Naxçıvanda yeni komando hissələri: Azərbaycanın müdafiə potensialı güclənir ÖZƏL
18:01 SiyasətMütəxəssislər bildirirlər ki, Naxçıvanda yaradılan yeni komando hissələri bölgənin müdafiə potensialını artırır. Əlahiddə Ümumqoşun Ordunun döyüş təcrübəsi, Türkiyə ilə birgə təlimlər və yeni komando birlikləri xüsusilə dağlıq ərazilərdə çevik əməliyyat imkanlarını gücləndirir.
Naxçıvanda yeni komando birliklərinin yaradılması bölgənin təhlükəsizliyi baxımından hansı strateji üstünlükləri təmin edə bilər?
Türkiyə ilə hərbi əməkdaşlıq və birgə təlimlər Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsinə necə təsir göstərir?
Mövzu ilə bağlı hərbi ekspert Emin Həsənli Olaylar.az-a açıqlama verib:
" 44 günlük müharibə və bir günlük antiterror əməliyyatları Azərbaycan Ordusunun gücünü dünyaya göstərdi. Xüsusən, müasir ordu quruculuğu və xüsusi təyinatların rolu həddindən artıq güclü idi. Və bu müharibədən sonra da Azərbaycan qardaş Türkiyə ilə birgə hərbi təlimlərə başlayır. Hər il həm Türkiyə ilə, həm Pakistanla, eyni zamanda Türkiyə- Gürcüstan-Azərbaycan, Türkiyə-Orta Asiya ölkələri ilə birgə təlimlər həyata keçirilir və bu, gələcəkdə daha artacaq. Və Naxçıvanda Azərbaycanın tərkib hissəsi olaraq Naxçıvanda Əlahiddə Ordu ilə də bu təlimlər həyata keçirilir.
Eyni zamanda Azərbaycanın bir çox ərazilərində, o cümlədən Naxçıvanda yeni komando hərbi hissələri yaradılıb ki, bu komando hərbi hissələri istənilən şəraitdə, istənilən relyefdə, qış, yay, dağlıq ərazidə istənilən əməliyyatları yerinə yetirməyə hazırdır və qardaş Türkiyə ilə birgə koordinasiya edilmiş formada aparılıb ki, sabah regionda və dünyada baş verən istənilən prosesdə Azərbaycan dövləti ilə Türkiyə dövlətinin ordusu vahid ordu halında hərəkət edə bilsin. Bu təlimlərin də əhəmiyyəti böyükdür. Həm Türkiyənin böyük təcrübəsi var, həm Azərbaycanın müharibədə əldə etdiyi zəfərlər, təcrübələr var. Hesab edirəm ki, ordumuzun təcrübəsi, bilik və bacarığı, maddi-texniki bazası, silahlanması imkan verir ki, öz müstəqilliyinin, ərazi bütövlüyünün və onunla müttəfiq olan dövlətlərin milli maraqlarını qorumaq baxımından böyük potensiala malikdir və davamlı olaraq bu proses canlı bir prosesdir. Hər il yeni silahlar ixtira olunur, hər il yeni gözləntilər, yeni tapşırıqlar var və ona görə də Azərbaycan Ordusunda bu proses davamlı xarakter alıb və hesab edirəm ki, müharibədən sonrakı vəziyyətlə müqayisə etsək, ordumuz daha da güclüdür, daha da qüvvətlidir və qarşıya qoyulan istənilən tapşırıqları yerinə yetirməyə qadirdir".
Zeynəb Mustafazadə