İlahiyyat İnstitutunun kollektivi “Qırmızı qəsəbə”ni ziyarət edib

Quba şəhərinə səfərə gedən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) kollektivi Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevin müşayiəti ilə Qubada yerləşən "Qırmızı qəsəbə"də olub.  "OLAYLAR"-a təhsil ocağından bildirilib ki, Aİİ heyətinə yəhudilərin adıçəkilən qəsəbədə, həmçinin Azərbaycanda məskunlaşması tarixi, ölkəmizdəki multikultural mühit və tolerantlıq ənənələri haqqında ətraflı məlumat verilib.

Ali təhsil müəssisəsinin kollektivi "Giləki" və "Altı günbəz" sinaqoqları ilə yaxından tanış olub. Ziyarətçilərə məlumat verilib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, bütün respublikada olduğu kimi, "Qırmızı qəsəbə"də də dirçəliş dövrü başlanıb. Qəsəbədə sinaqoqlar təmir edilib, müqəddəs ocaqlarda dini ayinlər yenidən sərbəst şəkildə yerinə yetirilməyə başlanıb. Bildirilib ki, "Qırmızı qəsəbə"dəki sinaqoqların birində Yəhudi Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Burada uşaqlar dərsdənkənar vaxtlarında yəhudilərin adət-ənənələrini öyrənirlər.

Daha sonra Quba Rayon İcra Hakimiyyəti başçısının Qırmızı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pisax İsakov və Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev yəhudiliyin inanc və ibadətləri, tolerantlıq və multikulturalizm kontekstində Azərbaycanda fərqli dinlərə etiqad göstərənlərin birlikdə yaşama təcrübəsi mövzularında gənclərin suallarını cavablandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31