Əmlakın icbari sığorta haqqı necə hesablanır? -TƏHLİL
Əmlakın icbari sığorta haqqı necə hesablanır? -TƏHLİL
28 Fevral 2020 13:49 SosialÖlkədə ən müxtəlif səbəblərdən evlərin, yaxud əmlakın qismən və ya tamamilə yanması ilə bağlı hadisələrə mütəmadi rast gəlinir. Mülk sahibləri evlərinə dəymiş ziyan barədə haray qoparsalar da onun kompensasiya edilməsi barədə heç bir yerə müraciət edə bilmirlər. Çünki yaşayış mənzilləri və ya evlərini sığortalatmağa maraq göstərməyiblər və ya bu məsələyə ciddi yanaşmayıblar. Son illər bu kimi halların artması artıq hər kəsi narahat etməyə başlayıb. Amma bununla bağlı artıq vəziyyət dəyişib. Belə ki, ötən illərlə müqayisədə yaşayış evləri və mənzillərin icbari sığortalanmasında artım müşahidə edilir. Buna səbəb prezident İlham Əliyev tərəfindən "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli Qanununun tətbiqi haqqında" imzaladığı Fərman olub.
Hansı sığorta şirkəti əmlaka sığorta şəhadətnaməsi verə bilər?
Xatırladaq ki, ölkədə 2011-ci ilin iyunun 24-də "İcbari sığortalar haqqında" Qanun qəbul edilib. 2012-ci ilin yanvarın 1-dən tətbiqinə başlanılan qanun layihəsi hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, eləcə də avtomobillərin icbari qaydada da sığortalanmasını nəzərdə tutur. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir. Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. Qanunda yaşayış evləri və mənzillər üçün sığorta tarifi sığorta məbləğinin 0,2%-i həcmində müəyyən edilib. Beləliklə, Bakı şəhərində sığortanın miqdarı 25 min manat, ilkin ödənişin məbləği isə 50 manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində sığortanın miqdarı 20 min manat, ilkin ödənişin məbləği 40 manat, digər yaşayış məntəqələri və bölgələrdə isə sığortanın miqdarı 15 min manat, ilkin ödənişin məbləği 30 manatdır. Ancaq qanunvericiliklə icazə verilməyən yerlərdə inşa edilən, sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur. Yaşayış evləri və mənzillərin icbari sığortalanmasına isə heç də bütün sığorta şirkətləri daxil edilməyib. Belə ki, ölkədə fəaliyyət göstərən 12 sığorta şirkəti İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilib. Bunlar Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, "Atəşgah Sığorta", "Standard Insurance", "AtaSığorta", "Xalq Sığorta", "Paşa Sığorta", "AXA MBASK", "AzSığorta", "Alfa Sığorta", "Meqa Sığorta", "İpək Yolu Sığorta", "Azərbaycan Sənaye Sığorta"dır.
Heç bir qanuna sığmayan bildirişlər
Daşınmaz əmlakın icbari sığortasına nəzarət mexanizmi işə düşəndə İcbari Sığorta Bürosunun sistemində çıxarışı (kupça) olanlar görünəcək. Əgər mənzilin sığortası yoxdursa, həmin şəxsin e-mailinə və yaxud telefonuna mesaj göndəriləcək. Yeri gəlmişkən qeyd edək ki, cari il yanvarın 1-dən Azərbaycanda daşınmaz əmlakın icbarı sığortalanması üzrə yığımların başlanılmasına start verilib. Hətta bunaların girişlərinə, bir çox hallarda isə qapılara bununla bağlı təşkilatın adı, ünvanı belə göstiərilməyən bildirişlər yapışdırılır. Maraqlıdır, heç bir dövlət qurumunun adı qeyd edilməyən bu tip bildirişlərin yayılması nə dərəcədə qanunidir? Etiraf edilməlidir ki, indiyə qədər bu növ haq ödəmyən və cərimə üzü görməyən vətəndaşlar üçün bu böyük sual doğurur. Əksər hallarda insanlar tərəfindən bildirişlər qəbul edilir ki, məsələn, bu tarixdən əmlakınızı sığortalamalısınız. Birmənalı şəkildə qeyd olunmalıdır ki, əmlakın icbari sığortası haqqında sığorta şirkətlərindən bildirişin gəlməsi qanunvericiliyə görə düzgün deyil. Lakin buna baxmayaraq əksər sığorta şirkətləri yaranmış bəziyyətdən sui-istifadə edərək sadəcə öz gəlirlərinin artırılmasına çalışırlar. Reallıqda isə qanunvericilkdə bu funksiyanın icraçısı yerli icra orqanı göstərilsə də, dəqiq olaraq hansı qurumun səlahiyyətində olduğu bilinmir. Yəni, daşınmaz əmlakın icbarı sığortası barədə sahibinə bildiriş yalnız dövlət orqanı tərəfindən göndərilə bilər.
Əmlakın icbari sığorta haqqı necə hesablanır?
Hazırda vətəndaşları düşündürən əsas məsələlərdən biri əmlak sığortasının necə hesablanması ilə bağlıdır. Qanunvericilik yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri aşağıdakı kimi müəyyən edilir: Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25 000 manat, azadolma məbləği 250 manat; Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20 000 manat, azadolma məbləği 200 manat; digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15 000 manat, azadolma məbləği 150 manat. İzahat üçün qeyd edək ki, Bakı şəhərində yerləşən "A" yaşayış əmlakı "T" sığorta şirkətidə üzrə icbari sığortaladığından onun əmlakına və evdəki əşyalarına dəyəcək zərər üzrə 25 000 manat sığorta məbləği həcmində təminat verilmiş, 250 manat məbləğində isə müqavilə ilə franşiza - azadolma məbləği müəyyən edilmişdir. "A" adlı şəxsin evi elektrik naqillərində baş vermiş qısaqapanma nəticəsində yanmış və aparılmış qiymətləndirmə nəticəsində onun əmlakına, o cümlədən evdəki əşyalarına 20 000 AZN məbləğində zərər dəyməsi müəyyən edilmişdir. Bu halda "T" sığorta şirkəti tərəfindən "A" adlı əmlakın sahibinə ödəniləcək məbləğ 250 manat (qeyd etdiyimiz kimi Bakı ş. üzrə) franşiza - azadolma məbləği çıxılmaqla 19 750 manat olacaqdır.
Sığorta hadisəsi hesab olunan hallar
Daşınmaz əmlakın istismar edilməsi, o cümlədən onun ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində aşağıdakı hallarda zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur: elektrik və ya qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticələri; qaz partlayışı; elektrik naqillərində baş verən qısa qapanma; su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma; hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri.
Cərimələrin hesablanma qaydası
Onu da qeyd edək ki, hüquqi və fiziki şəxslərə məxsus əmlakın sığortası icbaridir. Qanunvericilikdə mənizl, yaşayış və qeyri-yaşayış sahələrinin sığorta etdirməyənlər üçün cərimə nəzərdə tutulub. Daşınmaz əmlakın icbarı sığortalanmasından yayınmağa görə cərimə məbləği İnzibati Xətlar Məcəlləsinin 469.1-ci bəndinə nəzərdə tutulub. Belə ki, sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamayan fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir. Əgər sığorta müqaviləsi bağlamayan şəxs inzibati məsuliyyətə cəlb olunubsa, 20 gün müddətində icbarı sığorta müqaviləsi bağlamalıdır. 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmasa əmlak sahibi yenidən eyni məbləğdə cərimə edilir. Lakin fiziki olaraq yanvarın 20-nə qədər bütün daşınmaz əmlak sahiblərinin öz əmlaklarını sığorta etdirməsi mümkün olmadığından hazırda rəsmi olaraq cərimə edilmə ilə bağlı hər hansısa məlumat yoxdur.
Nurlan
Olaylar.az