Nəsimi rayonunda Xocalı sakinləri ilə görüş keçirilib

Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunda da geniş şəkildə qeyd olunur. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət, orta və ali təhsil müəssisələrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər  təşkil olunur. Rayon İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, Xocalı faciəsinin ildönümü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonun orta məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin  Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırım Muzeyinə ekskursiyaları, "Ana harayı" abidəsinə  ziyarəti təşkil edilir.

Faciənin ildönümü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyətində Xocalı şəhərindən köçkün düşərək Nəsimi rayonunda məskunlaşmış bir qrup Xocalı nümayəndələri ilə görüş keçirilib. Görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün  görülməsi vacib olan işlər barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki,  bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olmuşdur. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilmiş, faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə işlərə başlanmışdır. Asif Əsgərov bildirdi ki,  Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın  apardıqları məqsədyönlü siyasətin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda geniş qeyd olunur. Tədbirin sonunda  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı  Asif  Əsgərov Xocalı sakinlərini qəbul etmiş, onların qaldırdıqları məsələlərlə bağlı müvafiq izahatlar və aidiyyəti üzrə tapşırıqlar  verib.Sonra  Nəsimi rayonunda məskunlaşmış Xocalı köçkunlərinə rayon İcra Hakimiyyəti tərəfindən  yardımlar  göstərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31