Bu, bir sosial media trendidir“ - Yadigar Cəfərli "Kazbekə şey basım zırranım" HAQQINDA YAZIR

"Ah eylədiyim nəşeyi-qəlyanın üçündür,

At tiryakını, meyl elə qəlyanını, yuxla və s.

Bu misralar "Kazbekə şey basım zırranım"dan çoxmu zəifdir, əziz mənim hörmətli oxucularım?! Onda Mirzə Ələkbər Sabiri də narkomaniyanın təbliğində günahlandıraqmı?! Bu misranın sədaları altında əyləncəli videolar çəkib sosial mediada yayanların hərəkətini, düzü, mən də dəstəkləmirəm. Burada sənət-filan yoxdur. Amma çoxlarının hay-küy saldığı böyük əxlaqsızlıq, cinayət əməli də yoxdur". "Olaylar" xəbər verir ki, bu fikirləri filologiya üzrə fəlsəfə doktoru Yadigar Cəfərli bildirib. Qeyd edib ki, bu, bir sosial media trendidir. Necə ki, bir neçə ay əvvəl hamı güneyli qardaşlarımızın gözəl "Səni deyirlər" havasına sındıra-sındıra oynayırdı, indi də müəyyən qism bu "Kazbek" trendinə uyub: "Yaxşıdır ya pisdir, deyə bilmərəm, bildiyim bir budur ki, insanlar sosiallaşdıqca belə trendlər yaranacaq. Viral effekti ilə yayılıb populyarlaşacaq. Sonra da unudulub gedəcək. Onların faydalıları da var - məsələn ətrafı zibildən təmizləyib sonra şəkil çəkdirənlər kimi, "Səni deyirlər" kimi - amma "Kazbek" kimi belə ziyanlıları da var. Hər gün Facebookda 5 milyarda yaxın paylaşım edilir. Onların çox cüzi bir qismi viral effekti qazanır. "Forbes" jurnalının əməkdaşı Robert Wynne yazır ki, bu bir lotereya bileti kimidir. Sosial şəbəkələrdə hansı kontentin virus kimi yayılacağını heç kim irəlicədən bilmir. Bir də görürsən ki, ən ağlagəlməz və arzuolunmaz bir məzmun tutuzdurdu getdi. Bəs belə halların yaranmaması üçün nə etmək olar?! Heç nə?! Amma bir az da hər şey. Yenə Robert Wynne qardaşımızın fikirlərinə üz tutaq. O, deyir ki, bu cür viral kontentlərin çox böyük əksəriyyəti yalnız televiziya və media da onlara diqqət ayırandan sonra kütləvi yayılır. Sosial media isə burada sadəcə sürətləndiricidir. Həqiqətən, əgər mətbuat yazmasaydı, heç mənim də bu "Kazbekə şey doldurub zırrananlardan" xəbərim olmayacaqdı. Ən çox baxılan kontentlər Robert Wynne-nin araşdırmalarına görə məşhur adamlar və markalardan gəlir. Deməli, tanınmış insanlarımızın belə mövzularda fikir bildirməsi bu cür paylaşımların daha da geniş yayılmasına ən böyük köməkdir. Bəs belə şəbədələrin ortaya çıxmaması üçün edə biləcəyimiz həmin o hər şey nədir, onu da qulluğunuza ərz edim. Faydalılarının yayılmasına dəstək vermək, ziyanlılarını isə mümkün qədər ciddiyə almamaq, fikir verməmək, açıb baxmamaq. Vəssalam, şüttəmam. Rəhmətlik akademik Azad Mirzəcanzadə həmişə sözünün bu yerində deyirdi ki, "Deyə bildim?!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31