Xəzər dənizi hərbi meydançaya çevrilə bilər? – AÇIQLAMA – ÖZƏL
18:01 Siyasət"Xəzər dənizinin hüquqi statusu beş Xəzəryanı dövlət tərəfindən razılaşdırılıb. Artıq Xəzər dənizində baş verən hadisələr bu ölkələrin hər birinə bu və ya digər formada təsir göstərir. Bu baxımdan İranın irəli sürdüyü təşəbbüs ümumi maraqlara xidmət edən bir təklif kimi qiymətləndirilə bilər".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Ekspert bildirib ki, Ukrayna dronlarının Xəzər dənizində İran gəmilərinə hücum etdiyi və onları vurduğu bildirilir. Bu isə Xəzər dənizinin gələcəkdə hərbi qarşıdurma məkanına çevrilə biləcəyi ilə bağlı narahatlıqları artırır. Xəzər dənizinin münaqişə zonasına çevrilməsi həm iqtisadi, həm də siyasi baxımdan Xəzəryanı dövlətlərin maraqlarına uyğun deyil. Azərbaycan baxımından da bu məsələ xüsusi əhəmiyyət daşıyır. Xəzər dənizinin Azərbaycan sektorunda ölkənin strateji əhəmiyyətə malik neft və qaz yataqları yerləşir. Əgər Xəzər dənizi hərbi qarşıdurma məkanına çevrilərsə, bu, Azərbaycanın milli maraqlarına zərər vura bilər. Eyni zamanda, Orta Dəhliz layihəsi çərçivəsində Xəzər dənizi üzərindən həyata keçirilən yükdaşımalar da risk altına düşə bilər. Bu baxımdan İranın təklifi təkcə İranın deyil, bütövlükdə Xəzəryanı dövlətlərin maraqlarına cavab verir və Xəzər dənizinin münaqişədən uzaq saxlanılması istiqamətində mühüm addım kimi dəyərləndirilə bilər. Ümumilikdə, bəzi ekspertlər hesab edirlər ki, ABŞ-nin İranla bağlı uzunmüddətli strateji məqsədlərindən biri ölkədə öz maraqlarına uyğun siyasi sistemin formalaşdırılması ola bilərdi. Belə bir ssenaridə İranın gələcəkdə NATO ilə daha sıx əməkdaşlıq etməsi və bunun Xəzər regionunun təhlükəsizlik balansına təsir göstərməsi ehtimalı da müzakirə olunur. Bu isə regionda yeni geosiyasi gərginliklərin yaranmasına səbəb ola bilər ki, həmin vəziyyət də Xəzəryanı dövlətlərin maraqlarına uyğun deyil. İstər İran-ABŞ qarşıdurması, istərsə də İran gəmilərinə qarşı həyata keçirilən hücumlar göstərir ki, Xəzər dənizində hər hansı bir münaqişənin yaranması təkcə sahilyanı ölkələr üçün deyil, bütövlükdə region üçün yeni təhlükə mənbəyinə çevrilə bilər. Buna görə də İranın təşəbbüsü yalnız bir ölkənin deyil, ümumi regional təhlükəsizliyin təmin olunmasına xidmət edən yanaşma kimi qiymətləndirilə bilər.
Ekspert qeyd edib ki, Xəzər dənizi ilə bağlı problemlər yalnız təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. Xəzəryanı dövlətlər ekoloji problemlərin həlli istiqamətində də birgə fəaliyyət göstərməlidirlər. Xüsusilə son illərdə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi bütün sahilyanı ölkələrə təsir göstərir. Bundan başqa, çirkli suların dənizə axıdılması və digər ekoloji problemlər də ümumi narahatlıq doğuran məsələlər sırasındadır. Bu səbəbdən Xəzər dənizində baş verən bütün proseslər Xəzəryanı dövlətlər arasında mütəmadi şəkildə müzakirə olunmalı və problemlərin həlli üçün ortaq mexanizmlər hazırlanmalıdır. İstər təhlükəsizlik, istər ekoloji sabitlik, istərsə də iqtisadi əməkdaşlıq baxımından bu məsələlər daim gündəmdə saxlanılmalıdır.
Ekspertin fikrincə, ilk növbədə Xəzər dənizinin təhlükəsizliyinin təmin olunması əsas prioritet olmalıdır. Xəzər dənizi hərbi münaqişə məkanına çevrilməməli, bölgədə sabitlik və əməkdaşlıq qorunmalıdır. Bu, təkcə İranın deyil, bütün Xəzəryanı dövlətlərin maraqlarına uyğundur. Çünki Xəzərdə baş verən hər bir hadisə bu və ya digər formada region ölkələrinə təsir göstərir. Problemlərin aradan qaldırılması üçün dialoq, danışıqlar və fikir mübadiləsinin genişləndirilməsi, həmçinin ortaq mövqenin formalaşdırılması daha məqsədəuyğun olardı.
Səidə Ramazanova