Musiqinin akademik məqamı
11 Mart 2019 11:50 SosialSakitlikdir, ətraf qaranlıq, dəhlizlər kimsəsiz...
Sanki labirintdəyik...
Qarşıda bizi nələrin gözlədiyini, hansı situasiyalarla qarşılaşacağımızı bilmirik...
Bir-birimizə tutuna-tutuna irəliləyirik...
Və...
Qəfildən naməlum istiqamətə yol alan bir avtobusun içərisində olduğumuzun fərqinə varırıq...
Axı, bu necə ola bilərdi? Biz ki, bir binanın qaranlıq dəhlizləri ilə irəliləyirdik, necə oldu ki, birdən-birə avtobusa düşdük?
Ətrafa baxırıq, yenicə gördüyümüz sərnişinlər də çaş-başlıq içərisindədirlər...
Elə indi duyuq düşüblər ki, naməlum istiqamətə gedən bu avtobusu idarə edən sərxoş bir sürücünün iradəsindən asılı vəziyyətdədirlər...
Bəlli olmayan ünvana, məqsədi və məramı aydın olmayan sürücü ilə eyni avtobusda, eyni taleni yaşamağa məhkum olan sərnişinlər həyatın bu sürprizinə müqavimət göstərirlər...
Və elə bu ekstremal vəziyyətdə çarəsiz sərnişinlərin hər birinin əsl məni ortaya çıxır...
"Yolçuluq", "Sərxoş gecə", "Çıxış yolu"
10 mart - Milli Teatr Günü ərəfəsində yolumuzu Azərbaycan Dövlət Musiqili Teatrından saldıq.
Teatrın 4-cü mərtəbəsində, bolqar yazıçısı Stanislav Stratiyevin "Avtobus" pyesi əsasında "Çarəsiz sərnişinlər" tamaşasının stolarxası məşq prosesini izləyirik...
Xalq artisti Pərviz Məmmədrzayev (virtuoz), əməkdar artistlər Əzizağa Əzizov (kəndçi), Ələkbər Əliyev (ağılsız), Şövqi Hüseynov (ağıllı), Əkbər Əlizadə (məsuliyyətsiz), aktyorlar Əliməmməd Novruzov (ər), Ülviyyə Əliyeva (arvad), Aydan Həsənova (qız), Nicat Həbibov (oğlan) hər biri öz rolları barədə danışır, müzakirə aparırlar.
Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə məlumat verir ki, tamaşa alleqorik, eksentrik musiqili komediyadır: "Musiqi heç də müşayiət deyil, həm də yeri gələndə monoloq ifadəsinə çevrilə biləcək formadadır. Tamaşa 3 hissədən ibarət olacaq, "Yolçuluq", "Sərxoş gecə", "Çıxış yolu". Tamaşa insan kimlikləri üzərində qurulub. Burada bir neçə mesaj verilir. İstənilən şəraitdə insan kimliyi qorunmalıdır. Fərdi yox, ümumi xilaslar naminə çalışmaq lazımdır. Çarəsizliyin sonu uçurumdur. İnsan elə şeyləri itirməlidir ki, qazandıqları ona dəysin. Yaxud elə şeylər itirməlidir ki, ona görə peşman olmasın".
Teatr məbədgah, həyat məktəbidir. Ağlayan, gülən, qəhərlənən, şadlanan tamaşaçının müqəddəs ünvanıdır. İnsan mənəviyyatının zənginləşməsinə ən böyük töhfə verən incəsənətdir. Mütləq ki, səhnəyə qoyulan bütün tamaşaların insanlığa ötürdüyü dəyərli bir mesaj var...
Zəngin teatr ənənəsi
Azərbaycan teatrının da zəngin ənənəsi var və artıq bu il yaranmasının 146-cı ildönümünü qeyd edir.
1883-cü ildə Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Bakıda ilk teatr binası tikilib. 1922-ci ildən binada Akademik Milli Dram Teatrı, 1960-cı ildən isə Azərbaycan Dövlət Musiqili Teatrı fəaliyyət göstərib. 1988-ci ildə uçmaq təhlükəsi olduğuna görə həmin bina sökülüb və yeni bina inşa olunub.
Azərbaycanda milli musiqili komediya janrının yaradıcısı isə dahi bəstəkar Üzeyir bəy Hacıbəyli olmuşdur. Onun 1909-cu ildə yazdığı "Ər və arvad" musiqili komediyasının ilk tamaşası 24 may 1910-cu ildə Bakıda, Nikitin qardaşlarının sirk binasında göstərilmişdir. Məhz bu tamaşa ilə də Azərbaycan Musiqili Komediya Teatrı təşəkkül tapmışdır. Sonrakı illərdə Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun", "Arşın mal alan" (1913) musiqili komediyaları oynanılmışdır.
1938-ci ilə qədər musiqili komediyalar Azərbaycan Opera və Balet Teatrında oynanılırdı. 1938-ci ildə müstəqil Musiqili Komediya Teatrı (Azərbaycan və rus bölmələri ilə) təşkil edildi və teatr 1938-ci ilin sentyabr ayından rəsmi olaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrı statusu aldı.
1985-90-cı illərdə respublikada baş verən ictimai-siyasi hadisələr, Qarabağ müharibəsi burada çalışan sənət adamlarının yaradıcılığına mənfi təsir göstərdi. Uzun illik təmir işləri kollektivdə təəssüf ki, bir süstlük yaratdı. Lakin 1993-ci ildə ulu öndər Heydər Əliyevin göstərişi ilə binada təmir və bərpa işlərinə yenidən başlanıldı. Sənət və sənət adamlarına xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev 1995-ci ildə təmir və bərpa işləri ilə yaxından tanış oldu, öz dəyərli tövsiyələrini verdi.
1998-ci il oktyabr ayının 10-da isə böyük sənət məbədinin açılışında iştirak etdi. Bu, teatrın yenidən inkişaf etməsinə böyük təkan verdi. Kollektiv bir-birinin ardınca yeni-yeni tamaşalar hazırlayaraq repertuarı zənginləşdirməyə başladı.
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binası 2011-2013-cü illərdə yenidən təmir olunub istifadəyə verildi.
2013-cü ildə isə Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı Azərbaycan Dövlət Musiqili Teatrı adlandırıldı.
Hazırda teatrda 460 yerlik zal ən müasir avadanlıqla təchiz olunub. Oturacaqlar və mebel yeniləri ilə əvəzlənib, 360 dərəcə fırlanan səhnə tamamilə yenidən qurulub. Burada ən müasir səs-akustika sistemi quraşdırılıb. Səhnənin işıq sistemləri də müasir layihə və texnologiyalar əsasında yenilənib. Binanın bütün xidməti və qrim otaqlarında əsaslı təmir işləri aparılıb. Yenilənmiş havalandırma sistemi ən müasir standartlara uyğundur. Əsaslı bərpa işlərindən sonra teatrdakı səsyazma studiyası və kiçik tamaşa zalı da yeni görkəm alıb.
Son: üç, iki, bir, başladıq...
Elə ilk andan teatrın ab-havasını duymağa başlayırıq. Əksəriyyətini ekranlardan tanıdığımız məşhur aktyorlarla dəhlizlərlə irəlilədikcə, hər mərtəbəyə qalxdıqca yeni bir aləmlə rastlaşırıq. Yenicə qurulmuş və məşqinə hazırlaşılan bir tamaşanın səhnəsindəyik. Gözəl əl işləri ilə hazırlanmış dekor kötüklər, gül-çiçəklər, qızıl açar...
Budur, haradansa qaranlıqdan rejissorun səsi eşidilir.
- Son: üç, iki, bir, başladıq...
Səhnə işıqlanır və musiqi sədaları altında tənha qoca Karlo kiçik daxmasında oduncaqdan insan fiquru düzəldir...
Taq-taq-taq... Birdən hazırladığı taxta əşya canlanır və hərəkətə gələrək uzun burunlu şən və dəcəl Buratinoya çevrilir... Şıltaq, inadkar, bu qeyri-adi taxta oğlan atası hesab etdiyi Karlonu çox sevsə də, nəzakət qaydalarından çox uzaq, tənbəl, dərs oxumağı sevməyən biridir. Yaxşı cəhətləri isə sadiq dost olmağı bacarmağı və macəra dolu təhlükəli anlarda meydana cəsur igid kimi atılmağıdır...
Özümüzü nağıl aləmində hiss edirik və anidən rejissorun kəsdik, ara veririk anonsu ilə sehrli aləmdən ayrılırıq...
Xoşbəxt teatr
Görkəmli rus yazıçısı Aleksey Tolstoyun 1936-cı ildə qələmə aldığı "Qızıl açar və yaxud Buratinonun macəraları" povesti əsasında hazırlanan "Buratino" nağıl-tamaşası yaradıcı gənclərə dəstək məqsədilə səhnəyə qoyulur. Tamaşanın bədii rəhbəri sənət ocağının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir. Dünyanın bir çox teatr məkanlarında tamaşaçılara müxtəlif versiyalarda göstərilən oduncaq adam - Buratino haqqında rəvayətlər bu dəfə musiqili teatrın gənc rejissoru Elməddin Dadaşovun quruluşunda və fərqli şəkildə təqdim olunur.
Fürsəti fövtə verməyib rejissorla danışırıq. Elməddin Dadaşov deyir ki, 2005-ci ildə böyük gülüş ustası Hacıbaba Bağırovun özəl dəvəti ilə Azərbaycan Dövlət Musiqili Teatrına gəlib: "Artıq 14 ildir ki, bu teatrla nəfəs alıram. Bir çox tamaşalarda ikinci rejissoram. Elə tamaşalar da var ki, onlarda aktyor kimi də iştirak edirəm".
Rejissor məlumat verir ki, "Buratino" filmində səslənən mahnılar ilk dəfə olaraq öz doğma dilimizdə səslənəcək: "Tamaşada maraqlı tendensiya üzə çıxartdım. Elə aktyorlarımız var idi ki, onlar uşaq tamaşaları ilə məşğul deyildilər. Artistlər Səmayə Musayeva, Nahidə Orucova, Möylə Mirzəliyev, Ağaxan Şərifovu gətirib gənc nəsillə bərabər tamaşada rollar verdim. Bu, təbii ki, onlar üçün də maraqlı oldu".
Elməddin Dadaşov onu da vurğuladı ki, musiqili teatr heç zaman tamaşaçı qıtlığından əziyyət çəkmir: "Xoşbəxt teatrlardanıq ki, bizə tamaşaçı axını çoxdur. Burada həm də zövq müxtəlifliyi var. Tamaşaçı seçim edir, bu gün gəlib macar bəstəkarı İmr Kalmanın, sabah Əli Səmədlinin əsərinə, digər gün isə Antuan de Sent- Ekzüperinin uşaq tamaşasına baxır".
Buratinonun ifaçısı gənc aktyor Zaur Əliyevlə həmsöhbət oluruq. İncəsənət Universitetinin musiqili teatr rejissorluğunu bitirən Zaur Əliyev 2013-cü ildən bu teatrda işləyir: "Əvvəlcə texniki heyətdə işıqçı, sonra işıq rəssamı oldum. Daha sonra direktor Əliqismət Lalayev diplom işimi bəyəndi və təklif verdi ki, tamaşa hazırlayım. Mən "Peter Pen" tamaşasını hazırladım. Həmçinin tamaşalarda aktyor kimi çıxış edirəm. Çalışıram ki, oynadığım bütün rolların obrazını olduğu kimi tamaşaçıya çatdıra bilim".
Canım, qanım, dünyaya baxan gözlərim - TEATR
"Mən bu sənətə həqiqi istəklə, körpəlikdən vurğun olub gəlmişəm. Müəllim də ola bilərdim, amma teatra sevgim məni İncəsənət İnstitutuna gətirdi. Teatr mənə canım, qanım, dünyaya baxan gözlərim kimidir. Teatrın hər şeyi, adicə tozu da mənə çox əzizdir".
Bayaqdan səhnədə heyranlıqla izlədiyimiz 74 yaşlı əməkdar artist Səmayə Musayeva fikirlərini bölüşür: "46 ildir ki, musiqili teatrın səhnəsindəyəm. İnstitutu bitirən kimi bu tetra işə gəlmişəm və buradan da heç yana getməmişəm. Məni bura çox şey bağlayır. İlk növbədə, sənətim və peşəkar aktyorlar. O zaman aktrisa Şəfiqə Qasımova var idi. Bax, onun səsi məni bu teatra bağladı. Şəfiqə xanımda bir səs var idi ki, mənə elə gəlirdi ki, sanki o oxuyanda divarlar titrəyir".
Səmayə xanım deyir ki, çox əziyyətlər çəksə də, teatra olan istəyim soyumur: "Bələkdəki övladımı qucağıma alıb onunla birgə instituta gedirdim. Müəllimlərin yazığı gəlirdi mənə, deyirdilər ki, səndə bu necə oxumaq həvəsidir...
Oğlum 20 Yanvarda şəhid oldu. Onda 44 yaşım var idi. Təsəvvür edin ki, məni göydə Allah, yerdə teatr yaşatdı. Bu sənətim olmasaydı, Allah bilir nə olacaqdı..."
"Teatrda işləyənlər sənət fədailəridir" deyir aktyor Möylə Mirzəliyev: "34 illik zəhmətim var bu sənətdə. Bu sənəti birinci növbədə sevmək, onun xəstəsi olmaq lazımdır. Nə qədər qayğılarımız da olsa, bu sənəti sevirik. Fədaiyik".
Müjdə
Fasilə bitir və aktyorlar yenidən səhnəyə çıxırlar...
Artıq Buratino qızıl açarla qapını açaraq sehrli dünyaya daxil olmaq istəyir...
Bu zaman gözlənilmədən səhnəyə çıxan teatrın direktoru Əliqismət Lalayev işarə edir ki, vacib bir məsələ ilə bağlı məşqlərə ara verilsin: "Sevincimin həddi-hüdudu yoxdur... Elə indi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi haqqında sərəncam imzaladı..."
Aktyorlar tərəfindən qopan sevinc nidaları, alqış sədaları Əliqismət müəllimin sözlərini yarımçıq kəsir...
Artıq Akademik status alan musiqili teatrın kollektivini sevindirən isə nə ad, nə şöhrət idi...
Onları sadəcə, sənətə verilən dəyər, əziyyətlərinin qiyməti duyğulandırır, ürəklərində fərəh hissi oyadırdı...
"Heç bir ölkədə incəsənət adamlarına bu qədər qayğı göstərilmir"
Əliqismət müəllim teatra verilən bu yüksək dəyərlə bağlı sevinc hisslərini bizimlə bölüşür: "Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısını bir daha təsdiq edən bu rəsmi sənəd qəlbimizdə fərəh hissi doğurdu. Cənab Prezidentin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər bir azərbaycanlı ailəsinin güzəranını daha xoş, sabahını daha gözəl və xoşbəxt etmək naminə yürütdüyü uğurlu siyasət Azərbaycanın böyük inkişaf yolu keçməsinə, ölkəmizin bütün sahələrinin, o cümlədən mədəniyyət və incəsənətinin ildən-ilə inkişaf etməsinə səbəb olub. Son illər ərzində respublikamızın hər bir teatrında olduğu kimi, Azərbaycan Dövlət Musiqili Teatrında da çox böyük işlər görülüb, uğurlu nəticələr əldə edilib. Məhz Prezident İlham Əliyevin diqqət və qayğısı, o cümlədən bilavasitə rəhbərliyi sayəsində teatrımızda təmir, yenidənqurma və bərpa işləri aparılıb. Şübhəsiz ki, teatr binasının təmiri və demək olar ki, yenidən qurulması yeni məkanda daha böyük yaradıcılıq işlərinin aparılmasına xidmət etdi".
"Mənə elə gəlir ki, dünyanın heç bir ölkəsində incəsənət adamlarına bu qədər qayğı göstərilmir" - söyləyən Əliqismət Lalayev deyir ki, qürur duyuruq ki, ulu öndər Heydər Əliyevin incəsənət xadimlərinə böyük qayğısı bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Azərbaycan sənətçisinin, Azərbaycan ziyalısının böyük xoşbəxtliyi də elə bundadır. Buna görə də biz incəsənət adamları, teatr ictimaiyyəti cənab Prezidentin etimadını doğrultmağa çalışırıq".
Tamaşaçı alqışı
Dövlət başçısı martın 4-də sərəncam imzalayaraq Prezidentin Ehtiyat Fondundan bu teatra 200 min manat ayırdı.
Bir müddət öncə isə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva mədəniyyət və incəsənət xadimləri ilə görüşdü. Dövlət başçısı görüşdə teatr işçilərinin əməkhaqlarının azlığı ilə əlaqədar qaldırılan məsələni nəzarətə götürərək bununla bağlı təkliflər hazırlanmasına və əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılmasına dair tapşırıq da vermişdi.
Bayram əhval-ruhiyyəsində olan bu sənət ocağını xoş təəssüratlarla tərk edirik...
Əminik ki, əsrlər keçsə də, tamaşaçılarımız incəsənətimizin bir qolu olan teatrdan, teatrlarımız da tamaşaçı alqışından heç vaxt məhrum olmayacaq...
Yasəmən MUSAYEVA,
Ağaəli MƏMMƏDOV
"Azərbaycan"