Əhaliyə 50 mindən çox ağac tingi paylanacaq
2 Aprel 2019 15:30 SosialBu gün, paytaxtın Nəsimi, Binəqədi, Yasamal rayonlarında, bölgələrdən isə Gəncə və Şəkidə ümumilikdə, 10 mindən çox ağac tingi əhaliyə paylanıldı və mütəxəssislərimiz ağacların əkilməsi, onlara qulluq göstərilməsi qaydalarını vətəndaşlara izah etdilər.
Olaylar.az xəbər verir ki, bu sözləri media nümayəndələrinə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
O, bildirib ki, "Bu yaz özün bir təbiət yarat" devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində təşkil olunan aksiyanın məqsədi ağac əkmək istəyən hər kəsi tinglərlə təmin etməklə onlara dəstək olmaqdır: "İlk dəfə ağacpaylama aksiyası payız ağacəkmə kampaniyası zamanı təşkil olundu və əhali tərəfindən çox sevinclə qarşılandı. Bunu nəzərə alaraq aksiyanı yenidən davam etdirməyi qərara aldıq.
Ümumilikdə, yaz ağacəkmə kampaniyası çərçivəsində 50 mindən çox ağac tinginin paylanması nəzərdə tutulub. Ağac tingləri nazirliyin tinglik sahələrində yetişdirilir.
Sevindirici haldır ki, ağacəkmə kampaniyaları artıq geniş vüsət alıb və kütləviləşib. Ümid edirik ki, ağacəkmə kampaniyaları getdikcə daha kütləvi xarakter alacaq və bu ənənə yaddaşlarda həkk olunacaq.
Nazirlik ağacəkmə kampaniyasına qoşulan bütün dövlət və özəl qurumlara, ictimaiyyət nümayəndələrinə, jurnalistlərə öz minnətdarlığını bildirir".