Qəbələdə 11 yaşayış məntəqəsini əhatə edən yol yenidən qurulur

Qəbələ rayonunda uzunluğu 19 km olan yerli əhəmiyyətli Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yerli əhəmiyyətli Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan  yol örtüyündə çalalar, çökmələr və qabarmalar əmələ gəlib, avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Hazırda yenidənqurma işləri yolun 12 km-lik hissəsində aparılır. Layihəyə uyğun olaraq burda mövcud örtük sökülərək kənara daşınır, yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılır, karxana qruntu ilə əks-dolğu işləri görülür və kipləşdirilir, torpaq yatağı avtoqreyderlə profilə salınır.  Bu işlər 100 min kv.m-dən çox sahəni əhatə edir. Yaxın müddət ərzində analoji işlərin yolun qalan 7 km-lik hissəsində də aparılması nəzərdə tutulur.

Qeyd edək ki, başlanğıcını respublika əhəmiyətli Ağdaş-Zarağan avtomobil yolundan götürən və 19 km uzunluğa malik Qəbələ rayonu Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu 8 mindən artıq əhalinin yaşadığı 11 yaşayış məntəqəsini əhatə edir. Yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, mövcud tikinti norma və qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə yenidən qurulur. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və 60-a yaxın texnika cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31