SƏYYAD AĞBABALININ AĞBABA HARAYI

Aşağı-yuxarı 50 ildən çoxdur ki, adımın yanına Ağbabalı təxəllüsü yazılır. Artıq o təxəllüs deyil, mənim soyadımdır, varlığımdır, düşüncəmdir, qəmim, kədərimdir, həm də sevincim, xoşbəxtliyimdir. 

38 il əvvəl Azərbaycan radiosunda, 36 il əvvəl isə AzTV-nin "Səhər musiqili-informasiya proqramı"nda  bu suala cavab vermişəm. Ama çox qısa. Görün nə qədər illər keçib... Yenə də həmin sualı mənə verirlər: "Kimdir, haradır Ağbaba?" 

Bu dəfə belə cavab verirəm:

Məndən soruşdular: "Kimdir Ağbaba?"

Söylədim: "Ağ oğlu, ağdır Ağbaba!"

Oğuz, türk torpağı, böyük mahaldı,

Xan Qazan yatdığı dağdır Ağbaba.

Canlı əfsanədir, dimdik dayanıb,

Nə qədər qovrulub, nə qədər yanıb,

Səməndər quşutək yenə canlanıb,

Gülüstan ətirli bağdır Ağbaba.

Görüb Bayanduru, Qazan xanı da,

Oğuzdan gəlibdi ruhu, canı da,

Törəyib Qayının yüz sultanı da,

Düşmənin gözünə oxdur Ağbaba.

O, duyğu, düşüncə, canda ürəkdi,

O, doğan hilaldı, yerə bəzəkdi,

Bərq vuran dənizdir, güldü, çiçəkdi,

Ruhumda bir yeni çağdır Ağbaba.

Öyə bilməz Hamlet səni, Ağbaba,

Öyə bilməz Səyyad səni, Ağbaba.

Oddan keçir, yandır məni, yax, baba,

Özün boyda ildırım ol, çax, baba,

Düşmən külə dönsün, sən bax, Ağbaba!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31