbirlər səmərəsiz qalmır, müəyyən nəticələr verməkdədir: "Azərbaycan Prezidenti İlham Əliyev, demək olar ki, keçirilən bütün tədbirlərdə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə daha sərt tədbirlərin görüləcəyini bəyan edir, bundan sonra da bu sahədə ciddi mübarizə aparılacağını bildirir. Ölkə başçısı qətiyyətlə bildirib ki, bu xoşagəlməz hallara son qoyulmalıdır. Prezident deyib ki, bu istiqamətdə son illər ərzində böyük işlər görülüb və beynəlxalq təşkilatlar da bunu qeyd edirlər: "Bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan daim irəliyə gedir. Ancaq irəliləyiş olsa da, bu, bizi qane edə bilməz. Azərbaycanda bu böyük sosial bəlanın kökü kəsilməlidir. Bunu etmək üçün də imkanlar var. Həm güclü siyasi iradə, həm də indi bizim institusional mexanizmlərimiz var. Ən önəmlisi, kadr islahatı aparılır və aparılacaq. Hansı dövlət məmurları bu meyarlara uyğun gəlməyəcəklərsə, onlar işdən çıxarılacaqlar və bunu bütün dövlət məmurları bilsinlər".

Əli İbrahimov deyib ki, ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı son illər daha kəskin mübarizə aparılması beynəlxalq təşkilatlar tərəfindən də etiraf olunur. Hüquqşünas bildirib ki,  "Transparency İnternational" korrupsiyaya qarşı mübarizə üzrə beynəlxalq hüquq müdafiə təşkilatı tərəfindəən yayılan ölkələrin illik şəffaflıq reytinqində də bu fakt özünü büruzə verir: "Berlində təqdim edilən həmin hesabatda dövlətlər korrupsiya indeksinə görə sıralanıb və Azərbaycan korrupsiyaya qarşı mübarizədə ötən illərlə müqayisədə bir qədər də irəliləyib. Bu irəliləyiş ölkədə bu qara kabusa qarşı mübarizənin daha kəskin xarakter almasından irəli gəlir. Hesab edirəm ki, Korrupsiyanın qarşısının alınması sahəsində mütəmadi olaraq regionlarda savadlı hüquqşünaslar cəlb edilməklə sistemli təlim və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi zəruridir. İftixarla qeyd etmək olar ki, Azərbaycan Respublikasında korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da kəskinləşib və bu işdə vəzifəsindən asılı olmayaraq, heç kimə güzəşt edilmir. Bütün bunları nəzərə alan dövlətimizin başçısı deyib: "Biz bütün imkanlardan istifadə edib çalışmalıyıq ki, Azərbaycanda korrupsiya olmasın, Azərbaycanda tam şəkildə sosial ədalət təmin edilsin. Çünki korrupsiya sosial ədaləti pozan bir amildir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31