AY SİZƏ REKLAM OLUM- Arzu Soltan yazır
31 Mart 2019 13:14 SosialReklamda deyir ki, boya istehsalında keyfiyyət vacib şərtdir. Üz-üzə olsaydı, soruşardım,
ciddisiniz? Bəs reklam mətni yazmaq işində keyfiyyət vacib deyil? Ümumiyyətlə, insanlar üçün,
cəmiyyət üçün görülən hansı işdə keyfiyyətin aşağı olması qəbulediləndir? İnsan resurslarından
istifadədə necə?
Bizim bir qohum var, bir neçə il əvvəl deyirdi ki, ucqar kəndlərdən gəlib əlinə oboy (yəni, divar
kağızı) bıçağı alan özünü ev təmir edən usta kimi qələmə verir. Tikinti bumu bu sahədə
mütəxəssislərə ehtiyac yaratmışdı. İşi bilən isə az idi.
Necə ki, serial, film çəkilişi sahəsinə pul ayrılan kimi hamı oldu kinematoqrafiya bilicisi. Təhsili,
təcrübəsi olan-olmayan hamı "yolaverdi" üsulu ilə bu sahədə pul qazanmağa başladı. Ən azından
qazanmağa cəhd etdi, yəni.
Bir-iki il əvvəl bir film təqdimatına dəvət almışdım. Mərasim Hollivud filmlərinin təqdimatına
oxşadılmışdı.Yaradıcı heyət səhnəyə çıxanda baxdım ki, filmin baş prodüsseri bir neçə ay əvvəl
serial çəkilişində gördüyüm çay paylayan adamdır. Bu inkişafa sevinmək olardı. Amma ədəbsiz
lətifələrin bir-birinə çalaq edilməsi əsasında çəkilmiş filmin elə ilk 5 dəqiqəsindən zal boşalmağa
başladı. Elə mənim də heç vaxt heç bir filmdən və tamaşadan yarımçıq çıxmağa imkan
verməyəm tərbiyəm bu dəfə filmə axıracan baxmağa imkan vermədi...
Məktəb önəmlidir və heç kim mübahisə etməz ki, təhsildə də keyfiyyət vacib şərtdir. Amma
bəzən peşəkarlıq təkcə təhsillə bağlı olmur. Dövrəyə peşə namusu da girir. Məsələn, bu yaxında
banklardan birində sifariş etdiyim bankomat kartını alıb elə oradaca yoxlamağa çalışdım. Kart
işləmədi. Kartı təhvil aldığım bank işçisinə yaxınlaşıb kartın işləmədiyini dedim. Cavabı "mən
heç nə edə bilmərəm" oldu.
Bəzən heç təhsil lazım olmayan yerdə də keyfiyyətsizlik özünü göstərir. Bakının iri alış-veriş
mərkəzlərindən birində xadimədən soruşuram ki, niyə tualetlərdə kağız yoxdur. Cavab verir ki,
"bala, ayın axırıdır, ehtiyatımız qurtarıb". Onunla mübahisə etməyib öz-özümə fikirləşirəm ki,
məgər ayın axırı olanad parkovka pulsuz, kinoteatrların biletləri ucuz olur, ya mağazalar,
restoranlar havayı işləyir? Ayın əvvəli və axırı olmasının, ilin, ayın, günün, saatın nə vədəsi
olmasının tualet kağızına nə dəxli var axı? Və birdən yadıma düşür ki, xadimənin ayın axırı
dediyi gün ayın 7-dir... Bu ona oxşayır ki, qatarla Tbilisidən-Bakıya qayıdıram. Qatar təzəcə
tərpənib. Vaqonun möhtəşəm sanitariya otağında işlənib-işlənib kağıza dönmüş bir qırıq sabun
qalığı var. Yenə də mən. Bələdçidən soruşuram ki, "niyə sabun yoxdur?". Deyir, "ay xanım,
işlənib, qurtarıb da"...
Yadıma düşür ki, mən hələ uşaq vaxtı bağçaya gedəndə belə halları müşahidə eləmişdim. İşçilər
evlərində sınan qab-qaçağı, stəkan-nəlbəkini bağçaya gətirib evlərinə təzəsini aparırdılar...
Bu günlərdə uşaqlarını kursa yazdırmaq istəyən bir qadının qiymətdə endirim almaq üçün necə
yalvardığının şahidi oldum. "Xadimə işləyirəm, maaşım azdır. Kaş məni də vaxtında başa salan
olaydı, oxuyardım, indi onun-bunun ayağının altını silməzdim", deyirdi. O qədər səmimi idi ki,
kursun aylıq ödənişi sabit olsa da, ona müəyyən endirim edildi. Düşündüm ki, kaş məktəblərdə
müəllimlər də şagirdlərə oxumağın və keyfiyyətli mütəxəssis olmağın önəmini belə
səmimiyyətlə başa salardılar. Onda elmi olmayan elmi araşdırma, imanı olmayan dindarlıq,
sənətdən anlamayan sənətkarlıq eşqinə düşməzdi. Məktəb direktoru ilə şou-biznes ulduzunu bir-
birindən seçmək olardı.
Nə jurnalistikada (ənənəvi və yeni), kommunikasiyanın başqa sahələrində, nə də ümumiyyətlə
heç bir peşədə psevdo-mütəxəssislər meydan sulamazdı. Youtube-da Azər Axşamın
təqdimatında "Milyonçu" şousuna baxan oğlum (17 yaş) "o vaxtdan sonra nə oldu ki, TV-lər bu
qədər düşdü" sualını mənə verməzdi...
90-cı illərin sonlarında Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondu ailə planlaşdırılması,
əhalinin artım səviyyəsi ilə bağlı hesabatında Azərbaycandakı durumu keyfiyyətsiz əhali artımı
adlandıranda bu, bir az xətrimə də dəymişdi...
Təbii ki hər kəs işləmək, güzaranını qurmaq, pul, yeri gəlsə, şan-şöhrət qazanmaq istəyir. Amma
sizə bir sirr açım, insanın yaxşı bildiyi işdən aldığı zövq dünyada heç bir maddi qazancla və ya
ad-sanla müqayisəyə gələ bilməz.
Həyatın keyfiyyəti isə məhz o zövqlə bağlıdır.