Məhbubəyə qibtə edənlər...

2.4 milyon avroya bakirəliyini satışa çıxaran azərbaycanlı model xəbərinin bu qədər səs-küy yaradacağı yayıldığı ilk dəqiqədən bəlli idi. Bəli, bu sayaq söhbətlər çox müzakirə olunur, xüsusən də bizimki kimi qapalı ölkələrdə. Bakirəliyin qızlar üçün xoşbəxtlik açarı sayıldığı bizlərdə bir modelin onu auksiona çıxarması ikiqat sensasiyadır.

Bəndəniz illər öncə Azərbaycanda "bakirəlik institutunun" necə çalışdığını faktlarla sübut etmişdi. Ayrı-ayrı klinikalarda bakirəliyi pozulan qızların evlilik öncəsi onu necə bərpa etdiyini öyrənmişdik. Bir klinikada 1000 manata, o birində 500 manata. Yəni inam, etibar, təmizliyin yeganə nişanəsi bu sayılırsa, əmin olun ki, onu daha kiçik pullarla bərpa etmək, qazanmaq olur.

Amma bu xəbər və ətrafında gedən müzakirə mənə ən çox nəyi göstərdi, ondan danışım. Birincisi, istisnasız olaraq, bu xəbərlərin oxunma faizi digərlərindən iki-üç qat artıq olur. Məlum xəbəri özüm hazırlamışdım və gördüm ki, həmin gün keçirdiyim canlı yayını da (hansı ki, problemli kreditlər mövzusunda idi və bizim birbaşa canımızı yandıran məsələ idi), sosial xəbərləri də, digər müsahibələri də kölgədə qoyur. Sizə, bizə, yaşantımıza, cibimizə, həyatımızın bundan sonrakı mərhələsinə heç bir aidiyyatı olmayan, hansısa qızcığazın intim xəbəri çox rahatlıqla digərlərinin "çiyninin üstündən" basaraq birinci sıraya çıxa bilir. İkinci məqam - xəbəri oxuyub da qızı söyən xüsusən güclü cinsin nümayəndələrində sezdiyim qısqanclıq. Bir daha əmin oldum, bu məmləkətdə həmin o model Məhbubənin yerində olmaq istəyən nə qədər gənc var. Qızlı-oğlanlı. Özüm dəfələrlə müzakirələrdə, sosial şəbəkədəki statuslarda belə yanğılı yanaşmanı görmüşəm ki, bəs qadınlara sponsorlar tərəfindən ayrılan pullar niyə kişilərə ayrılmır? Niyə qadınlar bu məsələdə üstündülər, niyə onların göstərdiyi intim xidmət bu qədər bahalıdır və sair və ilaxır. Bəli, əgər bir ölkədə manıs sponsorunun ona aldığı maşınla, onun nömrəsi ilə,  bahalı geyimləri ilə öyünürsə, bunu üstünlük kimi qələmə verirsə, dəyərlər sisteminin başına da çoxdan daş düşmüş olur. Bəli, dünyada və yaxın qonşularımızdakı bütün məşhur müğənnilər özlərinə bizim bir illik məvacibimiz dəyərində çanta alır, ən son model maşınlarda gəzir, evləri sarayı xatırladır... Amma onlar bizdəkilər kimi bunu adını gizli saxladıqları Rusiyadan olan iş adamının, baş hərfini açıqlayıb, "kimliyini bilsələr, əlimdən alarlar" əsası ilə tam ismini söyləmədikləri sevgililərinin, ərlərinin hesabına etmirlər. Necə deyərlər, aslanlar kimi qazanc əldə edir, vergilərini ödəyir, reklama, seriala, filmə çəkilir, kliplərinin, mahnılarının yayım haqlarından faizlərini alıb, padşah kimi dolanırlar. Bizdə dəyərlər sistemi də, şou biznes, qazanc sistemi də baş-ayaqdır ilk gündən. Ona görə də örnək olunası olaylar azdır.

Örnək demiş, daim spontan və qıcıqlı açıqlamaları ilə özünü hakimiyyətin qabağına sipər edən deputat Hadı Rəcəbli yenə könüllərimizi feyziyab etməklə məşğuldur. Məsələn, müəllim bu dəfə deyib ki, ayda 180 manatla dolanmaq olar, əgər ailədə iki nəfər işləyirsə. Hesablayırsan, vurub bölürsən, sonra çıxırsan, əldə qalan qalıq dişlərini ağardır üzünə. Üstəlik, müəllim sürəti azaltmadan əlavə edir ki, bəs mənim uşaqlarım, nəvələrim bir-birinin paltarını geyinirlər. Belə baxanda əksər ailələrdə sistem bu cürdür. Balaca uşaq böyüyün paltarlarını geyinir. Amma təkcə paltarla uşaqmı böyüyür? Olmaya istifadə edilmiş pampersləri, dərmanları, bir dəfə yeyilmiş yeməkləri, isindikləri qazı, çimdikləri suyu... da ikinci dəfə istifadənin formulasını tapıb Hadı bəy? Üstəlik, məntiq ikitərəfli fontan vurur. Məlum, deputatlar 2000 manata yaxın məvacib alır. Bu məvacib alanın ailəsində uşaqlar bir-birinin paltarını geyinib böyüyürsə, 180 manat məvacib alanın uşaqları  hansı paltarı geyinməlidir?

Bu ölkədə dəyərlər baş-ayaqdır, bayaq da yazdım. Hələ də kim kimin yerində olmaq istədiyini çözə bilməyib. Halbuki hər kəs öz yerində olsa... Nə məhbubələrə həsəd apararlar, nə də hadılar bu qədər qıcıq mənbəyi olar.

Sevinc  Telmanqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31